Hakimiyyətin təlaşı ABŞ mediasında
“Ayna-Zerkalo” qəzetinin reportyoru İdrak Abbasovun Sulutəpə ərazisində tikilmiş evlərin söküntüsü zamanı neft şirkətinin mühafizə xidmətinin əməkdaşları tərəfindən döyülməsi dünyanın aparıcı KİV-ləri tərəfindən yayımlanıb. “The New York Times” qəzeti olayla bağlı xəbərində yazır:“Azərbaycanda yayımlanan qəzetin reportyoru neft şirkətinin əməkdaşları tərəfindən döyülüb. İdrak Abbasov aldığı xəsarətlərdən huşunu itirib və o xəstəxanaya yerləşdirilib. Abbasov ötən ay mətbuat azadlığı beynəlxalq mükafatına layiq görülüb. Rəsmi dairələr neft şirkətinin əməkdaşalrının qanunsuz tikililəri sökdüyünü və buna etiraz edənlərin ərazidən uzaqlaşdırıldığı zaman xəsarət aldıqlarını deyirlər”.
“The New York Times” xəbərin sonunda xüsusi xatırlatma verərək bildirib ki, jurnalistin döyülməsi hadisəsi “Eurovision” musiqi yarışması öncəsi baş verib. Yarışmanı izləmək üçün Avropa və dünyanın müxtəlif ölkələrindən Bakıya yüzlərlə jurnalist gələcək:“Azərbaycan hakimiyyəti və prezident İlham Əliyev insan haqları və söz azadlığına görə Qərbin sərt tənqidlərindən ciddi narahatlıq keçirir. İlham Əliyev bir neçə gün öncə hökumətin yığıncağı zamanı “Bəzi ölkələr və media qurumları ölkəmizə ləkə atmaqla məşğuldur” demişdi. Əliyev ölkədə demokratiya və insan haqları sahəsində heç bir problem olmadığını, səsləndirilən tənqidlərin isə əsassız olduğunu bildirmişdi”.
İnformasiya şöbəsi