Siyavuş Novruzovun qeyd edilən açıqlamaları ilə bağlı AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi Deyerler.Org-a münasibət bildirib: “Siyavuş Novruzov müxalifətin keçirdiyi aksiyada Azərbaycan dövlət bayrağına hörmətsizlik olunduğunu bildirib. Amma Siyavuş Novruzov nədənsə İlham Əliyevin, Səfər Əbiyevin iştirak etdiyi rəsmi tədbirlərdə Azərbaycan dövlət bayrağının təhqir olunmasını görməyib. Mitinqdə bayrağın təhqir olunması ilə bağlı bir dənə də olsun fakt yoxdur. Siyavuş Novruzov kimi adamlar artıq başa düşürlər ki, onların erasının sonudur və lazımsız vətənpərvərliklə insanlarda belə bir fikir yaratmaq istəyirlər ki, bu cür aksiyalar insanların mənafeyinə xidmət etmir. Halbuki Siyavuş Novruzovun özü də bilir ki, təmsil etdiyi partiya 2010-cu il seçkilərində bir dənə də olsun ictimai tədbir keçirməyib. Müxalifətin tədbirlərinə imkan verilməyib, amma özləri də bir tədbir keçirməyiblər. Bunların arxasınca getməyə 15 adamları da yoxdur. Hətta seçki məntəqələrindəki adamların əksəriyyəti Yeni Azərbaycan Partiyasını təmsil etmədiklərini deyirdilər. Hesab edirəm ki, bu cür açıqlamalar qorxu psixologiyasının nəticələridir. Onlar dünyadakı prosesləri görürlər, başa düşürlər ki, bu proseslərin sonu hara gedib çıxır. Onun üçün də qorxudan nə danışdıqlarını bilmirlər. Siyavuş Novruzova deyəcəyim bundan ibarətdir ki, o qorxmasın. Sadəcə olaraq özünü bir qədər ağıllı aparsın və bu kifayət edəcək”.