Gültəkin Hacıbəyli: “Qarabağ danışıqları ilə bağlı baş verən proseslərin hamısı imitasiya xarakterlidir”
Bir neçə gün öncə dövlət başçısı İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andryönü və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiklə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Hazırda Qarabağ problemi ətrafında maraqlı proseslər cərəyan etməkdədir. ATƏT-in Minsk Qrupunun iki həmsədr ölkəsinin təmsilçisi bəyan edir ki, problemin həlli hələ ki, mümkün görünmür. Hakimiyyət ABŞ-dan gələn bu bəyanata sərt reaksiya versə əd, Moskvanın oxşar etirafına susdu. Bir sözlə dövlət katibi Kerrinin sözləri süngi ilə qarşılandısa da, Putinin köməkçisi Uşakova gözün üstündə qaşın var deyən olmadı. Məhz bu cür ab-havanın hökmran olduğu bir dönəmdə İ.Əliyevdən maraqlı açıqlamalar gəlir. O, bəyan edir ki, Ermənistanın dövlət başçısı ilə görüş mək istərdi və Qarabağ ermənilərinə yüksək status verilməsinə etiraz etmir.
Uorlik: “Sülh vaxtı çatıb”
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda və Yerevanda iki ölkə prezidentinin görüşünün yerini və vaxtını müzakirə edəcək. Minsk Qrupunun həmsədrləri iki ölkə arasında dialoqun intensivləşməsinə kömək edir. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda Azərbaycan Dillər Universitetində keçirdiyi mətbuat konfransında bildirib.
Onun fikrincə, sülh vaxtı gəlib çatıb. “Nə edilməlidir? Dağlıq Qarabağ münaqişəsi münaqişə formatında qalmalıdır? Biz istəyirik ki, tərəflər öz mövqelərinə baxıb münaqişəni sülh yolu ilə həll etsinlər. Hər iki xalq sülh şəraitində yaşamağa layiqdir. Biz səbirlisizliklə prezidentlərin görüşünü gözləyirik. Ümid edirik ki, prezidentlərin növbəti görüşündən sonra danışıqlarda irəliləyişlə bağlı məlumatları sizinlə bölüşəcəyik”, – səfir Uorlik jurnalistlərin çoxsaylı suallarına cavab verib.
C.Uorlik münaqişədə danışıqların formatı və elementlərindən danışarkən deyib ki, işğal olunmuş ərazilər qaytarılmayınca danışıqlarda hər hansı razılıq əldə edilməsi mümkün deyil. Hazırki status-kvo davamlı olan bir amil deyil.
“Qarabağın statusu danışıqların predmetinə çevirilir”
“İşğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, qoşunların çıxarılması münaqişənin nizamlanması üçün danışıqlarda çoxsaylı elementlərdəndir. Bundan başqa köçkünlərin qaytarılması, sülhyaratma qüvvələrinin yerləşdirilməsi də ilkin elementlər kimi diqqətdə saxlanılır. Bununla yanaşı dəhliz məsələsi də danışıqların mövzusudur. Prezident Əliyev tərəfindən Dağlıq Qarabağın gələcək statusu barədə fikir irəli sürülüb. Biz bunu qiymətləndiririk. Prezident Əliyevin Dağlıq Qarabağın statusu məsələsini danışıqların predmetinə çevirməsini alqışlayırıq. Hesab edirik ki, prezidentlər bu istiqamətdə danışıqlar aparmalıdır”, – Uorlik qeyd edib.
Amerikalı həmsədrin fikrincə, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində münaqişənin davamlı həlli üçün yaxşı imkanlar yaranıb.
“Həmsədrlərin prezidenlərlə müzakirə edəcəyi çox maraqlı fikir və ideyalar var. Biz səfərimiz zamanı bu fikir və ideyaları prezidentlərlə müzakirə edəcəyik”, – o vurğulayıb.
“Rusiya və ABŞ-ın müxtəlif məsələlərdə , o cümlədən regional münaqişələrdə aralarında ciddi fikir ayrılıqları olduğu halda Dağlıq Qarabağ münaqişəsində mövqelərində yaxınlıq gözləmək mümkündürmü? sualının cavabında səfir Uorlik deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ABŞ və Rusiya sadiqdir.
