“Azadlıq” və AXCP-dən deputatın fikirlərinə cavab gəldi: “O, tapşırıqla danışır”
“Dövlət “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə yardım ayırır. “Azadlıq” qəzetinin həmin pulundan isə AXCP də götürür”. Bu sözləri parlamentdə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklər layihəsi müzakirə olunarkən deputat Fazil Mustafa deyib. O, əlavə edib ki, AXCP-yə pul ayrılmasının tərəfdarı deyil: “Mən AXCP-yə pul ayrılmasını istəmirəm. Çünki bu, xarici səfirliklərin AXCP-sidir, Elçibəyin miras qoyduğu AXCP deyil”.
“Azadlıq” qəzetinin baş redaktorunun 1-ci müavini Rahim Hacıyev Fazil Mustafanın fikirlərini cəfəngiyyat adlandırıb: “Özünə hörmət qoyan şəxs belə qeyri-ciddi fikirlər səsləndirməz. “Azadlıq” qəzeti bir neçə dəfədir ki, dövlətin ayırdığı qrantlar hesabına Azərbaycançılıq layihəsini müvəffəqiyyətlə həyata keçirir. Biz Azərbaycançılığı təbliğ edirik, özü də yüksək səviyyədə. Və buna nəzarət edən qurumdan da hər hansı bir irad yoxdur”.
Fazil Mustafaya AXCP-dən də cavab gəlib. Partiyanın mətbuat xidmətindən bildiriblər ki, bu, Fazil Mustafanın AXCP haqqında növbəti qeyri-ciddi açıqlamasıdır: “Əqidəsini dəyişən adamdan bundan artığını gözləmək də lazm deyil. Söhbət partiyaların maliyyələşməsindən gedirsə, AXCP-nin nəinki bir rayon şöbəsi, hətta bir şöbənin dayaq dəstəsi qədər üvü olmayan bir partiya sədri belə də danışmalı idi”.
AXCP mətbuat xidməti bir məsələyə də diqqət çəkib: “Özünüz diqqət edin, parlamentdə AXCP ilə bağlı bu cür absurd açıqlamaları ya Səyavuş Novruzov, ya da Fazil Mustafa səsləndirir. Görünür, bu dəfə də bu işi Fazil Mustafa ilə Səyavuş Novruzova tapşırıblar. Onların hər ikisi eyni mərkəzdən idarə olunan şəxslərdir”.
azadliq.info