Buna əsas Türkiyənin alyansa müraciətidir
Elxan Şahinoğlu: “Türkiyə ərazisində qaçqınların qətlə yetirilməsi davam etsə, NATO tələbi yerinə yetirmək məcburiyyəti qarşısında qala bilər”
Suriya ordusu Türkiyənin sərhədlərini pozmaqda davam etsə, Ankara NATO-dan hərbi-texnik yardım istəyəcək. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən, ölkəsi alyansın köməyinə ümid edə bilər. Bu maddəyə əsasən, hər hansı NATO üzvünə qarşı hücum bütövlükdə alyansa hücum deməkdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Suriya ordusunun Türkiyədə suriyalı qaçqınların məskunlaşdığı ərazini ətəşə tutması nəticəsində iki nəfər ölüb. Bütövlükdə isə bu ölkədə müharibə başlayandan 20 min suriyalı sığınacaq yeri kimi Türkiyəyə üz tutub.
BMT Təhlükəsizlik Şurasında Rusiya və Çinin mane olması səbəbindən Suriyaya qarşı sərt addımlar ata bilməyən Qərb Türkiyənin NATO-ya müraciətindən istifadə edərək niyyətini həyata keçirə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Bəşər Əsədrin Annan planını yerinə yetirəcəyinə inam azdır. Çünki Suriya rejimi həmin planı vaxtında yerinə yetirmədi. Indi də atəşkəs rejiminə riayət olunduğunu desə də, bəzi şəhərlərdə atəş səsləri eşidilir. Türkiyə də bundan narahatdır. Çünki artıq öz ərazisi hədəf götürülüb.
Ekspertin fikrincə, bu məsələdə Ankara Suriyayla üz-üzə qalmaq istəmir. Beynəlxalq aləm də Suriya rejiminin hakimiyyətdən getməsini istəyirsə, bu məsələdə Türkiyəyə dəstək verməlidir. Əgər Türkiyə geniş koalisiyada iştirak edirsə, deməli, ümumi məsuliyyət olmalıdır. Türkiyə NATO-nun üzvü olduğundan 5-ci maddəni irəli sürərək NATO müdafiə tədbirlərini hərəkətə gətirməyi tələb edə bilər və bu istəyində də haqlıdır.
NATO-nun bu məsələyə necə reaksiya verməsinə gəldikdə, ekspertin fikrincə, Türkiyə ərazisində qaçqınların qətlə yetirilməsi davam etsə, NATO tələbi yerinə yetirmək məcburiyyəti qarşısında qala bilər.
Fizzə