Aksiyaya icazə verilib-verilmədiyi bu gün bəlli olacaq
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai Palatanın 22 apreldə keçirməyi planlaşdırdığı yürüş-mitinqlə bağlı cavabı hələ də bəlli deyil. Əslində meriya müraciətə dünən cavab verməli idi. Lakin qurum ənənəsinə sadiq qalaraq cavabı son ana saxlayıb. Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, meriyanın məsul əməkdaşı Zaur Ramazanovun mobil telefonu dünən bütün gün bağlı olub: “Özü qəsdən söndürüb ki, ona zəng etdiyimizi sübut edə bilməyək. Qanunda ən azı, üç gün qalmış yazılıb. Bu o demək deyil ki, elə üç gün qalmış cavab vermək lazımdır. Bakı Şəhər İcra Hakimiyyəti bu məqamdan istifadə edib cavabı son dəqiqədə verir. Yəqin cavab üçün sonuncu gün kimi aprelin 18-ni nəzərdə tutublar”.
Xatırladaq ki, saat 16.00-dan 18.00-dək keçirilməsi nəzərdə tutulan yürüş-mitinq üçün üç ünvan – Binəqədi rayonu, 7-ci mikrorayondakı keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq S.S.Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışı, Nizami rayonu 8-ci kilometr qəsəbəsində Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydan, Nərimanov rayonu Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkı göstərilib. Aksiyada “Yeni parlament seçkiləri keçirilsin!” “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!”, “Əmanətlər birə-bir qaytarılsın!”, “Əmlakımıza toxunmayın!”, “Korrupsiya və rüşvətxorluğa son!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.