Ramiz Novruzov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun tapşırığı ilə 100 manat cərimələnib. Bu barədə o, Azadlıq qəzetinə məlumat verib.
AXCP üzvü Ramiz Novruzov bildirir ki, noyabrın 11-i vətəndaşların qəbulu günündə iş əldə etmək ümidi ilə Gədəbəy rayon icra başçısının qəbulunda olub. Əvvəllər də icra başçısının qəbulunda olan Ramiz Novruzovun iş istəyi bir neçə dəfə geri çevirilib. Bu dəfə o, dövlət xəstəxanasında dispetçer işləyən bir vətəndaşın işdən çıxmaq istəyini ifadə edən ərizəsini icra başçısı Ramiz Yediyarova təqdim edib ki, bu boşalan iş yerinə onu yerləşdirsin. Ancaq onun sözlərinə görə, icra başçısı bundan bərk hiddətlənərək, Gədəbəy rayon polis rəisinin müavininə tapşırıq verib ki, AXCP üzvünə 10 sutka inzibati həbs cəzası verilsin.
Polislər Ramiz Novruzovu polis bölməsinə aparıb. Burada ona İnzibati Xətalar Məcəlləsinin 510-cu “Xırda xuliqanlıq” maddəsi ilə protokol yazılıb. Yarım saata yaxın polis bölməsində saxlanıldıqdan sonra o, Gədəbəy Rayon Məhkəməsinə gətirilib. Məhkəmə Ramiz Novruzovu “ictimai qaydanı pozmaqda” günahkar bilib. Ancaq məhkəmə onun 2-ci qrup əlilliyini nəzərə alaraq, 100 manat cərimə ilə kifayətlənməli olub.
Ramiz Novruzov AXCP Gədəbəy rayon şöbəsinin sədridir. Dediyinə görə, artıq 20 ilə yaxındır işsizdir. Son zamanlar maliyyə vəziyyəti kəskin pisləşən AXCP üzvü borcunu verə bilmədiyinə görə işıq və qazdan məhrum olunub.
İlkin