Maqomedov Şerbakla bir yerdə qulluq etmişdi, Surət Hüseynovla da gözəl münasibətləri vardı
Şəmkirə getməli olduğumuzdan əlavə onu da başa düşdük ki, sabah saat 18.00-da orada müşavirə olacaq və müşavirədə bütün güc nazirliklərinin nümayəndələrinin iştirakı zəruridir. Orada Prezident Qvardiyasından da adamlar vardı və onlar da müşavirədə iştirak edirdilər. Belə bir şəraitdə Dadaş Rzayevin bu müşavirəni aparmaq səlahiyyəti, hansısa vəzifələr müəyyənləşdirmək hüququ yox idi. Əgər o, belə bir müşavirə keçirir və hansısa vəzifələr müəyyən edirdisə, o halda bu vəzifələrin həyata keçirilməsi üçün təşkilati işləri də görməli, bu tədbirlərin tamamlanması üçün lazım olan bütün tərəflərin imkanlarını səfərbər etməli idi.
İsa Sadqov
əvvəli ötən saylarımızda
Bu cür planlar yalnız ordunun vasitəsi ilə həyata keçirilə bilməz: əhalinin təhlükəsizliyini təmin etməli olan tədbirlər üçün də səlahiyyətli qurumlar cəlb edilməlidir. Üstəlik, Dadaş Rzayev bütün bu vəzifələrin yerinə yetirilməsi, daha doğrusu, 709-cu hərbi hissənin tərksilah edilməsinin yalnız dinc variantını nəzərdə tutmamalı idi. Axı onlar silahlı müqavimət göstərə bilərdilər və bütün əməliyyat məlumatları da bu variantın qaçılmaz olduğunu təsdiqləyirdi. Amma müqavimətin olacağı hal üçün heç bir ehtiyat plan tərtib edilmədi. Bu, Dadaş Rzayevin cinayətkarcasına səhlənkarlığı da sayıla bilərdi.ÿBaşqa dövlət qurumlarının, o cümlədən DIN və MTN-in nümayəndələrinin gəlməsini gözləmədən Dadaş Rzayev müşavirəni başa vurdu. Onun bütün tapşırıqları buna hesablanmışdı ki, heç bir müqavimət olmayacaq. Bu, onun ya cinayəti, ya səhlənkarlığı, ya qorxaqlığı, ya da qiyamçılarla anlaşmasının nəticəsi ola bilərdi. Əsas vəzifə 709-la qonşu briqadanın komandiri Ramazan Maqomedovun üzərinə qoyuldu. O, əmri aparıb təqdim etməli və hərbi hissənin buraxılmasından irəli gələn işlərin icrasına başlamalı idi. Mən onu şəxsən tanımırdım, amma məlumatım vardı ki, o, Şerbakla bir yerdə qulluq edib və Surət Hüseynovla çox gözəl münasibətləri var. Bu vəzifənin məhz ona həvalə edilməsi Dadaş Rzayevin çox qəribə və anlaşılmaz qərarı idi, çünki o, Maqomedovla Surətin münasibətlərindən xəbərsiz deyildi.
Mənə isə Seyfəli hərbi poliqonunu götürmək tapşırıldı. Maqomedov məndən xahiş etdi ki, şəxsi heyətdən 20-25 nəfər ayırıb ona verim. Mənə təəccüblü gəldi ki, sərəncamında o boyda hərbi hissə olan bir adamÿnə üçün məndən 20-25 nəfər istəyir. Amma hər halda, mən onun istədiyi qədər adamı ayırıb verdim. O, öz hərbi hissəsinə qayıtdı. Tapşırıq bundan ibarət idi ki, iyunun 4-də səhər tezdən o, 709-a gedərək əmri ora təqdim etməli və onun icrasına başlamalı idi. Amma Maqomedov bunu etmədi, zabit kimi yox, xain kimi hərəkət etdi. Müşavirədən dərhal sonra o, 709-cu hərbi hissəyə, Surət Hüseynovun yanına getdi, bütün söhbətləri və planları onun ovcuna qoydu, özü və zabitləri ilə birlikdə itdi, onunla heç cür əlaqə saxlamaq mümkün olmadı.
