«Israil Iranı vursa, Cənubi Qafqazdakı maraqlarımız, o cümlədən BTC təhlükəyə məruz qalacaq»
«Belə olan halda Azərbaycanla Iran arasında da münaqişənin mümkünlüyü ehtimal olunur»
Iran ətrafında gərginlik artdıqca Qafqazda təhlükəsizliyin saxlanması ilə bağlı Vaşinqtonda narahatlıq artır. Bu barədə “Turan”ın müxbiri məlumat verib. Prezident Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski hesab edir ki, Qərbin Irana hücumu olarsa, Rusiyanın Gürcüstana qarşı ikinci dəfə müharibə etməsi mümkündür.
Aprelin 11-də Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təşkil etdiyi “Global Security Forum 2012″ konfransında Bjezinski qeyd edib ki, Israil Irana hücum edərsə, bizim Cənubi Qafqazdakı milli maraqlarımız, o cümlədən BTC neft kəməri təhlükəyə məruz qalacaq.
Belə olan halda Azərbaycanla Iran arasında da münaqişənin mümkünlüyü ehtimal olunur”, – o vurğulayıb.
Bjezinskinin bəyanatı, Ceymstaun Fondu rusların Gürcüstana qarşı mümkün hərəkətlərinə dair plan haqqında analitik sənəd dərc etdikdən sonra bir neçə gün sonra səslənib.
Həmin materiala görə, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində öz hərbi iştirakını genişləndirməkdə davam edir. Belə ki, 2012-ci ilin yayında Irana qarşı hərbi əməliyyatların başlanması ehtimal olunur. Tbilisidə güman edirlər ki, Rusiyanın yeni müdaxiləsi oktyabra təyin edilmiş parlament seçkilərinə həsr oluna bilər. Sorğuya əsasən prezident Saakaşvilinin hakim partiyası qalib olmağa hazırdır, rusiyapərəst milyarder Bidzin Ivanişvili isə kütləvi dəstək almaq iqtidarında deyil. Eyni zamanda Vaşinqtondakı bəzi analitiklər Gürcüstana mümkün hücumu skeptik qiymətləndirirlər. Keçmiş diplomat və hərbçi Deyl Ersprinq hesab edir ki, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində – Abxaziya və Cənubi Osetiyada möhkəmlənir.
Eyni zamanda onun fikrincə, əgər Yaxın Şərqdə miqyaslı müharibə başlayarsa, o zaman hər şey mümkündür. Istənilən halda Gürcüstana yeni müdaxilə Amerika-Rusiya münasibətlərini tamamilə poza bilər.
Digər analitik, Karlton Universitetinin Avropa və Avrasiya Araşdırmaları Institutunun direktoru Ceff Sahadeo deyib ki, son qərarı Putin qəbul edəcək. O, Qafqazda və Yaxın Şərqdə baş verənlərdən asılı olaraq ciddi siyasi haqq-hesab aparacaq. “Əminəm ki, Putin Saakaşvilinin gedişini görməyə çox şad olardı, amma düşünmürəm ki, o, Gürcüstana qarşı hərbi əməliyyata əl atacaq”, – o vurğulayıb.
Öz növbəsində Vaşinqtondakı dövlət məmurları bildirirlər ki, rusların regiondakı hərəkətlərini diqqətlə izləyirlər. “Biz son hadisələrdən xəbərdarıq”, – Vaşinqtondakı məmurlardan biri Bjezinskinin bəyanatını “Turan”a şərh edərkən deyib.
“Biz bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və bunu başqalarından da gözləyirik”, – deyə o əlavə edib.
Qeyd edək ki, son vaxtlar Rusiya KIV-i Şimali Qafqazda qüvvə və vasitələrin cəmləşdiyini bildirirlər. Bir sıra hərbi ekspertlər əmindir ki, bu, Gürcüstana qarşı gələcək hərbi əməliyyat üçün lazımdır. Əməliyyatda məqsəd Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasına yolun açılması olacaq. Qərb Irana qarşı müharibəyə başlayarsa, bu yolun açılması vacib olacaq. Hazırda Ermənistandakı Rusiya bazasının təchizatı Iran vasitəsilə həyata keçirilir.
Irana qarşı müharibə olarsa, bu yol bağlanacaq.