Faiq Əmirlinin həbsinə ictimai etirazlar davam edir
“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin absurd ittihamlarla həbsinə ictimai etirazlar davam edir. Xatırladaq ki, Faiq Əmirli “Gülən camaatı”nın Azərbaycandakı imamı kimi həbs edilib. Bu ittiham cəmiyyətdə gülüş doğurub. Hakimiyyət lağ obyektinə çevrilib. Ictimaiyyətin tanınmış nümayəndələri hesab edir ki, hökumət bu biabırçı addıma son qoymalı, Faiq Əmirlini dərhal azadlığa buraxmalıdır.
“Bu iş AXCP və onun rəhbərliyi ətrafında qurulan torun həlqəsidir”
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Azadlıq”a açıqlamasında Faiq Əmirlinin həbsi siyasi məqsəd daşıdığını deməklə yanaşı, Gülənlə bağlı Azərbaycan qanunvericiliyində heç bir məsuliyyət nəzərdə tutulmadığını bildirib: “Ona qalsa kitabxanamızdakı istənilən kitablara görə hamımızı məsuliyyətə cəlb edə bilərlər. Siyasi mübarizənin belə bir səviyyəyə keçirilməsinə təəssüf edirəm. Başqa adam olsaydı, bəlkə də nəsə düşünmək olardı. Faiqlə bağlı isə mənfi obrazda düşünmək mümkün deyil. Əvvəllər narkotiklə insanları həbs edirdilər, indi isə kitablara görə. Necə deyərlər, irəliyə doğru addım atıblar. Lakin belə addımlarla biz yüz il sonra sivil münasibətlərə çatacayıq. Problemləri bu müstəvidə çözmək təəssüfedicidir. Bütövlükdə bu iş AXCP və onun rəhbərliyi ətrafında qurulan torun həlqəsidir. Gənc və savadlı şəxsləri belə sındırmaq olmaz. Faiqin də ailəsi və övladları var. Onun böyütdüyü övladlar bu cəmiyyətin zərrəcikləridir”.
Politoloq Hikmət Hacızadə Faiq Əmirlini ləyaqətli bir insan və həqiqi bir demokrat kimi tanıdığını deyib. Onun hansısa bir hərəkatın imamı olduğuna inanmadığını vurğulayan politoloq bunların hamısını provokasiya və qondarma iş adlandırır:
“Bu məsələ Azərbaycan üçün növbəti biabırçılıqdır. Görünür, hardasa ağıllı qüvvələr iş görmək adıyla belə şeylər uydururlar. Faiq Əmirli tezliklə azadlığa çıxmalıdır. Ona azadlıq tələb edirəm”.
“Məsələnin motivi siyasidir”
Hüquqşünas Ələsgər Məmmədliyə görə isə Faiq Əmirliyə verilən ittihamın tətbiq olunması üçün onun ictimai qaydada, kütlə qarşısında və ya mediada ifadə olunması lazımdır. Lakin onun baqacı KIV, maşını isə kütləvi cəmiyyət hesab olunmur:
“Istintaq əvvəldən böyük səhvə yol verib. Bu məsələ aydın ifadə edilməlidir. Məsələnin motivi siyasidir. Ölkənin hüquq-mühafizə sisteminin düşdüyü vəziyyət təəssüf doğurur. Konkret şəkildə hüquq bir kənarda qalıb, siyasi mülahizələrlə insanlar seçilir və azadlıqları məhdudlaşdırılır. Vətəndaşların dövlətə və hüquqa inamı itir və bu, artıq böyük faciədir”.
“Qadağan olunmuş kitablarla bağlı Azərbaycan hökümətinin açıqlaması olmayıb. Təbii ki, bunlar saxta və heç bir hüquqi, fundamnetal əsası olmayan ittihamlardır”.