Bu barədə mən iyunun 4-də səhər tezdən xəbər tutdum.
Müşavirədən dərhal sonra mən hərbi hissənin qarşısına vəzifə qoydum və mənə verilən əmr heç bir xüsusi olay çıxmadan yerinə yetirildi. Yəni Seyfəli poliqonu və orada olan hər şey nəzarətim altına keçdi, hər şeyin hesabatı aparıldı, oradakı şəxsi heyətə əmr oxundu və onların hamısının silahları alındı. Gecə saat 2-də nazirin əmri tam yerinə yetirildi və biz güman etdik ki, bütün digər göstərişlər də bu qaydada yerinə yetirilir, o cümlədən də Gəncədə. Çünki bu planın icrası üçün ən münasib zaman da elə bu idi ki, səhər tezdən 709-dakı işlər başa çatsın. 709-da səhərlər şəxsi heyətin çox az hissəsi olurdu, onların əksəriyyəti evlərdə gecələyirdi. Əməliyyat bu qaydada nəzərdə tutularaq keçirilsəydi, heç bir fövqəladə nəticə və heç bir arzuolunmaz perspektiv də ortaya çıxa bilməzdi. Amma təəssüf ki, burada da xəyanət izləri yazıldı.
1994-cü ilin noyabr ayında, Gəncə hadisələri ilə bağlı məhkəmə prosesi keçiriləndə mən Maqomedovla rastlaşdım. O, şahid qismində ifadə vermək üçün gəlmişdi. Mən ondan nə üçün aradan çıxdığı və əmri icra etmədiyi barədə soruşdum. O mənə cavab verdi ki, bu əmri yerinə yetirmək üçün mənim mənəvi haqqım yox idi, çünki mən dağıstanlıyam və ləzgi millətindənəm. Bunu uzun illər ərzində Sovet ordusunda xidmət edən, Nizamnaməni təpədən-dırnağa əzbər bilən bir polkovnik deyirdi. Zabit şərəfini bir kənara tullayan adam, hansısa mənəvi hüquqdan danışmaqla özünə bəraət qazandırmaq istəyirdi.
Seyfəlidəki hərbi tapşırığı yerinə yetirərək biz Gəncədə vəziyyətlə bağlı məlumat gözləməyə başladıq. Dəfələrlə operativ növbətçiyə zəng vurub Gəncədə nə baş verdiyi barədə xəbər almağa cəhd etdim. Amma onda da Gəncə haqqında heç bir məlumat yox idi. Səhər saat 6.00-da operativ növbətçi mənə zəng vuraraq dedi ki, onlarda da Gəncə haqqında heç bir məlumat yoxdur və mən oraya gedib situasiya haqqında bir bilgi verə bilərəmmi?
Mən ondan xahiş etdim ki, məni nazirlə calaşdırsın. Amma o, nazirin harada olduğunu bilmədiyini dedi. Təbii, Gəncəyə gedərək vəziyyəti öz gözlərimlə görməkdən başqa çarəm qalmamışdı.
Gəncəyə yollandım və orada 709-cu briqada ilə qonşuluqda yerləşən, Maqomedovun komandir olduğu, səhv etmirəmsə, 123- cü hərbi hissəyə getdim, amma orada komandir də daxil olmaqla heç kimi tapa bilmədim. Şəxsi heyətdən də çox az adam vardı, zabitlərin və əsgərlərin çoxu harasa dağılıb getmişdi.
Amma 709-da nələrin baş verdiyini təsəvvür etmək çox çətin idi. Səhər tezdən orada hamı silahlı halda vurnuxur, ətraf evlərin damlarına snayperlər yerləşdirilmiş, hətta şəhər əhalisinə belə silahlar paylanmışdı…
ardı var