Tək əldən səs çıxmaz, hamı mitinqə!
Ictimai Palata aprelin 8-də Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirəcəyi aksiyaya cəmiyyətin müxtəlif təbəqələrini qatılmağa dəvət edir. Aksiyanın şüarları xüsusilə evi sökülən, tikinti şirkətləri tərəfindən aldadılan, yerlərdə məmur özbaşınalığı ilə üzləşən, sovet dövründən qalma əmanətləri ədalətli qaytarılmayan vətəndaşların hüquqlarının qorunmasını qabardır. Məhz son zamanlar hakimiyyətin yürütdüyü siyasətin səriştəsizliyini bu təbəqə daha çox üzərində hiss edib. Məhz bu üzdən bu şəxslərin 8 aprel aksiyasında aktiv iştirak etməsinin vacib olduğunu, münasibətini öyrəndimiz hüquq müdafiəçiləri də qeyd etdilər.
“Vətəndaşlarımız haqlarına sahib çıxmalıdır”
Tanınmış vəkil Qurban Məmmədov hesab edir ki, millətinin və dövlətinin gələcəyini düşünən hər bir şəxs bu aksiyaya qoşularaq öz sözünü deməlidir. Xüsusilə mülkiyyət hüquqları pozulan vətəndaşlarımızın bu aksiyada iştirakını vacib sayan Q.Məmmədov vurğuladı ki, ulu tanrı və qanun xüsusi mülkiyyəti qoruyur. Xüsusi mülkiyyətə qəsd edilməsi dünyada ən böyük cinayətdir: “Son zamanlar iş adamlarının dövlət ehtiyacı adı altında xüsusi mülkiyyətə müdaxiləsi adi hal alıb. Ona görə vətəndaşlarımız Ictimai Palatanın onları düşünərək, onların mövqeyindən çıxış edərək keçirdiyi aksiyaya biganə qalmamalıdırlar. Xalq indi ayağa qalxıb etirazını bildirməlidir. Çünki sabah artıq bu etiraz üçün gec də ola bilər. Çünki Azərbaycandakı rejim xalqın bütün hüquqlarını tapdalamaqdadır. Bir müddət sonra halsız vəziyyətə düşən vətəndaşlarımızın yaşamaq hüququ da əllərindən alınacaq. Bu baş verməmiş vətəndaşlarımız haqlarına sahib çıxmalıdır”.
Q.Məmmədov bildirdi ki, əslində tikinti şirkətlərinin vətəndaşları aldatmasının məsuliyyəti də bu hakimiyyətin üzərindədir. Çünki mənzillər satılan şəxslərlə Dövlət Reyestri Xidmətində müqavilə bağlansaydı, bir mənzilin digərlərinə satılması mümkünsüz olardı. Buna nəzarəti isə dövlət həyata keçirməlidir.
“Hüquqları pozulanlar səylərini birləşdirməlidir”
Hüquq müdafiəçisi Leyla Yunus da mülkiyyət hüququ pozulan vətəndaşlarımıza müraciət edərək bildirdi ki, aksiyaya qatılmaq bir vətəndaş borcudur: “Diqqət yetirin, dəfələrlə mülkiyyət hüquqları pozulan şəxslər Prezident Administrasiyasının qarşısında aksiya keçirsə də zorakılıqla üzləşiblər. Öz evlərini, ailələrini müdafiə edənlər zorakılıqla mənzillərindən çölə atıldılar. Bu, bir daha hakimiyyətin münasibətini göstərir ki, iqtidarı xalqın hüquqları maraqlandırmır. Ona görə vətəndaşlarımız bilməlidir ki, onların bütün baş verənlərə etiraz etmək hüququ var. Bunun üçünsə gözəl fürsət aprelin 8-də aksiyaya qatılmaqdır. Bir şəxsin mübarizəsi ilə uğur əldə etmək olmaz. Eyni özbaşınalıqla üzləşənlər səylərini birləşdirərək mübarizə aparmalıdırlar”.
“Vətəndaşlar psixoloji baryeri aşaraq hüquqlarını müdafiə etməlidir”
Hüquq müdafiəçisi Ələkbər Məmmədov da hesab edir ki, hüquqları pozulan şəxslərin aksiyaya qatılması aparılan mübarizənin uğurla nəticələnməsinə səbəb ola bilər. Hakimiyyətin baş verən proseslərdə hüquqları pozulan şəxsləri etirazdan yayındırmaq üçün onlara təzyiqlər etdiyini deyən Ə.Məmmədov bu üzdən mülkiyyət hüququ pozulanlar əksər hallarda müxalifətə dəstək verməyə çəkinir: “Amma aprelin 8-də keçiriləcək aksiya sırf vətəndaşların hüquqlarının müdafiəsinə istiqamətlənib. Düşünürəm ki, ona görə vətəndaşlarımız onlar qarşısında olan psixoloji baryeri aşaraq hüquqlarını müdafiə etməlidirlər. Mən bu istiqamətdə hüquqlarını müdafiə etdiyim şəxslərə aksiya barədə məlumat verəcəm və özüm də aprelin 8-də aksiyada olacam”.
“Vətəndaşlar aksiyaya gələrək haqlı etiraz səslərini ucaltmalıdır”
Tanınmış vəkil Fuad Ağayevin də qənaətincə, son zamanlar hüquqları pozulan şəxslərin 8 aprel aksiyasına qatılması vacibdir: “Mülkiyyət hüquqları pozulan, tikinti şirkətləri tərəfindən aldadılan vətəndaşlar qanuni hüquqlarının bərpası üçün çox üsullardan istifadə ediblər. Amma qanuni üsullardan biri də kütləvi tədbirlərdir. Həmin kütləvi tədbirlərdə də vətəndaşlar gəlib öz haqlı etiraz səslərini ucaldaraq, hüquqları uğrunda mübarizə apara bilərlər”.
Xəyal