Bunu isə Arqument.Az-a hüquq müdafiəçisi Bəşir Süleymanlı AXCP sədrinin köməkçisi Faiq Əmirliyə 3 ay həbs-qətimkan tədbiri seçilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Faiq Əmirlinin həbsinin dini motivlə heç bir bağlılığı yoxdur: “Faiq Əmirlini tanıyırıq. Bilirik ki, onun həbsinin Gülən hərəkatı və ümumiyyətlə, dinlə heç bir bağlılığı yoxdur. Onun həbsi siyasi motivlidir. Ona görə də, hamı kimi biz də bunu saxta ittiham kimi qəbul edirik. Qadağan olunmuş kitablarla bağlı Azərbaycan hökümətinin heç bir açıqlaması olmayıb, ümumiyyətlə, qadağan olunmuş kitablar və ÿədəbiyyatla bağlı heç bir siyahı dərc edilməyib. Belə bir siyahı olmadığı, heç vaxt belə bir açıqlama verilmədiyi halda, kitabla həbs etmək bəhanəsi də absurddur. Biz zamanında dəfələrlə hökümətin üst qatında olan insanların istər Qafqaz universitetdəki tədbirlərdə, istərsə də onların digər tədbirlərində iştirakını görmüşük. Əgər onlarda belə problemlər var idisə, Gülən hərəkatının mənfi tərəfləri ilə bağlı məsələni hakimiyyət niyə qaldırmayıb? Belə bir vaxtda bu kimi iddialarla kimlərisə həbs etmək də absurddur. Əgər kitablar qadağan edilirsə və təşkilat terrorçu kimi qələmə verilirsə, bunun üçün qanuni məhkəmə hökmü olmalıdır. Bundan sonra bu sahədə çalışan, bu kitablardan istifadə edən, bu cərəyana yönələn insanlarla bağlı araşdırma aparılmalıdır. Belə çıxır ki, sabah Bəşir Suleymanlı ilə əlaqəsi olan hər hansı bir insan ”terrorçu ilə münasibət” ittihamı ilə həbs edilə bilər. Bu çox absurddur və bu absurdun heç bir hüquqi və mənəvi əsaslanması yoxdur”.
Faiq Əmirlinin həbsinin “Azadlıq” qəzetinin bağlanmasına zəmin olaraq planlaşdırıldığını ehtimal edən hüquq müdafiəçisi bildirib ki, hüquqa əsaslanmayan bir ittiham barədə fikir yürütmək və yaxud da əsaslar tapmağa ehtiyac yoxdur: “Bu, Faiq Əmirliyə və yaxud AXCP-ə qarşı olan bir prosesdir. O cümlədən, ehtimal olunur ki, ”Azadlıq” qəzetini də bu prosesdə bağlaya, Milli Şuranın digər üzvlərini və qurumları da bu prosesə cəlb edə bilərlər. Yəni hüquqa əsaslanmayan bir ittiham barədə fikir yürütmək və yaxud da əsaslar tapmağa ehtiyac yoxdur”.ÿ
“Cinayət qanunvericiliyində ”qadağan olunmuş” ədəbiyyat ifadəsi yoxdur”
Hüquqşünas Intiqam Əliyev “Azadlıq radiosu”na açıqlamasında hüquq-mühafizə orqanlarının birgə məlumatını “biabırçı” hesab edir. O, bir məqamın üzərində dayanır: “Tutulan şəxslərin partiya mənsubiyyətinin – AXCP üzvü olmalarının vurğulanmasının üstüörtülü həmin partiyanı gözdən salmaq məqsədi güddüyü şübhə doğurmur. Mən indiyə qədər görməmişəm ki, hətta ən ağır cinayətlərdə ittiham olunan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda, istintaq və ya məhkəmə sənədlərində onların, məsələn, YAP üzvü olduğu göstərilsin”.
