“Çelsi” möcüzəyə döndü
Aprelin 24-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından biri keçirilib – “Barselona” öz meydançasında “Çelsi” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin mütləq üstünlüyü və fasiləsiz hücumları, “Çelsi”nin isə inanılmaz müqaviməti ilə yadda qalıb. Ən əsası isə qonaqlar belə demək olarsa, möcüzəvi şəkildə hesabı öz xeyirlərinə dəyişərək finala keçiblər.
Belə ki, oyunun birinci hissəində “Barselona” 35-ci dəqiqədə Buskets, 44-cü dəqiqədə isə İniyestanın vurduğu qollarla 2:0 irəli çıxıb. Üstəlik 37-ci dəqiqədə “Çelsi”nin kapitanı Con Terri kobud oyuna görə qırmızı vərəqə alaraq komandasını azlıqda buraxıb.
Lakin qonaqlar birinci hissəinin lap sonlarında 45-ci dəqiqədə qəfil əks hücumla hesab arasındakı fərqi 1-ə endiriblər. Ramires komandasının fasiləyə daha inamla yollanmasını təmin edib.
Fasilədən sonra “Barselona” hesabda vəziyyəti öz xeyrinə dəyişməyə çox çalışsa da əks nəticə ilə üzləşib. Bütün komanda ilə hücuma atılan katalonlar rəqib qapıya yol tapa bilməyiblər. Hətta dünya futbolunun dillərdən düşməyən ulduzu Messi 11 metrlik cərimə zərbəsi ilə də hesabı dəyişə bilməyib – onun vurduğu zərbə qapı dirəyindən geri qayıdıb. Əvəzində “Çelsi” oyuna artıtırlmış 2-ci dəqiqədə (90+2) “Barselona”nı növbəti əks-hücumla yenidən meydanın mərkəzinə dəvət edib. Qapıçı valdeslə təkbətək qalan Torres dəqiq zərbə ilə hesabı bərabərləşdirib.
Beləliklə, iki oyunun ümumi hesabına görə “Çelsi” Çempionlar Liqasının finalına yüksəlib (komanda öz meydanında “Barselona”nı 1:0 hesabı ilə məğlub etmişdi). “Çelsi”nin rəqibi aprelin 25-də keçiriləcək “Real” Madrid – “Bavariya” qarşılaşmasının qalibi olacaq.
Xatırladaq ki, ilk qarşılaşmada “Real” Madrid “Bavariya”ya 1:2 hesabı ilə məğlub olub.