Qəzet bu dəfə «gülənçiləri» ifşa etdiyinə görə hədəfə gəlib
Azərbaycan hakimiyyəti zaman-zaman “Azadlıq” qəzetini susdurmağa çalışıb. Yenə də “Azadlıq” hakimiyyətin əsas hədəfində olan media orqanıdır. Bu dəfə qəzetimiz iqtidarı Fətullah Gülən və onun Azərbaycandakı şəbəkəsi barədə materiallarla narahat edir.
Məlumat üçün deyək ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra Fətullah Gülənin tərəfdarlarının həbsinə start verilib. Rəsmi Ankara hesab edir ki, hərbi çevrilişin ssenaristi Fətullah Güləndir. Türkiyə hakimiyyəti “Gülən camaatı”nın Azərbaycanda da kifayət qədər ciddi dayaqlarının olduğunun fərqindədir. Hətta bəzi iddialara görə, Türkiyə rəhbərliyi Bakıya konkret siyahı təqdim edib. Həmin siyahıda Gülənin Azərbaycan hakimiyyətindəki adamlarının adları qeyd olunub. “Azadlıq” qəzeti də dəfələrlə bu barədə materiallar dərc edib. Bu materialların bir qismi özəl, bir qismi Türkiyə mətbuatına istinadən verilib. Hətta Türkiyə hökumətinin nəzdində fəaliyyət göstərən Türk Əməkdaşlıq və Koordiansiya Agentliyi “Azadlıq”ın bu fəaliyyətini təqdir edib. Bütün bunlar Gülən məsələsində ehtiyatlı mövqe tutan Azərbaycan hakimiyyətinin narahatlığına səbəb olub. Onu görə də “Azadlıq”ı susdurmaq üçün qəzetin yayım direktoru Faiq Əmirlini “gülənçi ittihamı” ilə həbs edib.
Faiq Əmirli həm də AXCP sədri Əli Kərimlinin köməkçisidir. Əli Kərimli hələ Türkiyədə hərbi çevrilişin qarşısını alınmamış buna qarşı çıxmış, demokratik seçki ilə hakimiyyətə gəlmiş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı dəstəkləmişdi. Azərbaycan hakimiyyəti isə həmin vaxt susmağa üstünlük vermişdi. Hakimiyyət Faiq Əmirlinin həbsilə həm də Əli Kərimliyə “gülənçi” damğası vurmağa çalışır. Hesab edir ki, bununla vəziyyətdə çıxa biləcək.