Həsən Kərimov: «Kənd və qəsəbələrə – xalqın içinə gedib mitinqə çağırışlar edəcəyik»
Gülağa Aslanlı “Bu dəfə iştirakçıların sayı mütləq artacaq”
“Ictimai Palatanın 22 aprel mitinqi daha möhtəşəm olacaq”. Bunu, AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyir. Onun sözlərinə görə, Rəyasət Heyətinin dünənki iclasında ötən mitinqin nəticələri və növbəti mitinqə hazırlıq məsələləri müzakirə olunub: “Bizim hesablamalarımıza görə, bütün maneələrə baxmayaraq, ötən mitinqə gözlədiyimizdən də artıq insan gəldi və proqnozlarımız özünü doğrultdu.
Nəzərə almaq lazımdır ki, kifayət qədər maneələr də var idi. Nəqliyyatın fəaliyyəti dayandırıldı, avtobuslara o istiqamətə sərnişin daşımağa icazə verilmədi. Növbəti mitinqlə bağlı proqnozumuz çox nikbindir. Ötən mitinq şəhər və rayonlarda böyük əks-səda doğurub. 22 aprel mitinqinə qalan vaxt ərzində aksiyanın daha kütləvi olması istiqamətində işlər aparacağıq. Rayon şöbələri ilə görüşlər və müşavirələr keçiriləcək. Eyni zamanda kənd və qəsəbələrə – xalqın içinə gedib mitinqə çağırışlar etməyi düşünürük”.
Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, 22 aprel mitinqinə gələnlərin sayı daha çox olacaq: “Iştirakçıların sayı mütləq artacaq. Budəfəki mitinqə gələn insanlar onun necə keçdiyini gördülər. Gəlməyənlərin çoxu isə peşman oldu. Aldığım zənglərdən də gördüm ki, həmin insanlar bir növ, pərt olublar və növbəti mitinqdə mütləq iştirak edəcəklər. 8 aprel mitinqi insanların içindən xofu çıxartdı. Insanlar gördülər ki, razılaşdırılmış aksiyada polis dəyənəyi yoxdur. Yəqin ki, onlar buna ətraflarındakı insanları da inandıracaqlar. Bu dəfə süni problemlər üzündən mitinqə gəlib çıxa bilməyənlərin də sayı çox oldu. Bu adamların çoxu yollarda qaldı. Biz gələn mitinqdə o halların aradan qalxması üçün də əlimizdən gələni edəcəyik. Həmçinin meriyaya budəfəki aksiya ilə bağlı müraciət edəndə daha münasib yerə razılıq almağa cəhd edəcəyik”.