Şirvandakı «Qarasu» Əməliyyat Şirkəti qapalı qurum kimi fəaliyyət göstərir
Vətəndaş nəzarətinə imkan verilmir, göndərilən sorğularsa cavablandırılmır
Qırxçıraq, Zubovka, Əlibayramlı, nəhayət, Şirvan – Kür çayının sol sahilində, Şirvan düzündə yerləşən bu əraziyə Bakıdan məsafə 113 km -dir. 37,7 min əhalisi olan şəhərdə 16 orta məktəb, 6 uşaq bağçası, 2 orta ixtisas məktəbi, 6 xəstəxana var. Elektrik enerjisi istehsalına görə Şirvan respublikada ikinci yeri tutur. Bundan başqa, Şirvanda 1955-ci ildə ilk neft quyusu istismara verilib və elə bununla da Şirvan Neft və Qazçıxarma (NQÇI) idarəsinin əsası qoyulub.
Bununla yerli əhalinin problemlərinin əsasının qoyulduğunu da demək olar. Kəşf olunandan bəri neft bu yerin əhalisi üçün özüylə həm də bəlalar gətirib. Kənd təsərrüfatı üçün əlverişli mühit və şərait olsa da, Şirvan (yerli əhali hələ də bu ada öyrəşməyib, onlar üçün bura elə Əlibayramlıdır) neftin sayəsində əsasən sənaye mərkəzi kimi məşhurlaşıb.
“Şirvanneft” Neft və Qazçıxarma idarəsi 1997-ci ilə qədər AZNEFT-in istehsalat bölümü kimi fəaliyyət göstərib. 1996-cı ildə “Mişovdağ”, “Kəlaməddin” yataqlarını ayırmaqla yeni bir qurum – Qarasu Əməliyyat Şirkəti yaradılıb. Həm də ofşor zonada – uzaq Vircin adalarında. Yeri gəlmişkən, 2002-ci ildə Bakıda yaradılmış “Expert SM” hüquq şirkəti ofşor zonalarda – həm də Vircin adalarında qeydiyyat məsələlərini yerinə yetirir. Bununla bağlı ətraflı məlumatları http://expertsm.com/saytında tapa bilərsiniz.
Ədalətsiz pay bölgüsü
Öncə bu yataqlarla bağlı iqtisadçı-ekspert Ilham Şabanın verdiyi məlumatlarla tanış olaq: “12 sentyabr 2000-ci il tarixində ”Mişovdağ” və “Kəlaməddin” yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü (HPB) haqqında” Saziş imzalanmışdır. Saziş sahəsi 446 km2-dir.
Saziş ARDNŞ-lə ABŞ-ın “Moncrief Oil International” və Türkiyənin “Petoil” şirkəti arasında bağlanıb. Pay bölgüsü aşağıdakı kimi olub: ARDNŞ 15%, “Moncrief Oil” – 49,7% (operator) və “Petoil” – 35,3%.ÿ
Hazırda burada payın 15%-i SOCAR-a, 85%-i isə “Global Energy”yə (keçmiş “Rosneft”) məxsusdur. Yeri gəlmişkən, “Rossneft” 2008-ci ilin mayında, Azərbaycanda prezident seçkisi ilində bu şirkətə sahib olub…
Mişovdağ” yatağı Bakıdan 80 km cənub-qərb istiqamətdə yerləşir. 1956-ci ildən işlənməyə başlanılıb. Yataqda 754 quyu qazılıb. 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 19,6 milyon ton olub.
“Kəlaməddin” yatağı Hacıqabul stansiyasının şimal-qərbində, Kəlaməddin silsiləsinin mərkəzi hissəsində yerləşir. Yataq 1978-ci ildə kəşf edilib, 1980-ci ildə işlənməyə verilib. “Kəlaməddin” yatağında ümumilikdə 151 quyu qazılıb. 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 1,384 milyon ton olub”.
Nəzarətsiz “Qarasu”…
“Qarasu” əməliyyat şirkəti qapalı bir qurumdur. Bura vətəndaş nəzarəti yoxdur. Bu şirkətin Şirvana hansısa faydasından danışmaq mümkün deyil – bunu Vətəndaş Nəzarəti Şəbəkəsinin Şirvan üzrə əlaqələndiricisi Kazım Kazımlı deyir. Onun sözlərinə görə, əldən-ələ keçib indi də “Rosneft”in (indi “Global Energy” – R.H.) işlətdiyi şirkət əsl istismarla məşğuldur. Bu, təkcə quyuların yox, işçilərin də, təbiətin də istismarıdır. Şirkətin ekologiya siyasəti yoxdur. Ətraf mühit sanki bunları maraqlandırmır. Çirklənmiş ərazilərin təmizlənməsi qayğısına qalan yoxdur. Bu yerin sahibi – yerli əhali ekologiyaya vurulan ziyandan ciddi əziyyət çəkir. Bununla yanaşı, onların hüquqları da addımbaşı pozulur. Yerli işçilərlə gəlmələrə fərq qoyulur. Əmək haqqında ölçüyəgəlməz fərq var. Eyni zamanda yerli işçiləri istənilən vaxt iş yerini itirmək təhlükəsi gözləyir. Ən başlıcası, bu şirkətdə Həmkarlar Ittifaqı yoxdur. Şirkət rəhbərliyi həmkarların yaranmasında, fəaliyyətində maraqlı deyil”.
