Hakimiyyətin AXCP-yə qarşı «Gülənçi» şərləməsi davam edir. Artıq bu ittihamla partiyanın Xətai şöbəsinin gənclər sədri Fuad Əhmədli Dtx tərəfindən həbs edilib. Avqustun 20-də isə «Azadlıq» qəzetinin yayım direktoru, eyni zamanda AXCP-də sədrin köməkçisi olan Faiq Əmirli şübhəli şəxs kimi saxlanılıb. Guya onun maşınından Gülənə aid kitablar çıxıb.
Əslində baş verənlərin birbaşa siyasi sifarişlə həyata keçirildiyi şübhə doğurmur. Bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun açıqlaması da sübut edir. N.Məmmədov bildirib ki, «FETÖ» ilə bağlı Azərbaycanda da araşdırmalar aparılır: «Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir».
Türkiyənin Azərbaycan hakimiyyətindən Gülənlə əlaqəli şəxslər barədə real addım atmağı gözlədiyi bir məqamda həyata keçirilən «əməliyyat» nə dərəcədə Ankaranı razı sala bilər? SOCAR və onun Türkiyədəki qolu PETKİM–lə bağlı heç bir addım atmayan rəsmi Bakı siyasi rəqiblərinə qarşı yeni repressiya siyasətinə başlamaqla nəyə nail olmaq istəyir? Məsələ ilə bağlı ictimaiyyət nümayəndələrinin münasibətini öyrəndik.
Qurban Məmmədov: «Bu hadisə tamamilə siyasi dələduzluq və tərbiyəsizlikdir»
Hüquqşünas Qurban Məmmədov bildirdi ki, həyata keçirilən «əməliyyatlar» nəticəsində Azərbaycanda Gülənçilər həbs olunmur. Həbs olunan müxalifətçilərə Gülənçi adı verilir: «Bu hadisə tamamilə siyasi dələduzluq və tərbiyəsizlikdir. Azərbaycan hakimiyyəti siyasi müxalifəti sıradan çıxarmaq üçün onun tərəfdarlarını Gülənçilikdə ittiham edərək şərləyir və həbs edir. Bununla eyni zamanda hakimiyyət Ərdoğan qarşısında da hörmət qazanmağa çalışır. Amma bir şeyi anlamaq lazımdır ki, Ərdoğan bunların tayı deyil. Ərdoğanı aldada bilməzlər. Düşünürəm ki, tezliklə bunlar Ərdoğandan cavab alacaqlar».
Elxan Şahinoğlu: «Əsl araşdırmalı SOCAR rəhbərliyinə Gülənçilərin necə yol tapmasıdır»
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğuladı ki, əsl araşdırmalı məsələ SOCAR rəhbərliyində indiyə qədər Gülənə bu qədər bağlı insanların necə yerləşdirilməsi olmalıdır. Bu qaranlıq sualların heç birinə cavab verilmədiyini deyən E.Şahinoğlu vurğuladı ki, bunun əvəzində müxalifətçilər Gülənlə əlaqədə ittiham olunaraq həbs edilirlər: «Gülənin Azərbaycanda daha böyük maliyyələri, tikinti, nəşriyyat biznesi var. Bunlara aydınlıq gətirilməlidir. Hakimiyyətin uzun müddət bu suallardan, bu hədəflərdən yayına biləcəyini düşünmürəm. Çünki Türkiyədə bu proses araşdırılır və bəyan olunur ki, Gülənin ən böyük qolu Azərbaycandadır. Ona görə Türkiyənin apardığı araşdırmalarla Azərbaycan prokurorluğunun istintaqı üst–üstə düşməyəcəksə, o zaman ciddi suallar yaranacaq. Gülənin kitabının tapılması cinayət məsuliyyətinə əsas vermir. Belə kitablar Türkiyədə üç il bundan öncəsinə qədər sərbəst satılırdı. Bir var kiminsə evində və ya maşınında Gülənə aid kitablar tapılsın, bir də var kimlərsə konkret olaraq «FETÖ»ya maliyyə dəstəyi verib. Bunlarla bağlı heç bir addım atılmır».
Müxalifəti hakimiyyət daxilində olan Gülənçilərin hədəf ala biləcəyinə gəlincə, E.Şahinoğlu vurğuladı ki, bu fərziyyə ağlabatandır. Çünki Türkiyədə də oxşar proseslər cərəyan edir. Gülənin qırx il ərzində güclü şəbəkə yaratdığını deyən E.Şahinoğlu bildirdi ki, həbs olunanlar aysberqin görünən tərəfidir: «Hazırda Türkiyədə Gülənçilər kimlərinsə adlarını çəkməklə özlərini hədəfə gəlməkdən yayındırırlar. Nəticədə hədəfə gələnlər həbs olunur. Amma onların Gülən hərəkatı ilə heç bir əlaqəsi yoxdur. Ola bilsin ki, eyni ssenari Azərbaycanda da həyata keçirilir. Yəni hakimiyyətdə təmsil olunan Gülənçilər gələcəkdə onlara da təhlükənin yarana biləcəyini anladıqlarından, özlərindən hədəfi yayındırmaq üçün belə qərarlar verə bilərlər».
Xəyal