Hüquqşünas Faiq Əmirliyə və Fuad Əhmədova elan olunan ittihamları tamamilə əsassız sayır: “Fəalların olduğu iddia edilən ədəbiyyatların heç biri qadağan olunmuş ədəbiyyat deyil. Və ümumiyyətlə, cinayət qanunvericiliyində ”qadağan olunmuş” ədəbiyyat ifadəsi yoxdur: qadağan olunmuş toplantı var, qadağan olunmuş əşya var, təhlükəli tullantıların qadağan olunmuş növləri var və s. Amma ölkədə hansısa ədəbiyyatı qadağan edən nə qanun var, nə də onların siyahısı. Hətta məlumatda yazılanlar həqiqət olsaydı belə, “fətullahçılığın”, “gülənçiliyin” təbliği cinayət deyil, çünki qanunvericiliklə nə qadağan ediliblər, nə də buna görə məsuliyyət müəyyən edilib. Bu ədəbiyyatı son vaxtlara qədər, az qala, bütün kitabxanalarında əldə etmək, onları maşında, qatarda, atın belində aparmaq, oxumaq, evdə, liseydə, universitetdə müzakirə etmək mümkün idisə, onda gərək ölkədə minlərlə adam tutula. Başda da həmin kitabxanaların, onların tabe olduqları qurumların rəhbərləri”.
Intiqam Əliyev hesab edir ki, “Gülən camaatı”, “Hizmət” adlandırılan qrupa üzvlük cinayətdirsə, onda ölkədə son dövrlərə qədər ölkənin ən yaxşı təhsil müəssisələrindən biri kimi təqdim edilən “Qafqaz” universitetinin, onlarla liseylərin rəhbərliyi, müəllimlərinin əksəriyyəti, bu qurumlara lisenziya verən dövlət qurumlarının rəhbərləri həbsxanada olmalıydılar.
Hüquqşünas bunu da deyir ki, Erdoğanın bu hadisələrdən istifadə edib öz opponentlərini, demokratik institutları zəiflətmək, öz opponentlərini sıradan çıxarmaq, hakimiyyətlərini gücləndirmək niyyəti göz qabağındadır və oxşar hadisələr Azərbaycanda da baş verir.
Faiq Əmirlinin həbsilə bağlı növbəti ifşaedici fakt
Bu arada Milli Şuranın Cəmil Həsənli Faiq Əmirlinin işində növbəti ifşaedici fakt barədə məlumat verib. Cəmil Həsənli bu barədə “Feysbuk” səhifəsində yazıb:
“Dostlar! Yenicə ”Nardaran işi” ilə bağlı məhkəmədən gəlirəm. Bu gün prosesdə bu iş üzrə şahid və zərərçəkən kimi tanınmış “Bandotdel”in əməliyyat işçisi Islam Ağabəyov ifadə verirdi. Məhkəmə araşdırması zamanı vəkillər və təqsirləndirilən şəxslərNardaran işi ilə bağlı cənab Ağabəyovun saxlanılan şəxslərə ağır işgəncələr verdiyini üzə çıxardı. Bu ayrı bir yazının mövzusudur. Ən maraqlısı odur ki, Nardaran əməliyyatının əsas təşkilatçılarından biri olan Ağabəyov bu iş üzrə həm əməliyyat istintaq işlərində iştirak edib, təqsirləndirilən şəxslərin hadisə yerinə aparılması və bu prosesin videoya alınmasında iştiriak edib, həm də işdə şahid və zərərçəkən kimi tanınıb. Sual cavab zamanı Hacı Tale Bağırzadə bəyan etdi ki, məhz Ağabəyov ondan Nardaran hadisələrini Milli Şuranın, Əli Kərimli və mənim təşkil etməyib barədə təhdid və işgəncə yolu ilə ifadə almağa çalışıb, bu ifadəni almaq üçün ona idarədə dəhşətli işgəncə veriblər. Əslində, normal və müstəqil məhkəmə olsaydı Ağabəyov törətdiyi qanunsuz əməllərinə görə məhkəmə zalındaca həbs olunmalı idi. Yeri gəlmişkən, bu gün o da aydın oldu ki, bir neçə gün əvvəl Əli Kərimlinin həbs edilmiş köməkçisi və GAzadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin maşınının yük yerindən “Gülənçi ədəbiyyatı” “çıxaran” da elə bu Islam Ağabəyov olub”.