Növbəti prosesdə hansı məhşurların dinlənildiyi açıqlanacaqmı?
İlham İsmayıl: «Bu şəxslərə qarşı əlavə olaraq ittihamla çıxış edilsə, o adamlar daha açıq danışa bilərlər»
“MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddəti uzadılıb.
APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsi həmin cinayət işi üzrə saxlanılan və hazırda ibtidai istintaqı davam etdirilən, ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərləri barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay artırıb.
Baş Prokurorluğun “MTN işi” ilə bağlı yaydığı məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktlar üzrə 21 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
Qeyd edək ki, saxlanılan 20 nəfərdən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin əməkdaşları – Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyevin cinayət işi digərlərinin cinayət işindən ayrılaraq ayrıca icraata verilib və hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin məhkəmə prosesi keçirilir.
Bəs, bu məhkəmə proseslərində qalmaqallı açıqlamaların olacağını gözləmək olarmı? Çünki Çovdarovun məhkəməsində siyasi məqamlara toxunulmadı və onların üzərindən sükutla keçildi. Çovdarovun adı E. Hüseynovun qətlində hallansa da bu məqama ümumiyyətlə toxunulmadı. Toxunulmayan daha bir məqam əməkdaşımız Aqil Xəlilin peşə borcunu yerinə yetirərkən və daha sonra üzləşdiyi təzyiqlər idi.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, digər vəzifəli şəxslər də yuxarıdan gələn göstərişləri həyata keçiriblər: «Eldar Mahmudovun, Akif Çovdarovun razılığı olmadan dinləmələr həyata keçirilə bilməzdi. Bu adamlar sadəcə olaraq icraçılardır. Onlardan o zaman nəsə gözləmək olar ki, bunlara qarşı nəsə haqsızlığa yol verəsən. Yəni vəzifə səlahiyyətlərini aşmasından əlavə olaraq ittihamla çıxış edilsə, o adamlar daha açıq danışa bilərlər. Necə ki, Cahangir Hacıyev bəzi nüanslara toxundu. Digər məsələlərlə bağlı çox güman ki, məhkəmədən öncə praflaktik söhbət aparılır deyənə inanmıram ki, bu proseslərdə perspektivdə cəmiyyət üçün vacib olan informasiyanın verilməsinə inanmıram».
Hikmət