Nemət Əliyev: «Büdcədən yenə investisiya xərcləri ixtisar olunacaq»
Maliyyə naziri Samir Şərifovun dövlət xərclərinə dair söylədikləri maraq doğurur. Nazir bildirib ki, xərclər siyasətimiz daha sərt olacaq. Onun sözlərinə görə, hazırda daha səmərəli xərclərə üstünlük verilir: «Xərclərin optimallaşdırılması, ixtisarı istiqamətində də mühüm tədbirlər görüləcək. Lakin nəzərə alsaq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, çalışmalıyıq ki, xərclərimizi gəlirlərimizlə uzlaşdıraq. Xərclərimiz gəlirlərlə ayaqlaşmalıdır. Xərclər siyasətimiz daha sərt olacaq. Bununla əlaqədar gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. 1,5 mlrd. manat həcmində azalmadan söhbət gedir. Həm gömrük daxilolmaları, həm də bir qədər vergi daxilolmaları artacaq”.
Bəs xərc siyasətinin sərtləşməsi nə anlama gəlir? Biz hökumətdən hansı sürprizləri gözləməliyik?
İqtisadçı Nemət Əliyevin fikrincə, xərc siyasətini sərtləşdirmək deyəndə bu ifadəni tam açmırlar. N.Əliyevin sözlərinə görə, əslində bu hökumətin çox ağır günlərini yaşadığını sübut edir: «Artıq xalqa deyiləcək sözləri yoxdur. Ölkənin başına min cür oyun gətiriblər. Nəyə görə bu cür ifadələrdən istifadə edirlər? Bu təsadüfi deyil. Bundan sonra da bu cür ifadələrdən çox istifadə edəcəklər. Xərclərin sərtləşdirilməsi o deməkdir ki, bunlar xərcləri daha da ixtisar edəcəklər. Xatırlayırsınızsa, hökumət vaxtaşırı müxtəlif adlar tapır. Gah «təmkinli büdcə», «ədalətli məzənnə» deyə adlar fikirləşirlər. Xərclərin sərtləşdirilməsi o deməkdir ki, dövlət büdcə xərcləri daha da azaldılacaq. Büdcədən yenə investisiya xərcləri ixtisar olunacaq. Əgər milli valyutanın yenə dəyərdən düşməsi davam edəcəksə, alıcılıq qabiliyyəti daha da zəifləyəcək».
Xəyal