Ictimai Palatanın aprelin 8-də keçirəcəyi aksiyada gənclərin aktiv iştirak etməsi üçün daha iki gənclər təşkilatı çağırış etdi. Gəncləri aprelin 8-də Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada mövqelərini ortaya qoymağa səsləyən gənclər təşkilatının təmsilçiləri hesab edirlər ki, budəfəki aksiya da izdihamlı keçəcək. Qeyd edək ki, mövqeyini öyrəndiyimiz gənclər təşkilatının təmsilçiləri martın 17-də eyni məkanda keçirilən aksiyada fəallıqları ilə yadda qalmışdılar.
Rəşad Həsənov: “Əminəm ki, aksiya günü gənclər mitinqə gəlib sözünü deyərək, haqlarını tələb edəcəklər”
“Müsbət Dəyişiklik” Gənclər Təşkilatının Idarə Heyətinin üzvü Rəşad Həsənov bildirdi ki, martın 17-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsi keçirdiyi aksiya ilə cəmiyyətin öndə gedən təbəqəsinə öz mesajlarını vermiş oldu. Qarşıdan IP-nin 8 aprel aksiyasının gəldiyini deyən R.Həsənov vurğuladı ki, bu aksiyanın böyük önəmi var: “Ictimai Palatanın aksiyasının izdihamlı alınacağına heç bir şübhəm yoxdur. Mənim gənclərə bu aksiya qabağı çağırışım ondan ibarətdir ki, aksiyaya gələrək öz haqlarını tələb etsinlər. Bu bir fürsətdir. Martın 17-də biz aksiya keçirərək gücümüzü göstərdik. Aprelin 8-dəki aksiya ilə bir daha cəmiyyətin narazılığını çatdıracağıq. Əminəm ki, aksiya günü gənclər mitinqə gəlib sözünü deyərək haqlarını tələb edəcəklər”.
Ziya Zamanlı: “Aprelin 8-də keçirilən aksiya martın 17-dəki kimi ümumxalq mitinqi olacaq”
“Azad Gənclər” Təşkilatının Idarə Heyətinin üzvü Ziya Zamanlı da bildirdi ki, martın 17-də gənclər aksiya keçirərək onları narahat edən problemləri dilə gətirdilər. Aprelin 8-də keçirilən aksiyanın da ümumxalq aksiyası olduğunu deyən Z.Zamanlı vurğuladı ki, bu dəfə də gənclər aksiyada fəallıq nümayiş etdirəcəklər: “Gənclər keçirdikləri aksiya ilə Azərbaycanın gələcəyinə biganə olmadıqlarını sübut etdilər. Bu ərəfədə, bildiyiniz kimi, gənclərin Iqtisad Universitetində etirazı oldu. Bir daha gənclər narazılıqlarını ifadə etmək iqtidarında olduqlarını göstərdilər”.
Xəyal