Türkiyədə bağlanan 16 telekanal arasında “Azərbaycan saatı”nın yayımlandığı “Barış” TV də var. Bu səbəbdən Azərbaycan tamaşaçılarını maralqa izlədiyi “Azərbaycan saatı” proqramı bir neçə həftə efirdə olmayacaq. Proqramın qurucusu və aparıcısı Qənimət Zahid yaranmış vəziyyətə aydınlıq gətirib:
“Dostlar, Azərbaycan Saatı ilə bağlı xoş olmayan bir xəbərim var. Türkiyədəki məlum hadisələr bizi də vurdu. Bu günlərdə Türkiyədə 16 telekanal, 3 xəbər agentliyi, 23 radio, 45 qəzet, 15 jurnal, 29 yayın şirkəti qapadılıb. Qapadılan kanallar arasında Azərbaycan Saatının efirə verildiyi Barış TV də var. Qapadılan bütün medya strukturlarının Fətullah Gülənə dəxli var, amma yalnız Barış TV- nin nə Fətullahla, nə də onun camaatı ilə heç bir əlaqəsi yoxdur. Biz Azərbaycan Saatını yaydığımız kanalların həmişə, ilk növbədə, kimlərə aid olduğunu incələmişik. Hətta bir neçə ay əvvəl Fətullahçılar Can Erzincan kanalını satın alanda biz onlara “sizinlə işləməyəcəyik” dedik, onlar da bizə “ zatən biz də sizin proqramı yaymarıq, çünki İlham Əliyevlə ortaq maraqlarımız var” demişdilər.
Hələlik, Azərbaycan Saatı online versiyada davam edəcək. Ümid edirəm ki, bu, iki-üç həftədən artıq çəkməyəcək və biz hər hansı TV kanalı ilə əməkdaşlığa başlayacağıq. Amma bu müddət ərzində siz bizim proqramlarımızı youtube-dan, facebookdan (Azərbayvan Saatının və Azadlıq qəzetinin facebook səhifələrindən), eləcə də, azadliq.info və azerbaycansaati.tv saytlarından izləyəcəksiz. Mobil telefonlarına Azerbaycan Saatı əlavəsini yükləyənlər üçün heç bir problem olmayacaq. İki-üç həftə ərzində əməkdaşlıq edəcəyimiz kanal bəlli olacaq və sizə elan edəcəyik. Bu müddət ərzində isə Azərbaycan Saatını facebook və youtube üzərindən izləyənlərin bizim proqramların daha çox insana yetişməsi üçün əllərindən gələni edəcəyinə inanıram.
Bir mühüm məsələni də qeyd etmək istəyirəm. Azərbaycan Saatının yayımı bununla ikinci çox mühüm ərəfədə məcburi olaraq dayanır. Birinci dəfə 2013- cü ildə prezident seçkiləri zamanı, ikinci dəfə isə indi, referendum ərəfəsində. Biz bunun fərqindəyik və buna görə də referendum ərəfəsində Azərbaycan Saatının yayımlarını bərpa etmək üçün əlimizdən gələni edəcəyik”.