Nemət Əliyev: «Referenduma çıxarılan məsələlərin idarə sisteminin təkmilləşdirilməsinə heç bir aidiyyəti yoxdur»
Qarşıdan gələn referendumun Azərbaycan üçün önəmli olduğunu əsaslandırmaq üçün hakimiyyət təmsilçiləri müxtəlif vasitələrə müraciət edirlər. Hətta bu gedişləri zamanı indiyəqədərki idarəçiliyin effektivsiz və lüzumsuz olduğunu etiraf etməkdən də çəkinmirlər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin açıqlaması bu qəbildəndir. Onun fikrincə, daha çevik hökumətin yaradılması indiyə qədər olan uğursuz iqtisadi addımların təkrarlanmasını minimuma endirə bilər: “Baxmayaraq ki, Nazirlər Kabineti mövcuddur, qərarlar qəbul edilir və o qərarlar müəyyən bir müddət çərçivəsində qəbul edilir. Amma ölkə Prezidenti tərəfindən qəbul edilən qərarların sürətli icrasını müşahidə edirik. Bu, daha çox yeni institusional islahatları tələb edir. Bu baxımdan Prezidentin təyin edəcəyi vitse-prezidentlər institutunun yaradılması bir zərurətə çevrilir. Bu, iqtisadiyyatın bütün sahələrində müşahidə etdiyimiz bir reallıqdır”.
Ə.Hüseynli Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad olduğunu vurğulayıb.
Həqiqətənmi ölkədəki iqtisadi islahatların uğursuzluğu, reallıqla səsləşməməsi Nazirlər Kabineti və parlamentin çevik idarəçilik modeli olmamasıyla bağlıdır?
Iqtisadçı Nemət Əliyev hesab edir ki, hakimiyyət təmsilçilərinin açıqlamaları göstərir ki, referendumla bağlı iqtidar daxilində də vahid fikir yoxdur. N.Əliyevin sözlərinə görə, Ə.Hüseynlinin başqa fikir söyləməsinə rəğmən, A.Mirzəzadə indiyə qədər olan idarəçilik sisteminin normal olduğunu vurğulayıb: “Indiyə qədər tətbiq olunan idarə sistemi çox şişmiş və qərarsız olub. Strtuktur üzrə araşdırma aparsaq, məlum olacaq ki, hakimiyyətdə bir-birini təkrarlayan, kifayət qədər paralel strukturlar var. Bu isə lüzumsuz məqsədlərə milyonlarla pul itkisinə səbəb olub. Məsələn, ”Asan Xidmət” yaradılıb. Amma şəxsiyyət vəsiqəsinin verilməsi həm də DIN səlahiyyətləri çərçivəsində qalıb. Oxşar başqa misallar da gətirmək olar. Dövlət vəzifələrinin yerinə yetirilməsi dövlət orqanları tərəfindən həyata keçirilməlidir. Əgər bu funksiyaları “Asan Xidmət” həyata keçirirsə, o zaman DIN-də o qədər korrupsiyaya uğramış strukturların saxlanmasına nə ehtiyac var. Bu günləri idarəetmə sisteminin təkmilləşdirilməsi adı altında illərlə təcrübə toplamış strukturlar dağıdılır. Son dövrlər görün nə qədər qurumu ləğv etdilər. Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratdılar. Amma ondan əvvəl Qiymətli Kağızlar Bazarına Nəzarət Komitəsi var idi. Bugünün özündə də hakimiyyətin idarçilik sisteminə vahid yanaşma tərzi yoxdur. Ona görə hakimiyyət təmsilçilərinin hərəsi bir fikir söyləyir”.
N.Əliyevin fikrincə, referenduma çıxarılan məsələlər o qədər mürtəcedir ki, sadə vətəndaşlar müzakirələr nəticəsində reallıqda nəyin baş verdiyini anlayanda dəhşətə gəlirlər. N.Əliyevin sözlərinə görə, burada məqsəd hakimiyyəti daha da möhkəmləndirməkdir: “Vitse-prezidentlik institutu yaradılmaqla bir şəxs qısa müddət ərzində xeyli səlahiyyət əldə edir. Amma o da nəzərə alınmalıdır ki, Eldar Mahmudov, Akif Çovdarov, Hacı Məmmədov bunların kadrı deyildi? Yəni heç kimə təminat vermək olmaz ki, sabah idarəçilikdə növbəti Eldar Mahmudov peyda olmayacaq. Məncə, dəyişikliklərin gündəmə gətirilməsi hakimiyyətin sülalə idarəçiliyinə keçməsinə cəhddir. Bunun da izahatını necə verməyi bilmirlər”.
N.Əliyev eyni zamanda vurğuladı ki, dəyişikliklərə mülkiyyətlə bağlı məsələlər çıxarılır. Bununla da gələcəkdə sosial öhdəlik adı altında mülkiyyətin insanlardan alınması prosesinə start verilə bilər. Yəni ictimai, dövlət maraqlarına bu dərəcədə zidd məsələlər gündəmə gətirilir: “Guya bu dəyişikliklər çevikliyin artırılması məqsədilə edilir. Referenduma çıxarılan məsələlərin idarə sisteminin təkmilləşdirilməsinə heç bir aidiyyəti yoxdur. Adama sual edərlər ki, Ilham Əliyev 2003-cü ildən hakimiyyətdədir. Bu müddət ərzində idarə sistemini təkmilləşdirməyə ehtiyac duymayan hökumət onu indi niyə bu dərəcədə gərəkli bilib”.
Xəyal