“Asan korrupsiya”nın olduğu ölkədə yalnız çətin xidmət təklif oluna bilər
Azərbaycan hökumətinin islahatları hamını heyran qoyub. Nə hikmətdirsə, hər gün islahat aparıldığı bildirilir, amma hər gün tənəzzülün şahidi oluruq. Hər gün yeni qurumun yardılmasını, yeni sərəncamın verilməsini müşahidə edirik, amma hər gün hansısa bankın bağlanmasını, manatın ucuzlaşmasını, kiminsə intihar etməsini görürük. Ölkədə vəziyyət çətinləşdirkcə yeni “Asan xidmət”lər yaradılır.
Bu gün xəbər saytlarında oxudum ki, Azərbaycanda yaxın vaxtda “Asan Qatar” sistemi tətbiq ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib ki, ilkin mərhələdə qatarlar 3 vaqondan ibarət olacaq və bütün istiqamətlərə hərəkət edəcək.
Son dövrlər hökumətimiz “Asan” arqumenti ilə təbliğatı gücləndirib. Müxtəlif qurumların 3-4 səalhiyyətini əlindən alıb, qarşısına bir “asan” sözü əlavə edirlər. Sanki, sözün qarşısına “asan” yazanda avtomatik islahat həyata keçirilir, inkişaf təmin olunur. Amma reallıq budur ki, ölkədə vəziyyət çətinləşməkdə davam edir və həyatımızın heç bir mərhələsində “asan” sözündən istifadə edə bilmirik. Bu ölkədə çoxdandır ki, hər cümlənin qarşısına “çətin” sözü yazılır.
Uzun illərdi neft pulları bu ölkə üçün “imkanlar qatarı”na çevrilmişdi. Amma hökumət bu qatara bilet ala bilmədi. İmkanlar qatarını əldən buraxdıqdan sonra, “Asan qatar” xidməti nəyi dəyişəcək?
Hökumətimiz doğurdan da vətəndaşların vəziyyətini asanlaşdırmaq istəyirsə, asan müalicə, asan gömrük sistemi, asan vergi sistemi, asan təhsil sistemi yaratsın. Ən prinsipial sahələrdə “Çətin xidmət”lər yaradıb, 1-2 yerdə “Asan xidmət” tətbiq etmək islahat sayılmaz.
Vətəndaş müalicə üçün ölkə xaricinə qaçırsa, tələbə təhsil haqqını ödəməkdə çətinlik çəkirsə, müəllim, həkim 150 manatla dolana bilmirsə, sahibkar monopoliya səbəbindən ölkəyə məhsul gətirə bilmirsə, hansı asan xidmətlərdən danışmaq olar? 2.5 milyon vətəndaş kredit borcuyla çətinliyə düşübsə, şəxsiyyət vəsiqəsinin asanlıqla əldə olunması, asan qatarların dövriyyəyə buraxılması fayda verə bilməz.
Bu ölkədə ən asan həll olunmalı problemlər, həlli mümkün olmayan problemə çevrilib. Dünən asan görünən nə vardısa, bu gün çətin işə çevrilib.
Ona görə də böhrandan çıxmaq üçün “Asan”lar yaratmağa yox, “asan korrupsiya”nı, “asan hüquqsuzluğu”, “asan saxtakarlığı”, “asan monopoliyanı ləğv etmək lazımdır. Çirkli işlərlə məşğul olanların fəaliyyəti çətinləşdirilmirsə, bütün “Asan xidmət”lər imitasiyadır. Asan həyat üçün, xalqa asan hökumət lazımdır
İlham