Alman qəzetləri hücuma keçdi; «Euronews» rejimin hədəfə alındığını dedi
Dünyanın ən nüfuzlu media orqanları hakimiyyəti insan haqlarının durumuna görə tənqid etdi
Almaniyanın nüfuzlu “Der Spiegel” qəzeti növbəti dəfə Azərbaycanın “Eurovision” yarışmasına hazırlığı, müsabiqə öncəsi ölkədəki ictimai-siyasi durum barədə məqalə yayımlayıb: “Iştirak yoxsa boykot” Azərbaycanın avtoritar rejimi yarışmaya 1 ay qalmasına baxmayaraq müsbət addımlar atmayıb. Əksinə hökumətin son addımları, ümumiyyətlə, yaxşılığa doğru nələrinsə dəyişməyəcəyini göstərir. Insan hüquqlarının qorunmasıyla bağlı başladılan “Sing for democracy” kampaniyası Bakıya səfərlərin təşkil olunmasını və burada baş verən tənqidi hallar barədə məlumatların yayılmasına çağırış edib”.
“Vəziyyət getdikcə pisləşir”
Məqalədə daha sonra deyilir ki, “Eurovision” yarışması Azərbaycandakı avtoritar rejimi demokratik addımlar atmağa hömək edəcəkmi? “Sing for democracy” kampaniyası bu kimi suallarla bağlı Berlində tədbir keçirdi. Kampaniyanın fəallarından biri Rəsul Cəfərov “Çox təəssüf ki, vəziyyət daha da pisləşib” deyib. Almaniya hökumətinin insan haqları üzrə ali nümayəndəsi (ombudsman) Markus Leninq də Azərbaycandakı vəziyyəti sərt tənqid edib. Leninq “Sing for Democracy” kampaniyasının son açıqlama və bəyanatlarını dəstəkləyərək bildirib ki, “Eurovision”un boykot olunmasına qarşıdır. Ombudsman “siyasi məhbuslarsız ”Eurovision”un daha yaddaqalan olacağını söyləyib.
“Der Spiegel” məqalənin sonunda qeyd edir ki, Azərbaycan korrupsiyanın səviyyəsinə, söz azadlığının məhdudlaşdırılması, sərbəst toplaşmaq hüququnun pozulması kimi hallara görə sərt tənqid olunur. Insan haqları uğrunda mübarizə aparan fəallar avtoritar prezident Ilham Əliyevə sərt münasibət bəsləyir. Hazırda ölkədə 60-70 nəfər aralığında siyasi məhbsuların olduğu deyilir. Həbs olunanlar arasında 6 jurnalist də var.
“Azərbaycanın hüquq- mühafizə sistemləri jurnalistləri təhdid edir”
“Der Spiegel”lə yanaşı Almaniyanın digər nüfuzlu mətbu orqanı “Deutsche Welle” qəzetində də “Eurovision” yarışması öncəsi ölkəmizdəki ictimai-siyasi durumla bağlı məqalə dərc olunub: “Eurovision” musiqi yarışması Bakıda keçiriləcək. Hüquq müdafiəçiləri və ictimai fəallar Azərbaycandakı insan haqlarının durumuna hökumətin diqqətini yönəltmək istəyirlər. Almaniya hökumətinin insan haqları üzrə ombudsmanı Markus Leninq Azərbaycandakı son vəziyyətlə bağlı olduqca sərt münasibət sərgiləyib”.
Qəzet “Azadlıq” radiosunun əməkdaşı, tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılovanın peşə fəaliyyətinə görə təzyiqlərlə üzləşməsini xatırladıb: “Azərbaycanın tanınmış jurnalisti Xədicə Ismayılova hökuməti sərt tənqid etdiyi üçün şantaja məruz qaldı. Ondan tənqidi və araşdırma məqalələri yazmamaq tələb olundu. Ismayılova şantaj və hədələrə məhəl qoymayandan sonra onun şəxsi həyatıyla bağlı videokadrlar yayımlandı. Hökumət qurumları hadisənin araşdırılmasından imtina etdi. Almaniyalı ombudsman Markus Leninq bunu ”qəbuledilməz” adlandırdı”.
“Sing for democracy” kampaniyasının fəalları musiqi yarışmasından ölkədəki ictimai-siyasi duruma diqqətlərin yönəldilməsi üçün istifadə etməyə çalışır. Kampaniyanın təşkilatçılarından biri Rəsul Cəfərov deyir ki, musiqi yarışması Azərbaycan tarixində yalnız mədəni iz buraxmamalıdır. “Eurovision” həm də fikir azadlığı və sərbəst toplaşmaq hüquqlarına öz töhfəsini verməlidir.
“Human Rights Watch” insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson bildirir ki, Xədicə Ismayılova ilə bağlı olay Azərbaycanda baş verən xoşagəlməz hadisələr barədə yalnız son nümunədir. Onun sözlərinə görə, hazırda 6 jurnalist həbsdədir. Azərbaycanın hüquq-mühafizə sistemləri jurnalistləri təhdid edir. Təşkilat rəsmisi deyir ki, jurnalistlərlə yanaşı hökuməti tənqid edən hüquq müdafiəçiləri də təzyiqlərlə üzləşir. Markus Leninq Azərbayacanda vəziyyətin getdikcə daha da pisləşdiyini söyləməklə yanaşı bildirir ki, tənqidlər öz effektini verə bilər.
Leninq əlavə edir ki, Azərbaycanın avtoritar rəhbəri Ilham Əliyev Almaniyanın xarici işlər naziri Quido Vestervellenin Bakıya səfəri zamanı tənqidlərdən narahatlıq keçirdiyini hiss etdirdi. Vestervellenin azərbaycanlı həmkarı Elmar Məmmədyarov Markus Leninqin Azərbaycanla bağlı mövqeyindən rəsmi Bakının narahatlığını açıq şəkildə dilə gətirdi.
Əliyev rejimi hədəfdə
Bunlarla yanaşı “Euronews” kanalı da musiqi yarışması öncəsi Azərbaycandakı durumla bağlı reportaj yayımlayıb. Reportajda ölkəmizin “Eurivison”a hazırlığı barədə qısa məlumat verilir. Kanalın əməkdaşı Bakıda keçiriləcək yarışmayla bağlı paytaxt sakinlərinin mövqeyini öyrənib. Ölkəmizdəki insan haqlarının durumuna toxunan “Euronews” qeyd edir ki, Azərbaycan yarışma öncəsi hüquq müdafiəçilərinin hədəfinə çevrilib. Onlar ölkədəki siyasi məhbusların azad olunmasına və mətbuatın azad fəaliyyətinə imkanlar yaradılmasına dair çağırışlar edir.
“Human Rights Watch”un rəsmisi Hyu Uilyamson “Euronews”a açıqlamasında bildirib ki, təşkilat nümayəndələri Avropa Yayım Birliyindən Azərbaycan hakimiyyətiylə açıq danışmağı tələb edib. Onlardan yarışma başlamadan əvvəl siyasi məhbuslar və jurnalistləri azad edib-etməyəcəyiylə bağlı Azərbaycan hakimiyyətinə sual ünvanlamalarını istəyib.
Siyasət şöbəsi