Fuad Qəhrəmanlı
Kürdəxanı tədricxanası
Hər dəfə məhkəməyə çıxanda vəkillərimizə ünvanladığımız ilk sual “təzə nə xəbər var?” sorusu olur. Onlar da çiyinlərini qısıb, üzlərini turşudaraq “heç nə” cavabını verirlər. “Azadlıq” qəzetinin çapının dayanması həbsdəki siyasi məhbusları sözün əsl mənasında informasiya aclığına düçar edib. Qəzet vasitəsi ilə əldə olunan gündəlik məlumatları bir kənara qoysaq, çöldəkilər kimi həbsdəkilər də bilirlər ki, ölkə siyasətində durğunluq hökm sürür. Ancaq hər məhkəmə öncəsi vəkillərin “heç nə” cavabını eşitmək, heç də demokratik prosesin gələcəyi ilə bağlı pessimist ovqat yaratmır. Bunun niyə belə olması barədə fikirlərimi bölüşməzdən öncə bir məsələni ayrıca qeyd etmək istərdim.
Sosial-psixoloji baxımdan ictimai rəyin əhval-ruhiyyəyə köklənməsi, ovqata uyğun dəyişməsi nə qədər təbii haldırsa, siyasi mübarizəyə qoşulmuş fəalların da öz mübarizələrinə əhval-ruhiyyə dəyişikliyi ilə yanaşması bir o qədər də yolverilməzdir. Çünki, demokratik mübarizəyə qatılan insanlar üçün doğru saydıqları, inandıqları dəyərləri təbliğ etmək, yaşatmaq özlüyündə bir məqsəddir. Bu məqsədin gerçəkləməsinin yolu mübarizədən keçdiyi üçün, hakimiyyətin müqaviməti, toplunun süstlüyü kimi səbəblər nəinki əl-qolu soyutmamalıdır, əksinə, mübarizəni daha da gücləndirmək, daha çox və inadla çalışmaq zərurəti yaratmalıdır. Mübarizə insanının görəvi təkcə iqtidarın sərt represiyaları qarşısında fərd olaraq durmaq deyil, həm də canlı təbliğatdan, sosial şəbəkələrdən istifadə edib cəmiyyəti demokraik proseslərə qoşmaqdır. Bu iş nə qədər səbr, uzun zaman tələb etsə də, başlanan yolu yarımçıq qoymaq, haqlı, doğru bildiyindən vaz keçmək üçün əsas vermir. Qısası, mübarizə insanı mühitin, ətrafın təsirinə məruz qalmaq yerinə, özü ətrafındakılara təsir göstərən olmalıdır. Məhz bu xüsusiyyətinə görə də demokratik mübarizə iştirakçıları mənəvi-psixoloji baxımdan kütlədən, adi insan tipindən fərqlənən, seçilən güclü şəxslər olurlar.
Bu qısa girişdən sonra ölkədəki siyasi durğunluqla bağlı fikirlərimi siz dəyərli oxucularla paylaşmaq istərdim və bu fikirlər həbsxanadan, siyasi girovluqdan yaxın siyasi perspektivə baxış kimi də qiymətləndirilə bilər.
İqtisadi sabitlik pozulursa, siyasi sabitliyin pozulması labüddür
Əslində bu gün yaşadığımız siyasi durğunluq ötən illərdəkilərdən ciddi şəkildə fərqlənir. Neft qiymətlərinin düşməsi ilə meydana çıxan iqtisadi böhran nəticəsində siyasi proseslərə heç vaxt maraq göstərməyən, bir az aşağı, bir az yuxarı səviyyədə öz güzəranını, maddi təminatını qurmuş insanlara aydın oldu ki, onların gələcəyi nəinki daha yaxşı olmayacaq, hətta bu gedişlə indiki imkanlardan belə məhrum ola bilərlər. Hər kəsə eyni zamanda aydın oldu ki, əslində, iqtisadi inkişaf görüntüsü xarici bazarlarda yüksək qiymətə satılan neftdən gələn böyük gəlirlərin hesabınaymış.
