AXCP Ali Məclisinin Sabirabad şöbəsindən olan üzvü, veteran cəbhəçi Sahib Rüstəmlinin 60 illik yubileyidir. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilib:
Hörmətli Sahib bəy!
Sizi, Azərbaycan Milli Azadlıq Hərəkatı və Xalq Cəbhəsi Partiyasının veteranlarından, partiyanın Sabirabad rayon şöbəsinin nüfuz qazanmasında böyük rolu olan fəallardan birini, Qarabağ müharibəsi qazisini, həyatının önəmli hissəsini müstəqillik, ərazi bütövlüyü, demokratiya, haqq-ədalət uğrunda mücadiləyə həsr etmiş böyük iradə və dönməz əqidə sahibini 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. 1-ci Qarabağ savaşında könüllü olaraq iştirakınız və göstərdiyiniz igidliklər sizin vətənpərvərliyinizin bariz nümunəsidir. Bu illərdə antimilli rejimə qarşı mücadilədə üzləşdiyiniz çətinliklər, etiraz aksiyalarında məruz qaldığınız fiziki və mənəvi təzyiqlər, özünüzə və ailə üzvlərinizə qarşı böyük təhdidlər, həbslər sizi bu yoldan çəkindirməyib, millət, vətən sevginizi azaltmayıb. Real həyatda və sosial şəbəkələrdə göstərdiyiniz fəallıq və cəsarət gənclərimizə daim pozitiv enerji aşılayır. Belə ləyaqətli bir ziyalı, fədakar və əqidəli vətəndaş, səmimi dost, gözəl ailə başçısı, qayğıkeş ata, mehriban baba olan vicdanlı bir insanla cəbhədaş olmağımla qürur duyuram. Sizə sağlıqlı uzun ömür, şərəfli müəllimlik peşənizdə və siyasi fəaliyyətinizdə yeni uğurlar, müqəddəs amallarınızın gerçəkləşməsini arzulayıram. Allah sizi qorusun!