Sentyabr ayının 28-də Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilmişdir. Toplantıda Sentyabr ayının 26-da keçirilmiş referendumun nəticələri və digər məsələlər müzakirə edilmişdir. Müzakirələrin əvvəlində Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri KM-nin üzvü Əli Kərimli referendum səsverməsindən bir gün öncə AŞPA dəyərləndirmə missiyası üzvləri ilə keçirdikləri görüş barədə məlumat veriblər. Onlar təəssüflə bildiriblər ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın daxil olduğu Aleksandr Nikoloski başda olmaqla Referendumu Dəyərləndirmə Missiyası görüş zamanı nümayiş etdirdikləri prinsipial yanaşmanı sentyabr ayının 26-da keçirilmiş referendumun yekunlarını qiymətləndirərkən ifadə edə bilmədilər. Onlar bildirdilər ki, referendumun yekunları haqqında mətbuat konfransında onlar Venetsiya Komissiyasının rəyində yer almış bir sıra tənqidi məqamları xatırlatsalar da, ümumilikdə Missiya bu məsələyə münasibətdə AŞPA üçün ənənəvi olan “Kürü diplomatiyasının” çərçivəsindən kənara çıxa bilmədilər. Müzakirələr zamanı Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin məlumatlara münasibət bildirən KP üzvləri qeyd etdilər ki, MSK-nın rəsmi məlumatında seçicilərin iştirak faizi 70 faizə yaxın göstərilsə də, obyektiv müşahidələr seçicilərin bu referendumu faktiki boykot etdiyini göstərdilər. Onların fikrincə, Milli Şuranın ayrı-ayrı məntəqələrdən aldığı məlumatlar görə referendum zamanı seçici fəallığı çox aşağı olub və seçicilərin 10 faizindən də azı bu səsvermədə iştirak edib. Toplantıda referendumun legitim olmadığı, onun xalqın azad iradəsini ifadə etmədiyi qeyd edildi. Səsvermə zamanı “karusel” əməliyyatı, məntəqə komissiyası üzvlərinin qutulara topa bülletenlər atması, boş qutuların qabaqcadan hazırlanmış bülletenlərlə dolu qutularla əvəz edilməsi, öncədən hazırlanmış ayrı-ayrı adamların qutulara topa bülletenlər doldurması və digər kütləvi pozuntuların referendum zamanı adı hal aldığı çıxışlar zamanı faktlarla ortaya qoyuldu. Bu kütləvi saxtakarlıqların aşkarlanmasında “Azadlıq” radiosu, Meydan.tv, “Azadlıq” qəzeti, “Turan” agentliyi və bir sıra digər media qrumlarının və sosial şəbəkələrin fəal rol oynadığı xüsusi şəkildə qeyd edilmiş və həmin kollektivlərə təşəkkür edilmişdir. Toplantıda qeyd edilmişdir referenduma beynəlxalq “dəstək” naminə hakimiyyət uzun illər boyu Avropa və digər Qərb ölkələrində ələ aldığı parlament üzvlərinin və ayrı-ayrı vəzifəli şəxslərin geniş bir dairəsini deşifrə etdi. Toplantıda saxta referendumu tərifləyən belə “demokratların” öz ölkələrinin ictimaiyyəti qarşısında ifşa olunmasının zəruriliyi vurğulanmışdır. KM-nin iclasında kütləvi tədbirlərin davam etdirilməsi ilə bağlı məslələr ətrafında da fikir mübadiləsi edildi.Milli Şuranın KM-nin toplantısında son iki həftə ərzində xüsusi fəallığı ilə seçilən və kütləvi tədbirlərin təşkilində mühüm rol oynayan 170 nəfərə yaxın AXCP üzvünün polis orqanlarına çağırılmsı kəskin şəkildə pislənilmiş və DİN-in bu addımı qarşıda hazırlanan kütləvi aksiyalara mane olmaq cəhdi kimi qiymətləndirilmişdir. Bütün bunlar Azərbaycan hakimiyyətinin azad toplaşmaq hüququnu təmin etməyə hazır olmadığı kimi dəyərləndirilmişdir.