Hakimiyyətdəkilər iqtisadi baxımdan səmərəsiz layihələr vasitəsi ilə neft milyardlarını ovuc-ovuc mənimsədikləri zaman, onların barmaqlarının arasından tökülənlərdən pay əldə edib günlərini yola verənlər birdən-birə anladılar ki, bu ötən illər ərzində ölkədə nəinki sənaye istehsalı qurulmayıb, heç düz əməlli kənd təsərrüfatı belə yaradılmayıb. Gözlərini bundan sonra nəyə dikəcəklərini, ümidlərini nəyə bağlayacaqlarını bilməyən bu adamların çaşqınlığı təkcə cəmiyyətdə hiss olunmur. Hakimiyyətin orta və aşağı eşalonunda olub, şişirdilmiş xərclər hesabına yaxşı gəlir əldə etməyə öyrəşmiş məmur korpusu da indi daxilən çox pərtdir. Daha heç bir təbliğat hesabına real vəziyyəti gizlətmək mümkün deyil, çünki iqtisadyyatın dollar təlabatını nəticəsiz prezident sərəncamları, mənasız müşavirəbazlıqlarla ödəmək mümkün deyil. Heç bir müxalifət təbliğatı olmadan da insanlar görürlər ki, hakimiyyət cəmiyyətin sosial-iqtisadi ehtiyaclarını ödəmək iqtidarında deyil.
Bu durumu hakim komanda da ciddi narahatlıqla müşahidə edir və əminəm ki, iqtidarda azacıq rasional düşünməyi bacaran şəxslər belə, üzdə özlərini nə qədər arxayın göstərməyə çalışsalar da, iqtisadi sabitliyin pozulduğu şəraitdə siyasi sabitliyin uzun sürə bilməyəcəyini anlayırlar. O zaman təbii olaraq sual yaranır: bəs belə isə niyə özlərini qurtarmaq üçün real addımlar atmırlar? Əgər bu mümkün olsaydı yəqin ki, İlham Əliyev iqtidarı ən azı öz perspektivi xatirinə bunu edərdi. Ancaq məsələ burasındadır ki, mövcud şərtlər çərçivəsində hakim komandanın bunu etmək imkanları yoxdur. İqtisadiyyatın qurmaq və bu yolla da cəmiyyətdə sosial narazılığın dərinləşməsinin durdurmaq üçün ilk növbədə böyük həcmli investitsiyalar lazımdır. Neftin gəlirləri azaldığı üçün indi hakimiyyətin dövlət hesabına bu ehtiyacı təmin etmək imkanları yoxdur.
Ötən müddət ərzində 10 milyardlarla vəsait korrupsiya yolu ilə hakim elita tərəfindən mənimsənildiyindən, əldə olan imkanlar hesabına nəinki böyük yatrımlar qoymaq mümkün deyil, hətta manatın dollar qarşısında zəifləyən kursunu belə qorumaq çox çətinləşib. O halda ehtimal oluna bilər ki, oliqarx-monopolistlərin indiyə qədər mənimsədikləri böyük vəsaitləri investitsiya ehtiyatı kimi iqtisadiyyatın uyğun sahələrinə cəlb etmək mümkündür. Ancaq hazırki şərtlər daxilində bu da real variant deyil. Çünki, bu gün iqtidarda olan oliqarxların ən çox qorxduqları şey əllərindəkinin tutulub alınmasıdır. Onlar uzun illər ərzində korrupsiya yolu ilə mənimsəyib yığdıqları vəsaitin təqribi miqdarını belə bir-birlərindən gizlədirlər. Çünki dəqiq bilirlər ki, neft gəlirlərinin azalması onları cazibədar hədəfə çevirməkdədir və Eldar Mahmudovun aqibət onlar üçün qorxulu kabusa çevrilib. Ona görə də kimin hakim ailənin qəzəbindən qurtulacağının, qurban verilmək növbəsinin kimdə olacağınının bilinmədiyi şəraitdə heç bir ağlı başında olan oliqarx ölkə içində nəhəng investitsiya layihələrinə donorluq etməz. Ola bilsin ki, çox sıxma boğmalar hesabına kimsə hardasa nəsə etdiyini göstərmək üçün yığdıqlarının “sədəqəsi” kimi baxdığı bir müəssisə, fermer təsərüfatı açsın, ancaq bunlar dəryada damlaya bənzəyir. O halda yol qalır xarici investitsiyaların cəlb olunmasına. Ancaq məsələ burasındadır ki, xarici investitsiyalar heç bir hüquqi təminatı olmayan, mülkiyyət haqlarının qorunmadığı, məmur iradəsinin və marağının hər şeydən üstün olduğu ölkəyə gəlib özlərini riskə atmağa həvəs göstərmirlər. Digər tərəfdən isə neft böhranı nəticəsində daxili bazarın alıcılıq qabiliyyəti xeyli düşdüyündən, ölkəmiz səmərəli bazar kimi maraqlı deyil. Bu hakimiyyətin indiyədək Azərbaycanı beynəlxalq səviyyədə korrupsioner, insan haqlarını tapdayan ölkə kimi məhşurlaşdırmasının hesabını xarici investitsiyaların ölkəmizə maraq göstərməməsi ilə ödəməyə başladığımızı da qeyd etmək yerinə düşər.
