Vətəndaşlar məhkəmə sistemində özbaşınalıqdan şikayətlənir və Ilham Əliyevdən kömək istəyir
Bakının Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 4, ev 3-də müvəqqəti yaşayan Nərgizxanım Əliyeva və Xədicə Məmmədova dövlət başçısından kömək istəyir. Məhkəmə ədalətsizliyindən, işin hallarının yetərincə araşdırılmaması, sübutlara doğru-düzgün qiymət verilməməsindən narazı olan vətəndaşlar bu məqsədlə prezidentə ünvanladıqları müraciətin surətini “Azadlıq”a da göndəriblər. Məktubda deyilir:
“Yasamal rayon məhkəməsinin qərarına əsasən, iddiaçı Ceyran Ələsgərovanın bizə qarşı iddiası təmin edilib. Həmin qərarı apellyasiya məhkəməsi və Ali Məhkəmə də qüvvədə saxlayıb. Qərara əsasən, Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən və sahəsi 190 kvadrat metr olan evin alqı-satqı müqaviləsi bağlanmış hesab edilərək, onun mülkiyyət hüququ tanınıb. Bundan sonra Ceyran Ələsgərova həmin evi Ağabacı Ibrahimovaya bağışlayıb. Ağabacı Ibrahimovanın isə bizə qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilib.
Yeni açılmış hallara görə məhkəmə aktlarına yenidən baxılması üçün 16 iyul 2015-ci il tarixli şikayətimizə Ali Məhkəmənin 6 may 2016-cı il tarixli qərardadıyla baxmaqdan imtina edilib. Biz Ali Məhkəmənin Plenumuna kifayət qədər sübutlar təqdim etmişik. Lakin Ali Məhkəmənin sədri Ramiz Rzayev ona dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, ərizəmizin heç birinə cavab verməyib. Məhkəmə aktlarına yenidən baxılması barədə ərizəmizə Ənvər Şadıyevin sədrliyilə baxılıb və məhkəmə kollegiyası ərizəmizin Plenumun iclasına çıxarılmasından imtina edib. Həmin imtinanın verilməsinə səbəbkar məhz Ramiz Rzayev olub. Çünki hakimlər ona məruzə etmədən hansısa bir qərar qəbul etmirlər.
Şikayət ərizəmiz əsasında baş prokurorun müavini Rüstəm Usubovun qəbul etdiyi 24 yanvar 2014-cü il tarixli qərara əsasən, CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda bu iş üzrə araşdırma aparılıb. Bir neçə instansiya məhkəməsinin nəticəsi isə bizim ziyanımıza olub. Qızım Xədicənin atası Əsgər Məmmədova məxsus Məhəmmədi kəndindəki evin Ceyran Ələsgərovaya 80 min dollara satılması barədə alqı-satqı müqaviləsinin saxta olması sübuta yetirilsə də, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün iş üzrə icraata xitam verilib. Ona görə də bu müqavilənin saxta olmasıyla əlaqədar ərizə ilə Ali Məhkəməyə müraciət etdik. Müraciətimiz əsasında Rüstəm Usubovun Ali Məhkəmənin sədri Ramiz Rzayevə göndərdiyi məktubda alqı-satqı müqaviləsinin saxta olduğu göstərilib. Lakin ərizəmiz Ali Məhkəmədə düzgün araşdırılmayıb və təqdim olunan sübutlara əhəmiyyət verilməyib.
Hazırda Abşeron rayon icra şöbəsi əşyalarımızın bu mülki iş üzrə mübahisə predmeti olan Məhəmmədidə yerləşən evdən çıxarılmasını tələb edir. Biz Ali Məhkəmənin 06 may 2016-cı il tarixli qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişik. Xahiş edirik, Konstitusiya Məhkəməsində şikayətimizə baxılana qədər Abşeron rayon icra şöbəsi tərəfindən həmin qətnamələrin icrasının dayandırılmasına kömək edin”.
Sosial şöbə