Mitinqin işıqlandırılması üçün İTV-yə müraciət olunacaq
Ictimai Palatanın 22 apreldə keçirməyi planlaşdırdığı yürüş-mitinqi cəmiyyətdə böyük səs-küyə səbəb olub. Artıq ictimaiyyətdə 8 aprel mitinqindən sonra canlanma daha da artıb. Hakimiyyət 8 aprel mitinqinin alınmaması üçün nəqliyyatın hərəkətinə mane olmağa çalışsa da, bu, nəticəsiz başa çatmışdı. Ictimai Palata 22 aprel mitinqinə necə hazırlaşır? Bu aksiya 8 aprel mitinqindən izdihamlı olacaqmı? 8 aprel mitinqində yaradılan problemlərin (marşrutlarda yaradılan problemlər, mitinqə çağırış vərəqələrini payladığına görə həbs edilən gənclər) qarşısını ala biləcəkmi? Əslində ictimaiyyətin olan ITV-ni qarşıdakı mitinqlərdə çəkiliş aparmaq üçün dəvət edəcəklərmi?
“22 aprel mitinqinə 20 mindən artıq adam gələcək”
AXCP sədrinin müavini Asəf Quliyevin sözlərinə görə, Ictimai Palatanın 8 aprel mitinqi gözləniləndən daha yaxşı keçdi: “10 mindən artıq adam mitinqə qatılmışdı. Bəziləri qorxurdular, bəziləri tərəddüd edirdilər. Biz aksiyadan sonra insanlarla söhbət elədik. Artıq onlar da növbəti mitinqlərimizdə iştirak etməyə qərar veriblər. Bizim 22 aprel mitinqindən gözləntilərimiz daha böyükdür. Düşünürəm ki, budəfəki mitinqə 20 mindən artıq adam gələcək. Hakimiyyət 8 aprel mitinqində olduğu kimi bu dəfə də əngəllər törətməyə, insanların bu mitinqdə iştirakına müəyyən vasitələrlə mane olmağa çalışacaq. Ancaq bunun qarşısını almaq üçün lazımi tədbirlər görəcəyik. Bütün hallarda 22 aprel mitinqi daha izdihamlı olacaq”.
Asəf Quliyev 8 aprel mitinqi ilə bağlı çəkiliş aparmaq üçün ITV-yə müraciət edilməsinin təklif olunduğunu deyir: “Mitinq komitəsinin toplantısında bu bir daha müzakirə olunacaq. Hökumət deyir ki, Azərbaycan demokratik ölkədir, həqiqətən bu belədirsə, ITV nəinki çəkiliş aparmalı, hətta mitinqin canlı yayımlanmasını təmin etməlidir. Ictimai Palata olaraq rəsmi şəkildə ITV-yə müraciət edəcəyik”.
AXCP funksioneri mitinqə çağırış vərəqələrinin yayılmasının qanuna zidd olmadığını bildirdi: “Vərəqələrin paylanmasında heç bir qanun pozuntusu yoxdur. Əfsuslar olsun ki, hakimiyyət polis gücünə prosesə mane olmağa çalışır. 22 aprel mitinqində hökumətin bu cür hərəkət etməməsi üçün başqa addımlar atacağıq. 8 apreldə nəqliyyatda problemlər yaratdılar, insanların mitinqə gəlməsinə əngəl törətməyə çalışdılar. Ancaq biz 22 aprel günü başqa-başqa ünvanlarda toplaşıb yürüş halında mitinq olan ünvana gedəcəyik. Hakimiyyətdə təmsil olunan bəzi məmurlar qeyri-rəsmi etiraf etdilər ki, 8 aprel günü insanların gəlişinə mane olmağa çalışıblar və nəqliyyatın mitinq olan ünvana gec-gec işləməsinə birbaşa Ziya Məmmədov göstəriş verib. Hökumət həmişə deyir ki, müxalifət yoxdur, zəifdir. Həqiqətən biz zəifiksə, niyə narahat olurlar. Imkan versinlər mitinqimizi keçirək. 8 aprel bir daha göstərdi ki, hakimiyyət nə qədər təşviş içindədir”.
“Hakimiyyət prosesin qarşısını ala bilməyəcək”
Müsavat başqanı Tofiq Yaqublu hər bir şeyin BŞIH-in cavabından asılı olduğunu söylədi: “Bu dəfə müraciət etdiyimiz ünvanlardan biri ”Dərnəgül” metrostansiyasının çıxışıdır. Hakimiyyətin ənənəvi bəhanələrinə yer qalmayıb. Bildiyimiz kimi avtomobil hərəkətinin, ümumiyyətlə, olmadığı bir ünvandı. Biz hələ bilmirik nə cavab veriləcək. Ancaq bir şeyə əminik ki, budəfəki mitinq daha izdihamlı olacaq”.
Tofiq Yaqublu deyir ki, ötən il 2 aprel məhbuslarını həbs edən zaman ittihamlardan biri də aksiyaçıların nəqliyyatın hərəkətinə mane olduqları göstərilmişdi: “Məhkəmədə deyilirdi ki, guya mitinq iştirakçıları şirkətlərə külli miqdarda ziyan vurub. Ancaq 8 aprel mitinqində hökumət özü öz yalanını ifşa etdi. Hər dəfə mitinq olanda mitinq komitəsinin üzvləri Bakı Şəhər Baş Polis Idarəsinə dəvət edilir. Biz bu dəfə də bu məsələni orada qaldıracağıq. Düzdür, bu hökumət nə qanunun aliliyinə, nə də başqa bir şeyə hörmət edir. Bütün hallarda onlar bu prosesin qarşısını ala bilməyəcəklər. 22 apreldə yenə hansısa maneə törətməyə çalışacaqlar, lakin bunun heç bir faydası olmayacaq”.
Müsavat funksionerinin sözlərinə görə, ITV-nin yaradılmasında müxalifətin böyük rolu var: “Müxalifət hakimiyyət qarşısında müstəqil medianın yaradılmasını tələb edəndə hökumət Ictimai Televiziyanı yaratmağa məcbur oldu. Ictimai Televiziya çox təəssüf ki, cəmiyyətin deyil, bir ailənin telekanalına çevrilib. Ictimai Televiziyanın borcudur ki, mitinqi işıqlandırsın. Bu kanalıın cəsarəti çatmır ki, xırda bir görüntü versin. Necə olur ki, ITV Ermənistanda müxalifətin mitinqindən geniş reportaj verir, ancaq Bakıdakı mitinqi işıqlandırmır? Bu, absurd bir şeydir. Ictimai Televiziya bir ailənin yox, ictimaiyyətin maraqları üçün çalışmalıdır”.
Ramin DEKO