AXCP, ADP, VHP gənclər təşkilatları və Nida 8 aprelə ciddi hazırlaşır
İctimai Palatanın aprelin 8-də Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçiriləcək aksiyasında gənclər aktiv olacaq. Martın 17-də eyni məkanda keçirilən aksiya ilə güclərini göstərdiklərini söyləyən gənclər təşkilatlarının təmsilçiləri vurğulayırlar ki, onlar bu dəfə də fəallıq nümayiş etdirərək, Azərbaycanın gələcəyinə biganə olmadıqlarını sübut edəcəklər.
Nəticə mütləq olacaq!
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirdi ki, İP-nın 8 aprel aksiyasının tələbləri bu gün gənclərin üzləşdikləri problemlər ilə üst-üstə düşür. Hazırda gəncliyi narahat edən sosial-iqtisadi, siyasi problemlərin hamısının bu rejimdən qaynaqlandığını deyən Ə.Qurbanlı vurğuladı ki, buna görə də gəncliyin öncül hissəsi bu rejimə etiraz edir: «Azərbaycan gəncliyi xoş gələcək, rahat həyat, rüşvətsiz təhsil istəyirsə, apardığımız mübarizəyə qoşulmalıdır. Bu mübarizənin ifadə olunması üçün aprelin 8-də keçiriləcək aksiya gözəl imkandır. Mən öz gələcəyinə biganə olmayan gənclərimizi bu fürsətdən istifadə etməyə çağırıram. Bu mübarizənin nəticəsi mütləq olacaq. Bizim öndərlərimiz Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy Azərbaycanın gələcəyi ilə bağlı çağrışlarda bulunublar. Biz bu gün eyni zamanda həmin istəklər uğrunda mübarizə aparırıq».
Bütün gənclər aksiyaya!
ADP Gənclər Komitəsinin sədri Cəmil Hacıyev bildirdi ki, aksiyanın təşkilatçısının İP olmasına baxmayaraq, Azərbaycandakı mövcud vəziyyətin dəyişməsini istəyən hər bir siyasi qüvvə bu mitinqə qatılmalıdır. ADP Gənclər Təşkilatının da bu aksiyada fəal olacağını deyən C.Hacıyev vurğuladı ki, İP-nın aksiyasından öncə gənclər nəyə qadir olduqlarını sübut etmişdilər: «Bütün imkanlarımızdan istifadə edəcəyik ki, aksiyaya xeyli sayda narazı təbəqə cəlb olunsun. Eyni zamanda gənclərimizə çağrış etmək istəyirəm ki, baş verənlərə biganə qalmasınlar. Azərbaycanda demokratik dəyişikliklər görmək istəyən şəxslər buna yalnız mübarizə apararaq nail ola bilərlər. Bu aksiya ilə biz Azərbaycanda xalqın iradəsilə qurulan hakimiyyətə sahib olmaq istədiyimizi ifadə edəcəyik».
Narazıların etiraz imkanı!
VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli isə bildirdi ki, İP xalqı düşündürən problemləri qabartmaqla, bir ümumxalq aksiyasına imza atmış olacaq. S.Əsədli ölkə vətəndaşlarının 8 aprel mitinqinə biganə qalmayacağını, hüquqları pozulan hər kəsin həmrəylik gösətərərək aksiyaya qatılacağını düşünür: «Vətəndaşlarımız öz haqlarını tələb etmək üçün aksiyaya qatılmalıdırlar. Yalnız bu yol ilə vətəndaşlarımıza qarşı olan sayqısız münasibətə son qoymaq olar. Uzun müddət idi ki, vətəndaşlarımız icazəli aksiya keçirmək şansı əldə etmirdi. Bu aksiya ilə narazı kütlə, xüsusilə gənclik baş verənlərə reaksiyasını göstərə bilər».
Cəmiyyət fəal olmalıdır!
Nida Vətəndaş Hərəkatının sədri Zaur Qurbanlı bildirdi ki, Gənclərin Hüquqlarının Müdafiə Komitəsi martın 17-də aksiya keçirərək gənclərin baş verənlərə reaksiyasını göstərdi. Aprelin 8-dəki aksiyada da gənclərin aktivlik göstərəcəyini deyən Z.Qurbanlı vurğuladı ki, normal, qanunların qorunduğu cəmiyyətdə yaşamaq istəyən hər kəs bu aksiyaya qatılaraq öz töhfəsini verməlidir: «Cəmiyyətimiz baş verənlərdən narazılığın ifadə olunması üçün fəal olmalıdır. Bu proses, aksiyalar davamlı olmalıdır. Bununla biz öz gücümüzü nümayiş etdirmiş olacağıq».
Xəyal