Kənd təsərrüfatı naziri «fövqəlnazir»i ölkəyə geni dəyişdirilmiş məhsullar gətirməkdə ittiham edir
Kənd təsərrüfatı naziri Ismət Abbasovun geni dəyişdirilmiş məhsulların Azərbaycana gətirilməsi ilə bağlı açıqlaması fövqəladə hallar naziri Kəmaləddin Heydərova yönəlib. Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirib ki, Ismət Abbasov bu açıqlamaları ilə “fövqəlnazir”ə sarsıdıcı zərbə vurmağa çalışır. Oxucuların diqqətinə çatdıraq ki, Ismət Abbasov geni dəyişdirilmiş məhsulların Azərbaycana gətirilməsinin qadağan olduğunu bildirib. O, əlavə edib ki, belə məhsulları ölkəyə gətirib bazarlara çıxaranlar səhvə yol verirlər.
Ismət Abbasov ad çəkməsə də, qaynağımız iddia edir ki, o bu məsələdə məhz Kəmaləddin Heydərovu nəzərdə tutub: “Idxal məhsullarının əhəmiyyətli hissəsi ”fövqəlnazir”in nəzarətindədir. Həmçinin Dövlət Gömrük Komitəsinə nəzarəti də qeyri-rəsmi olaraq Kəmaləddin Heydərov həyata keçirir. Iddia edilə bilər ki, oliqarxlardan bəziləri də meyvə-tərəvəz idxalı ilə məşğul olur. Lakin məsələ burasındadır ki, Ismət Abbasovla Kəmaləddin Heydərovun arasında zaman-zaman qarşıdurmalar olub və bu baxımdan kənd təsərrüfatı nazirinin bu məsələ ilə “fövqəlnazir”i hədəf seçməsi şübhəsizdir”.
Ismət Abbasovla Kəmaləddin Heydərovun arasında uzun müddətdir ki, ziddiyyətlər baş qaldırıb. Ziddiyyətlərin kökündə “fövqəlnazir”in Kənd Təsərrüfatı Nazirliyinə nəzarətə götürmək istəyi dayanır. Elə bu səbəbdən Kəmaləddin Heydərovun komandasına daxil olan deputatlar, onun nəzarətində olan KIV-lər vaxtaşırı Ismət Abbasovun əleyhinə müxtəlif ittihamlar səsləndirib. Iki nazir arasında qarşıdurmanın pik həddi taxıl məsələsində olub. Iş o yerə çatıb ki, Ismət Abbasov Kəmaləddin Heydərovu ölkəyə taxıl əvəzinə heyvan yemi gətirməkdə ittiham edib. Doğrudur, o, “fövqəlnazir”in adını çəkməyib. Lakin heç kimə sirr deyil ki, taxıl idxalı Kəmaləddin Heydərovun nəzarətindədir.
Informasiya şöbəsi