Bütün bu faktorlarla yanaşı, korrupsiyanın hakimiyyətin qan damarına çevrilməsi siyasəti də öz fəsadlı nəticələrini göstərməkdədir. Xarici ekspertlərə hazırladılmış nəzəri baxımdan istənilən uğurlu layihə məmur marağına xidmət eliyən korrupsiyalaşmış dövlət orqanı tərəfindən icra olunduqda onun səmərəliliyi də aşağı düşür. İctimai nəzarətin və şəffalığın olmadığı, müstəqil məkəmələrin və hüquqi təminatların yoxluğu şəraitində, saxa seçkilər yolu ilə formalaşdığı üçün cəmiyyət qarşısında hesabatlılıq duymayan bir hakimiyyət nəinki səmərəli islahatlar həyata keçirmək iqtidarında deyil, hətta özü böhrandan çıxış yolunda ən böyük əngələ çevrilir. Ona görə də hüququn aliliyini təmin edəcək islahatlar keçirmədən, hazırki idarəçilik münasibətlərini dəyişmədən mövcud iqtisadi böhrandan çıxmaq imkanları da görünmür. Sadə və bilinən bir örnək gətirək: Korrupsiya iqtidar üçün təkcə gəlir mexanizmi deyil, həm də hakimiyyəti qoruma vasitəsidir. Heç bir ideoloji, mənəvi bağlılığı olmayan, qanqster psixologiyalı çox sayda məmurların mövcud rejimə sədaqətlərini təmin etmək, onları xalqla hakimiyyət arasında qoruyucu qalxan kimi istifadə etməkdən ötrü onların dövlət vəzifəsini korrupsiya vasitəsi ilə gəlir, qazanc mənbəyinə çevirməsinə və bu yolla da öz maraqları xatirinə iqtidara hər cür xidmət etmələrinə şərait yaradılır. Bu üzdən də korrupsiyanın qarşısını almaq bu rejim üçün oturduğu budağı kəsmək olardı. Məntiqlə yanaşdıqda yuxarıda haqqında danışdığımız şərtlər qaldıqca, hakimiyyətin cəmiyyəti saldığı bataqlıqdan çıxarması da mümkün deyil.
Zorakılıq çıxış yoludurmu?
