SAT (Scholastic Aptitude Test) ABŞ universitetlərinə girmək üçün istifadə olunan imtahandır. Hazırda bütün dünyada o qədər mötəbər bilgi yoxlaması kimi qəbul edilir ki, müxtəlif ölkələrdə tanınmış universitetlər, xüsusən də xarici ölkə vətəndaşlarının qəbulu üçün SAT imtahanının nəticələrini əsas kimi götürməyə başlayıb. Son iki ildə hətta Türkiyənin əksər universitetləri YÖS (Yabançı Öyrənci Sınavı) qiymətləri ilə yanaşı, SAT ballarını da qəbul üçün dəyərləndirməyə başlayıb. Hətta elə universitetlər var ki, yalnız SAT balları ilə qəbul aparır. Çünki, ABŞ universitetləri öz uğur yolunu SAT testləri ilə qura bilib. Ona görə də, Türkiyə və başqa xarici ölkələrdə oxumaq istəyənlər arasında ingilis dili, tənqidi oxu, riyaziyyat və məntiq suallarından ibarət SAT imtahanı çox məşhurdur.
Təəssüflər olsun ki, bu qədər mötəbər bir imtahan da Azərbaycanda biabırçı tale ilə üzləşib. Ciddi məlumatlar var ki, SAT imtahanının suallarını əvvəlcədən hansısa müəmmalı qüvvələr satır, ən aşağı bilik sahibləri ən yüksək nəticələr qazanır. SAT imtahanını bütün dünyada College Board adlı qızıl reputasiyalı, nüfuzlu qurum həyata keçirir. İmtahanları Bakıda da College Board-un tərəfdaşları qaydalara uyğun, təmiz keçirir. İmtahan zamanı heç bir pozuntu olmur, nəticələr də College Board-da yekunlaşdığı üçün obyektiv hesablanır. Lakin “alver” imtahandan öncə testə düşəcək sualları ötürməklə aparılır. Hazır cavablarla imtahana girənlər isə çox yüksək nəticələr qazanır.
Bəs sualları ötürənlər kimlərdir? Onları bilmək olmur. Buna baxmayaraq, bu barədə deyilənlər də sadəcə mülahizələr deyil. Ötən il vəziyyət o qədər biabırçı olub ki, Türkiyənin bəzi universitetlərinin qəbul komissiyaları Azərbaycandan təqdim edilən SAT ballarından şübhələnib, ya bunu təqdim edənlərə “yox” deyib, ya da onları təkrar söhbətə və sınağa alıblar, şübhələr özünü doğruldub.
Bununla yanaşı, pulla alınmış suallarla yüksək SAT balı yığanlar Türkiyədə ali məktəblərə asanlıqla qəbul olunmaqdadır. Deməli, onlar özlərindən savadlı olanların yerlərini tuturlar. Çünki bu ali məktəblərdə Azərbaycandan gələnlər üçün az sayda yer (kontenjan) olur.
Bəzi tədris mərkəzlərində çalışanlar deyir ki, yaranmış vəziyyətdən College Board-da da xəbərdardırlar. Lakin hələ heç bir tədbir görülməyib.
Vahid Məmmədli