Hikmət Hacızadə: «Rusiya Azərbaycandan bunun heyfini çıxmağa çalışacaq
“Bunun üçün onun əlində əsas alət Qarabağdır”
Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS ilə bağlı razılığın əldə olunmaması Ermənistanda yeni RLS-in tikintisi ilə nəticələnə bilər. Bu barədə məlumatlar artıq mətbuatda da geniş yayılıb. Ermənistanın baş naziri Tiqran Sarkisyan isə bu günlərdə “Kommersant”a verdiyi müsahibəsində Rusiyanın Ermənistan da belə stansiya tikməsini müsbət qarşılayacağını bildirmişdi.
O, tərəflərin razılıq əldə bilməyəcəyi təqdirdə ölkəsinin yeni RLS-in tikintisi üçün rəsmi Moskvaya ərazisini təklif edə biləcəyini söyləmişdi. Israilin “Debka.com” saytı isə Irəvan və Moskva Rusiya radiolokasiya stansiyasını Ermənistan dağlarında quraşdırmaqla bağlı razılığa gəldikləri haqqında məlumat yayıb. Burada məqsəd Türkiyənin “Incirlik” NATO hərbi bazasında yerləşdirilən Amerika radarlarına qarşı dura bilməkdir. Nəşrin yazdığına görə, belə bir qərar Rusiya xarici işlər naziri Sergey Lavrovun Irəvana yaxın günlərdə etdiyi səfəri zamanı tərəflərin razılığı əsasında verilib.
Almaniyanın “Der Standart” nəşrinin yazdığına görə, Rusiya güman ki, Azərbaycandakı irihəcmli RLS-dən imtina edəcək və onu qonşu Ermənistana, NATO ilə sərhədə və bir ay əvvəl Amerika hərbiçiləri tərəfindən Tavr dağlarında tikilən yeni RLS-ə yaxın əraziyə köçürəcək. Nəşr qeyd edir ki, yeni RLS Ermənistan üçün təhlükəsizlik baxımından əlverişli olacaq. Bu yolla da izolyasiya edilmiş ölkənin strateji əhəmiyyətini artırmaq mümkün olacaq.
Öz növbəsində ekspertlər Rusiya ilə Azərbaycanın RLS-lə bağlı razılığa gəlməməsinin Moskvanın kəskin addımlarına səbəb olacağını deyir. Lavrovun Bakını narazı tərk etməsindən sonra Azərbaycanda vəhhabilərin fəallaşması da bu addımlardan biri kimi qiymətləndirilir.
Azərbaycanın Rusiyaya imtinasının ona rahat başa gəlməyəcəyi şübhəsizdir. Belə olan alda Moskva Azərbaycana qarşı daga hansı addımlar ata bilər?
Siyasi ekspert Hikmət Hacızadə Rusiya bazasının Azərbaycandan çıxarılmasının asan iş olmayacağını deyir. Ancaq həqiqətən də bu baş versə, Rusiya Azərbaycandan bunun heyfini çıxmağa çalışacaq. Bunun üçün isə əlində bir neçə alət var. Bunlardan ən əsası Qarabağ məsələsidir. Belə ki, Rusiya Ermənistanı gücləndirəcək. Digər təzyiq vasitəsi kimi isə iqtisadi addımlar ola bilər. Rusiya Azərbaycanla ticarəti çətinləşdirə, kənd təsərrüfatı mallarının ora getməsini əngəlləyə bilər. Bundan isə kəndlilər ziyan çəkəcək. Zərər çəkənlər arasında Rusiyada çalışan azərbaycanlı miqrantların da olacaq.
Bununla belə ekspert Rusiyanın bu cür qərar qəbul etməsi ilə bağlı rəsmi məlumat olmadığını da bildirdi.
Fizzə