Bir ay əvvəl “Amaci və Əliyevin oxşar dünyaları” adlı köşə yazısı yazmışdım. Hindistanın uzaq Virpurunda cərəyan edən haqsızlıqların “doğma”lığının bu serialın Azərbaycanda inanılmaz uğur qazanmasına səbəb olduğunu vurğulamışdım. Bu serialın davam edəcəyi və dayandırılacağından asılı olmayaraq, artıq inqilabi effekt verdiyini xüsusi qeyd etmişdim.
Sanki “mənim acığıma” yazıdan sonra “Space” kanalı ana xəbər bülletenlərində Amacinin (!) artıq “hər evə daxil olduğunu”, bu “sabun” serialına olan inanılmaz marağı “sübut edən” süjetlərin ard-arasını kəsmədi. Vurğulanırdı ki, sadə vətəndaşlar bu zülmü pisləyirlər və Virpurda yaşamadıqlarına görə özlərini xoşbəxt sayırlar.
Serial isə davam edirdi, oradakı zülm, seçki saxtakarlığı, sərbəst toplaşma azadlığına olan müdaxilələr, fərqli düşünən insanların inanılmaz işgəncələrə məruz qalması, sadə Azərbaycan vətəndaşlarını düşünməyə məcbur edirdi – bəs biz hansı rejimdə yaşayırıq, məgər uzaq Virpurda baş verənlər burda baş verənlərlə eyni deyil?
Amaci ləqəbi ilk olaraq Sumqayıtın icra başçısı, buna qədər xalq arasında “tort Eldar” kimi tanınan Eldar Əzizova verildi. Sonra Qubada Rauf Həbibovun simasında, yerli “Amaci” güclə insanların əlindən qaçıb qurtara bildi. Onun daşınmaz əmlakını isə xilas etmək mümkün olmadı, villaları yandırıldı, orada yerləşən daşınan əmlakını isə başqaları daşıdı. Onun əleyhinə təşkil olunmuş mitinqlərdə səslənən şüarların əksəriyyəti, serialdan götürülmə idi. Işin ən ilginc tərəfi odur ki, Quba üsyanı zamanı Virpurda da, Amaci çətin günlərini yaşayırdı, seçki ərəfəsində tənqid və təyziqlərə məruz qalırdı.
Iqtidarın səbr kasasını daşıran isə, məhz serialdakı seçki kampaniyası oldu.
Məhz bundan sonra Amacinin zülmündən bəhs edən “Bu zalım dünyada doğulma” və onun “zibilinə düşən” bütün xarici seriallar efirdən yığışdırıldı. Bəli məhz oxşar seçki texnologiyasından sonra…
…Yadınızdadırsa, ötən seçkilər zamanı Cəbrayıl rayonu polis şöbəsinin həyətində bağbanlıq edən kişinin həyat yoldaşı təsadüfən, bilməyərəkdən YAP-a alternativ namizədin təşkil etdiyi görüşə getmişdi. Bağbana bunu bağışlamadılar, dedilər, “lapatkanı götür get, sən nə cürətlə bizim ayağımızın altını qazırsan?”.
Virpurda da Amacinin seçkilərdəki bir nömrəli rəqibinin görüşünə gedən seçicinin ailəsi də eyni aqibəti yaşadı…
Lakin seçki prosesi Virpurda daha demokratik idi, burada bütün zorakılıqlar əhalinin seçki məntəqəsinə girdiyi an bitirdi, yəni Amacinin Məzahir Pənahovu yox idi, səsverməyə müdaxilə edə bilmirdi, buna görə də o, rəqibinə səs verəcəyini güman etdiyi insanları zəhərləyib, onların iştirakını bu cür əngəlləməyə çalışırdı. Seriala baxdıqca, bizdə Məzahir Pənahovun olmasına şükür edənlər də tapıldı, təsəvvür edirsinizmi, bu iqtidar seçki məntəqəsinə müdaxilə edə bilməyəcəyini yəqin edəndə hansı addımları ata bilərdi?
Virpurun bu baxımdan Azərbaycandan bir qədər demokratik olması, qalan bütün hallarda inanılmaz oxşarlığı, hakimiyyətin Amacidən “imtina” etməsi ilə nəticələndi.
Bəs əvəzində nə təklif edilir vətəndaşlara? Xarici serialların kopyalanmış, əhəmiyyətli dərəcədə şitləşdirilmiş formasında yerli seriallar…
Hazırda Azərbaycan teleməkanında, bir neçə əttökən, şit səhnələrlə dolu, reallıqdan uzaq yerli seriallar nümayiş etdirilir. Müsbət obrazda (!) təqdim edilən hüquq-mühafizə işçiləri, “vətənpərvər” deputat və məmur personajları, uşağını 300 manatlıq baxçaya aparıb gətirən, yayda xaricə istirahətə yollanan “sadə” azərbaycanlı ailəsi bu düşük serialların əsas qəhrəmanları kimi bizə “təqdim” olunur.
Hətta belə serialların çəkilməsi üçün dövlət büdcəsindən milyonlar da ayrılıb. Hakimiyyətdəkilər inanırlar ki, serialda təqdim olunan “yüksək yaşayış minimumu” imitasiyası “işləyəcək”, real təsəvvürləri pərdələyəcək, ört-basdır edəcək.
Yenə proqnoz verməyə cürət edirəm, yerli seriallar hakimiyyətlə xalq arasında olan uçurumu daha da dərinləşdirəcək. Təsəvvür edin, axşam evə dönən vətəndaş ekranda ondan rüşvət alanları, haqqını tapdalayanları, bir sözlə, vətəndaşla insan kimi rəftar etməyənləri çiynində qanadları olan mələk şəklində görür və bu, hər gün təkrarlanır.
Fikrimcə, Amaci ilə “risk etməyə” dəyərdi, tələsmək lazım deyildi…