Şirvanda olarkən, təəssüf ki, “Qarasu”ya baş çəkə bilmədik. Bütün mənalarda qapalı olan qurumun ərazisinə belə yaxınlaşmaq mümkün deyil.
Şirkətdə maliyyə maxinasiyaları
“Aran” Insan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əlibəy Zeynallı da bu şirkətin çox qapalı fəaliyyət göstərdiyini, onlardan sorğu ilə nə isə əldə etməyin mümkün olmadığını, şəffaflıq təşəbbüsünə qoşulmadığını deyir: “Bu şirkət haqda heç kimdən müsbət söz eşitmək mümkün deyil. Burada nəzarətsizlik və özbaşınalıqdır. Şirkətə məxsus saz maşın və mexanizmlər qəsdən sıradan çıxarılır ki, podratçı şirkətlərlə icarə müqavilələri bağlansın. Bu zaman maliyyə maxinasiyalarına yol verilir. Podratçı təşkilatlarla (məsələn, ”Ilkin-M”, “Neftçi” və “Temp”) müqavilələr tendersiz imzalanır. Şirkətdə həmkarlar təşkilatı mövcud deyil və neftçilər həmkarlar təşkilatının yaradılmasına cəhd etsələr də buna nail ola bilmirlər. Neftçi fəhlələrin əmək haqları gördükləri işə adekvat deyil. Şirkətdə 1250 nəfər işçi çalışır (Vətəndaş Nəzarəti Şəbəkəsi isə işçilərin sayının 1175 olduğunu deyir – R.H.). Onların əmək haqqı 240-600 manat civarındadır. Rusiyalı rəhbərlər və işçilər isə fantastik məbləğdə əmək haqqı alırlar və üstəlik, maliyyə fırıldaqlarından böyük pullar əldə edirlər. Fəhlələr gün ərzində 12 saat işləsələr də, onlara 11 saata görə əmək haqqı ödənilir. Əlavə saatlara (“Pererabotka”) görə əmək haqqı ödənilmir, süni şəkildə saatlar azaldılır və ona görə də ödəmələr aparılmır. Əmək haqlarından müxtəlif tutulmalar (ayda 20 manat) həyata keçirilir. Tibbi sığortadan başqa sığorta paketləri yoxdur. Ümumiyyətlə, şirkətdə əmək məcəlləsi pozulur. Ədalətsiz vəzifə bölgüləri aparılır”.
Z.Zeynallının sözlərinə görə, neft quyuları vəhşicəsinə istismar olunur, ekologiyaya ciddi ziyan vurulur: “130-140 neft quyusu olan şirkətdə düzgün istismarın olmaması səbəbindən hasilat aşağı düşüb. Quyuların strukturu pozulduğundan onların yenidən bərpa olunmasına 5-6 il vaxt lazımdır. Hər gələn şirkət intensiv şəkildə nefti çıxarıb çox mənfəət götürməkdən ötrü quyuları məhv edir və aradan çıxır. Bu da hasilatın kəskin aşağı düşməsiylə nəticələnir. Həmçinin quyuların sululuq əmsalı artaraq 98% təşkil edir. Əvvəllər gündəlik hasilat 1200-1300 ton olduğu halda, indi gündəlik 450 tona düşüb. Səmt qazlarının yandırılmaması və havaya buraxılması da ekoloji problemlər yaradır. Köhnə borulardan (maya dəyəri aşağı salmaq üçün) istifadə tez-tez ətraf torpaqların çirklənməsinə səbəb olur. Injeksiya quyularına köhnə neft boruları yeridilir ki, bu da həmin borularda təzyiqdən yaranmış çoxsaylı dəliklər vasitəsi ilə vurulan kimyəvi qatışıqlı suların qrunt sularına qarışmasına, torpaqların çirklənməsinə və erroziyanın yaranmasına səbəb olur (Injeksiya quyusu – neft yatağında lay təzyiqini lazımi səviyyədə saxlamaq, neft yataqlarından təkrar istifadə zamanı neft hasilatını intensivləşdirmək məqsədilə konturarxası zonaya su və ya qaz vurmaq üçündür. Injeksiya quyusuna vurucu quyu da deyilir).
ardı var
Rövşən Hacıbəyli