Vətəndaş 150 manatın girovuna çevrilib, Vergilər Nazirliyinə 150 milyonluq bina tikilir
Heç bir böhran, əhalinin acınacaqlı vəziyyəti hakimiyyətin xarakterini dəyişməyə qadir deyil. Əksinə, vəziyyət pisləşdikcə hakimiyyət büdcəni daha kobud şəkildə talayır, vətəndaşı daha ağır vəziyyətə salmaq üçün yollar axtarır. Bir tərəfdən dünyanın nüfuzlu banklarına elçi düşüb kredit axtarırlar, o biri tərəfdən nazirliklərə bahalı binalar tikirlər. Sanki, büdcəni qurutmaq üçün nazirliklər bina yarışına giriblər.
Bundan əvvəl ARDNŞ-yə yeni bina tikildi və büdcədən yüz milyonlarla vəsait bu tikintiyə ayrıldı. Hansıki, Neft Şirkətinin büdcəyə ödənişləri azalıb, şirkət bugünlərdə xarici bankdan 250 milyon manat kredit götürdü və Neft Fondunun ehtiyatları sürətlə azalır.
Bu azmış kimi indi də Vergilər Nazirliyinin yeni binasınını tikintisi üçün 150 milyon manatlıq müqavilə imzalanıb. Binanın tikintisini “Tekfen Inşaat” şirkəti həyata keçirəcək. Bu barədə şirkətin rəsmi “Facebook” səhifəsinə məlumat yayılıb. Binaÿ 33 mərtəbəli, 169 metr yüksəkliyində olacaq.ÿ Xüsusi arxitekturaya malik layihədə idarəetmə ofisləri, konfrans salonları, yeraltı avtomobil dayanacağı və istirahət sahələri tikiləcək.
Əvvəla, Vergilər Nazirliyi uçuq daxmada fəaliyyət göstərmir. Şəhərin ən yaxşı yerində nazirliyin əzəmətli binası var. Ikincisi, yeni binaya ehtiyac varsa da daha az büdcə tələb edən layihəyə imza atmaq lazım idi.
Məsələ burasındadır ki, may ayında Əlavə Dəyər Vergisi(ƏDV) üzrə büdcəyə daxilolmalar yanvar ayının faktiki göstəricisi ilə müqayisədə 33,4% azalıb. Aprel ayı ilə müqayisədə bu göstərici mayda daha 5%-dən çox pisləşib. Mənfəət vergisi üzrə büdcəyə daxilolmalar “yanvar daxilolmaları”na nəzərən 29%,ÿ”aprel daxilolmaları”na nəzərən 3 dəfə azalıb. Gəlir vergisi üzrə büdcəyə daxilolmalar may ayında 1-ci aya nəzərən 48% düşüb. “Digər daxilolmalar” kateqoriyası üzrə büdcəyə yığılan pul mayda yanvara nəzərən 83% azalıb.ÿDigər tərəfdən bugünlərdə Vergilər nazirinin müavini vergi sistemindəki iflic vəziyyəti etiraf etdi. Vergi borcuna görə yüzlərlə hüquqi və fiziki şəxs ölkədən buraxılmır.
Demək istəyirik ki, bütün göstəricilər üzrə büdcəyə daxilolmalar azalıb, vergi ödəyiciləri azalıb, nazirlik vergiləri yığa bilmir və belə bir vəziyyətdə yeni binanın tikintisinə 150 milyon manat vəsait ayrılır.
Axı, bunun üçün heç bir zərurət yoxdur. Heç bir normal hökumət böhranın dərinləşdiyi vaxtda belə bir addım atmaz.
Necə olur ki, şəhid ailələrinin qan pulunu verməyə, dollarla krediti olanlara güzəşt etməyə, 17000 tələbənin təhsil haqqını ödəməyə, minlərlə gənc ailənin evlə təmin etməyə pul tapılmır, amma Vergilər Nazirliyinə əndrəbadi bina tikmək üçün 150 milyon dərhal hazır olur? Donor təşkilatlar qarşısında dilənib pul istəmək nədir, 150 milyon manatı havaya sovurmaq nə? Avropa Oyunlarına, Formula-1 yarışlarına, Avropa çempionatına pul xərcləmək, Vatikanda, Serbiyada, Fransada milyardları talan etmək bəs deyilmiş, üstəlik xalqın ah-naləsi üzərində bina tikirlər.
Vergilərn az yığılması, vergi ödəyicilərinin sıradan çıxması, vergi sisteminin iflic vəziyyətə düşməsi 33 mərtəbəli binanın olmadığına görədir? Indiki vəziyyətdə dövlət büdcəsini bu kimi məqsədlər üçün dağıtmaq düşmənçilikdən başqa bir şey deyil. Faktiki olaraq hökumət büdcənin qəsdinə durub. Nə Vergilər Nazirliyinin, nə də xalqın yeni binaya ehtiyacı yoxdur. Sadəcə olaraq pul mənimsəmək, cibləri doldurmaq üçün fürsət yaranıb. Nə qədər mümkündür varidatı çoxaltmaq lazımdır.
Əslində, Vergilər Nazirliyinə 150 milyonluq binanın tikilməsi xalq üçün mesaj olmalıdır. Xalq bilməlidir ki, hakimiyyət məqsədli şəkildə onu 150 manatın girovuna çevirir. Xalq 150 manatın girovuna çevrilməlidir ki, Vergilər Nazirliyinə tikilən binaya görə büdcədən 150 milyon silmək mümkün olsun.