Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə təxirə salınıb. A. Çovdarovun vəkilləri məhkəmədən onlara bildiriş gəlmədiyini əsas gətirərək prosesə gəlməyiblər. Bundan sonra dövlət tərəfindən ittiham olunan şəxslərə vəkil təyin edilib. Lakin ittiham olunan şəxslər həmin vəkildən imtina ediblər.
Məhz buna görə də məhkəmə təxirə salınıb. Məhkəmə baxışı oktyabrın 4-nə təyin edilib.
***
Jurnalistlərin məhkəməyə buraxılmaması barədə göstəriş verilib
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general Akif Çovdarov və daha üç keçmiş idarə rəisi Akif Çovdarov, Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun bu gün məhkəməsi başlayıb. MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxsa da, proses Sabunçu Rayon Məhkəməsində keçirilir. Hazırda məhkəmənin hazırlıq iclası.keçirilir. Məhkəmə nəzarətçiləri bildirib ki, onlara prosesə jurnalistləri buraxmamaq barədə göstəriş verilib. Ona görə də heç bir səbəb göstərmədən jurnalistlər məhkəmə prosesinə buraxılmayıb.
Akif Çovdarov və digərlərinə qarşı CM-nin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.