Cinayət Məcəlləsində belə bir norma var: Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Bu siyasət hər bir ölkə üçün əhəmiyyətlidir. Cinayətkarlığın qarşısını almaq üçün həbsxanaya düşən şəxsləri islah etmək və onların həbsdən azad edildikdən sonra bir daha geri dönməməsi üçün işlər görmək vacibdir.
Əslində yaxşı addımdır deyilmi? Amma bir anlıq gözümüzü kitabdan ayırıb ətrafımıza baxaq. Reallıqda tam fərqli mənzərənin şahidi olarıq. Ölkədə cəza sistemi, ədalət sistemi elə qurulub ki, həbsxanaya düşən şəxslər islah edilmir, əksinə oradan daha da qəzəbli çıxır və əksəriyyəti bir müddət sonra yenidən həbsxanaya qayıdır.
Bunun bir çox səbəbləri var. Bir neçə il əvvəl cəzaçəkmə müəssisələrində cəzasını bitirməkdə olan məhkumlara cəzasını bitirdikdən sonra cəmiyyətə social adaptasiya edilməsi ilə bağlı təlimlər keçirdim. Onları ancaq bir məsələ maraqlandırırdı. Onlara ödəniləsi 420 manatı necə alsınlar?
Əslində bu da normaldır, çünki məhkum azadlığa çıxdıqdan sonra ona kimsə iş vermək istəmir, əksər insanlar onlara hürkmüş halda baxır, onlardan ehtiyat edir. İnsanların onlara mənfi reaksiyası, mənfi münasibəti nəticəsində məhkumlar yenidən həbsxanaya dönmüş olurlar. Onlarda ətrafdakı insanlara qarşı sanki bir qəzəb formalaşır, yaşadıqları cəmiyyəti düşdükləri bəlalara görə qınayırlar.
Çox vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs edilən şəxslərin məhkəmələrində qəribə hal müşahidə edirəm. Onların üzünə duran və polis bölmələrinin ştatdankənar işçiləri kimi atdığı imzaya görə haqq alan hal şahidlərinin qəribə davranışları var. Onlar aldıqları xidmət haqqı müqabilində tutulan şəxslərin üstündən narkotik vasitənin çıxdığını birnəfəsə danışırlar. Amma bəzən həyat elə gətirir ki, hal şahidinin özü həbsə düşməli olur. Bu halda o, hal şahidi olduğu iş üzrə ifadə verdikdə düzünü danışır, narkotik vasitəni görmədiyini, yaxud həbs edilən şəxsin üzərindən çıxmadığını deyir və beləcə günahsız yerə həbs olunan şəxsin azad edilməsinə bir növ vəsilə olur.
Hal şahidi həbs olunmasına görə onu tutan şəxslərə qarşı qəzəbli olur və hadisənin düzünü danışmaqla onlara qarşı bir növ qisas aldığını düşünür.
“Səfillər” romanının qəhrəmanı Jan Valjan da həbsdən qəzəbli çıxmışdı. Acından ölməmək üçün çörək oğurladığına görə illərini həbsxanada keçirən şəxs həbsdən azad edildikdə neyləyə bilərdi? O, oğrudur damğası ilə illərini nəyə xərcləyəcəkdi? Onu çörək oğurlamağa görə ittiham etməklə onu islah etmək mümkün idimi? Bəlkə də gümüş qaşıqlar və ona öz evinin qapsını açan keşiş olmasaydı, o yenə də qəzəbli Jan Valjan kimi qalacaqdı, xeyirxah Madlen babaya çevrilməyəcəkdi.
Ümumiyyətlə, ölkədə qəzəb geniş yayılıb. İstər həbsxanadan çıxan məhkumlarda, istərsə də onları həbs edən, onların taleyini həll edən insanlarda. Qəzəb onların daxilinə köç edib özünə məskən salıb.
Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların cəmiyyətə adaptasiya edilməsi, onların islah olunması üçün demək olar ki heç bir iş görülmür. Çox cüzi müəssisə ola bilər ki, orada psixoloq, pedaqoq işləsin. Məhkum cəzaçəkmə müəssisəsinə düşdükdən sonra orda olan yazılmamış qaydaları, qanunları gördükdən sonra islah olunması mümkün olacaqmı? Çətin.
Axı hər yerdə onun yaxşı insana çevrilməsi üçün keşiş və gümüş qaşıqlar yoxdur.
Yadıma Yadigar Sadıqovun vaxtından əvvəl azadlığa buraxılması üçün etdiyi müraciətin təmin edilməməsi düşdü. Cəzaçəkmə müəssisəsi Y. Sadıqovun islah olunmamasının səbəbi kimi bütün günü kitab oxumasını, əməyə meylli olmamasını göstərirdi. Əgər islah olunma bu cür qiymətləndirilirsə, onda vay bu sistemin halına.