Belə şəraitdə siyasi situasiyanı və ya sabitliyi təmin etmə imkanı itirilir və iqtidarın əlində qalan yeganə alət zorakılıq və represiyalar olur. İndi hər şey işsizliyin, qiymətlərin artması, gəlirlərin azalması indikatoru ilə narazılıq dinamikası tədricən artan cəmiyyətin reaksiyasından, etirazlardan asılıdır. Təcrübə də göstərir ki, zorakılıq, represiyalar bu dinamikanın doğurduğu reaksiyaları ləngidə bilir, ancaq uzun müddətə qarşısını ala bilmir. Düzdür, cəmiyyətimizin üzləşdiyi çətinliklərə münasibətdə dözümlü olması ilə bağlı çox tez-tez giley-güzarlar eşidirik. Ancaq bu dəfə vəziyyət ona görə fərqlidir ki, insanların neft gəlirlərinin leqal və qeyri-leqal dövriyyəsindən az çox faydalana bildiyi dövr arxada qalıb. İlham Əliyevin bir müddət öncə “nefti unudun” deməsi də onu göstərir ki, hakimiyyətin vəd vermək limiti də artıq tükənib. Unutmaq lazım deyil ki, hakimiyyətin tənzimləyə bilmədiyi iqtisadi böhran dinamik xarakter daşıyır və islahatlar olmayacağı təqdirdə getdikcə dərinləşərək daha çox insanın narazı qalmasına səbəb olacaq. Bu isə o deməkdir ki, inzibati resurslar bugünkü sosial narazılıqları nəzarətdə saxlamağa yetirsə də, yaxın gələcəkdə bu narazılıqların miqyası indikindən qat-qat artıq olanda hakimiyyətin nəzarət imkanları da indikindən məhdud olacaq. Nəzərə almaq lazımdır ki, cəmiyyətdəki sosial narazılıq əvvəllər orta səviyyədə yaşayan və ölkədə status kvonun saxlanması tərəfdarı olan on minlərlə insanın hesabına genişlənməkdədir.
Bu məqama da fikir vermək gərəkdir ki, narazılıq təkcə cəmiyyəti əhatə etmir, bu proses dövlət strukturlarının aşağı eşalonuna da sirayət edir. Xüsusilə də hakimiyyətin xalqın etirazlarından qorunmasında xüsusi rolu olan hüquq mühafizə orqanlarının sıravi və aşağı heyəti sadə xalq kimi öz həyatlarından narazı qaldıqca, rejimin müdafiə qalxanı da zəifləyəcək.
Bütün bunlar onu göstərir ki, ölkədə siyasi durğunluq əslində nisbi xarakter daşıyır və ənənəvi siyasi müxalifətçilik partiya çərçivələrini aşaraq, sosial zəmində genişlənmək mərhələsinə daxil olur. Sosial müxalifətçilik deyəndə sosial-iqtisadi vəziyyətdən narazı qalan insanların öz çətin həyat şərtlərinə görə hakimiyyətin siyasətinə etiraz edərək, müxalif mövqedən çıxış etməsi nəzərdə tutulur. Bu zaman cəmiyyət üzləşdiyi sosial çətinliklərin səbəbkarı və günahkarı qismində iqtidarı gördüyü, başqa alternativləri olmadığı üçün hakimiyyət dəyişikliyi uğrunda fəal mübarizəyə qoşulur.
Heç bir siyasi məsuliyyəti olmayan sadə vətəndaşlardan formlaşan sosial müxalifətin qarşısını isə siyasi müxalifətə qarşı həyata keçirilən zorakılıq və represiyalarla almaq mümkün olmayacaq. Bu prosesdə siyasi müxalifətin üzərinə düşən əsas missiya sosial narazılıqları təşkilatlandırıb, doğru istiqamətə yönəltməkdir. Əslində bu, hakimiyyətin də maraqlarına uyğundur. Çünki siyasi partiyaların idarə etmədiyi etirazlar sosial partlayışlara aparıb çıxarır ki, bu da ilk növbədə iqtidarın özünün təhlükəsizliyini təhdid edir.
Səsləndirdiyimiz mülahizələrə görə hesab etmək olar ki, bu gün mövcud olan siyasi durğunluq əslində, sosial müxalifətçiliyə keçidin ilkin, formalaşma mərhələsidir. Politoloji baxımdan üstün siyasi şüur və mədəniyyətə malik olan toplumlar bir qayda olaraq siyasi tələblər əsasında demokratik dəyişiklikləri gerçəkləşdirə bilirlər. Bu göstəricilərə sahib olmayan xalqalr isə yalnız kəskinləşən sosial problemlərə görə fəallaşaraq status kvonun dəyişilməsinə, uğursuz hakimiyyətlərdən yaxa qurtarmağa çalışırlar. Görünür bizim də qismətimizə düşən bu sonuncu variant olacaq.