Rəşad Ramazanovun həbsdə ikən yazdığı yazı uzun çək-çevirdən sonra dostlarına yetişib. Yazını diqqətinizə təqdim edirik.
Xalqın ləyaqətli, imanlı və ən əsası VİCDAN-lı övladlarına salam olsun!
Vicdan, iman və qeyrət məhbusları illərdir ki, zindanlarda çürüdülür. Zülm və haqsızlıq liderləri çalışırlar ki, bizi xalqın yaddaşından silsinlər, unutdursunlar. Bizi sevən və bizə yaxın olan hər kəs istəyir ki, biz AZAD olaq, həbsxanadan qurtulaq. Lakin unutmaq olmaz ki, VİCDAN məhbusları yalnız o zaman azad olacaqlar ki, onları həbs etdirənlər və edənlərin- vicdanı məhbus olanlar da azad olsunlar! VİCDAN məhbuslarının azadlığı vicdanı məhkum olanların azadlığından asılıdır.
Azadlıq qəzetindən oxuduğum bir şüar var: Vicdan məhbuslarına azadlıq! Düşünürəm ki, bu şüarı dəyişib belə yazmaq lazımdır: vicdanı məhbus olanlara azadlıq! Hakimiyyətə azadlıq!
Bu zorbalar bir qrup insanı həbs etməklə yalnız müəyyən məhdudiyyətlər yarada bilirlər. Amma başa düşmürlər ki, ruhla yaşayan insanları məhbus etmək qeyri-mümkündür. Bu hakimiyyətin nəinki ruhu, heç rihi (külək müəl.)belə yoxdur.
Nə qədər ki, bu hakimiyyət azad və hürr olmayacaq, bizlərin, bütövlükdə xalqın azadlığından danışmağa dəyməz. Bir də bunu demək istəyirəm ki, zülm qarşısında nəinki susmaq, hətta əyilmək, yeyib-içib əylənməklə gününü keçirmək, zorbalardan dovşan kimi qorxub, siçan kimi gizlənmək, lakin, yetim-yesiri şir kimi parçalayıb, canavar kimi didmək məhv etdi xalqımı!
Ey əziz həmvətənlərim! Nə zamana qədər əsl xalq kimi deyil, kütlə halında qalacaqsınız?! Siz doğrudanmı gələcək nəsillərin sizə lənət oxumasına razısınız? Siz doğrudanmı öz adını tarixə zora və xəyanətə göz yumub “dözümlü xalq” adı kimi yazdırmağa razısınız? Sizi hər zaman sevmişəm, sevirəm də, üzülürəm də. Üzülürəm həm də ona görə ki, mən dözümlü azərbaycanlıyam!
Azərbaycana azadlıq! Xalqıma azadlıq! Hakimiyyətə azadlıq!
Rəşad Həqiqət Ramazanov
20 may 2016-cı il.