“Minsk Qrupunun həmsədrləri bu yaxınlarda Moskvada olub və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bizim Rusiya ilə münaqişənin sülh yolu ilə bağlı paylaşdığımız eyni bir hədəf var”, – o qeyd edib.
C.Uorlik “Amerikanın səsi”nin dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflərin hazır olmaması və prezident İlham Əliyevin ona cavabı ilə bağlı sualına cavabda deyib ki, Con Kerri tərəflərlə işləyərək münaqişənin həllinə dəstəyini nümayiş etdirib. O, Con Kerrinin tərəflərlə keçirdiyi görüşləri sadalayıb.
“Prezident Əliyev və prezident Sarkisyan münaqişənin həlli ilə bağlı üzərlərinə öhdəlik götürməli və irəliləməlidirlər. Mən şəxsən prezident Əliyevlə danışmışam. O bildirib ki, münaqişənin sülh yolu ilə həllinə sadiqdir və Ermənistan prezidenti ilə görüşə hazırdır”, – o qeyd edib.
Belə olan halda ABŞ və Rusiyanın problemin həllində ümid görülmədiyini etiraf etdiyi bir zamanda danışıqlar aparmaq nə dərəcədə düzgündür?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, Qarabağ danışıqları ilə bağlı baş verən proseslərin hamısı imitasiya xarakterlidir. G.Hacıbəylinin sözlərinə görə, istər dövlət başçıları, istərsə də Minsk Qupunun həmsədrləri səviyyəsində səsləndirilən bəyanatların əksəriyyəti reallığı əks etdirmir və prosesin daha da uzanmasına hesablanıb. Yəni daha çox imitasiya xarakterlidir: “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Düşünürəm ki, Azərbaycan siyasi rəhbərliyi də gözəl anlayır ki, xalqımız heç bir halda Qarabağın Ermənistana güzəşt edilməsiylə barışmayacaq. Bu baxımdan mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti beynəlxalq konyukturu, Rusiyanın bölgədə hələ də güclü olduğunu və problemin həllində maraqlı görünmədiyini nəzərə alaraq, özü də imitasiyanın davam etdirilməsində maraqlıdır. Bu gün Qərb Cənubi Qafqazda beynəlxalq hüququ təmin edəcək səviyyədə güclü deyil. Rusiya isə hələ ki, beynəlxalq hüququn prinsipləri ilə hesablaşacaq dərəcədə zəiflədilməyib. Bu baxımdan vəziyyət dəyişməyincə, Qərb güclənməyincə, Qarabağ münaqişəsinin həllindən söhbət gedə bilməz. Ona qədər Azərbaycanın niyyəti danışıqlar prosesində imitasiya yaradıb, prosesləri aparmaqdır. Çünki biz bilirik ki, Rusiya Azərbaycan rəhbərliyinə hirslənəndə bu hətta aprel döyüşləri kimi qanlı hadisələlərlə müşahidə oluna bilir”.
G.Hacıbəyli bildirdi ki, Rusiya danışıqlarda imitasiyanın olmasında ona görə maraqlıdır ki, Kreml münaqişənin həllini istəmir. Çünki problemin həlli Rusiyanın Azərbaycan və Ermənistana təsirinin itməsiylə nəticələnə bilər: “Bu gün Azərbaycan və Ermənistan siyasi rəhbərləri gözəl anlayırlar ki, münaqişənin həlli üçün zəmin yoxdur. Ermənistan Qarabağın bir qarışını da verməyəcəyini bəyan edir. Eyni fikirlər Azərbaycan tərəfindən də səslənir. Yəni bu arada reallığı səsləndirən dövlət katibi Kerri oldu ki, o münaqişənin həlli perspektivlərinin görülmədiyini bildirdi. Lakin bunun qarşılığında Azərbaycandakı Rusiyapərəstlər Kerrinin üzərinə hucuma keçərək, ABŞ-ın həmsədrlikdən imtinasını tələb etməyə başladılar. Halbu ki, Kerinin bu bəyanatından bir neçə gün öncə Rusiya Ermənistana “İsgəndər” tipli raketlər vermişdi. Bu onu göstərir ki, bölgədə hələ Rusiya faktoru qaldıqca, güclü olduqca, qərbin də buna kifayət qədər əks təsiri olmadıqca Qarabağ probleminin həlli görünmür”.
Xəyal