Əliyev torpaqları zəbt etmiş məmurları niyə cəzalandıra bilmədi?
Hakimiyyət açıq şəkildə “bizdən yaxşı heç nə gözəlməyin” mesajı verir. Əslində, bu mesajı başa düşmək üçün böyük intellektə, analiz qabiliyyətinə ehtiyac yoxdur. Hər gün müşahidə etdiklərimz bunu deməyə əsas verir ki, hökumət dövlətə və xalqa uğur gətirə biləcək hər hansı addım atmağa qadir deyil.
Konstitusiyaya barmaq uzadılması, yeni mürtəce qanunlara nəfəslik vermək cəhdi də göstərir ki, ölkə təhlükəli əllərdədi. Ötən yazımızda Əliyevin “Konstitusiya əməliyyatı” haqqında geniş şərh vermişdik. Bu yazımızda isə dəyişikliklərdən “nəsib”ini almış torpaq bölməsinə münasibət bildirəcəyik. “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” ifadəsi, şəxsi mülkiyyətə təcavüzdü, insan hüquqlarının pozulmasıdır.
Ilham Əliyev torpaq məsələsinə belə “düzəliş” etməklə, başında durduğu hökumətin mahiyyətini gizlətmək istəyir. Bildiyiniz kimi Ilham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında məmurların torpaq işğalından danışmışdı. Sonradan ekspertlərin araşdırması nəticəsində məlum oldu ki, ölkədə 20 min adamın 1.2 milyon hektar, 800 min adamın 1.4 milyon hektar torpaq sahəsi var. Bəli, 20 min adama düşən torpaq sahəsi ilə, 800 min adama düşən torpaq sahəsi təxminən eynidir. Bu isə o anlama gəlir ki, Ilham Əliyevin məmurları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, korrupsiya yolu ilə dövlətnin torpağını zəbt ediblər, cinayət əməli törədiblər.
Məsələ burasındadır ki, 1 sot torpaq almaq üçün bələdiyyənin, torpaq komitəsinni, icra hakimiyyətinin imzası olmalıdır. Bu mənada 100 min hektarlarla torpaqların zəbtetmə prosesində iştirak edənlərin sayı, Türkiyədə çevriliş cəhdində iştirak edənlərdən çoxdur. Əgər Ilham Əliyev bu məsələnin sonuna qədər getsəydi, minlərlə səlahiyyətliyə cinayət işi açılmalı, minlərlə iri və xırda məmur həbs olunmalıydı. Bəli, bu qədər torpaq sahəsinin zəbt olunması, nəticə etibarilə ölkədə korrupsiyanın miqyasının fantastik həddə olduğunu göstərir. Ölkədə ciddi təbəqələşmə mövcuddur və Əliyevin kadrları dövlət torpaqlarını ata malı kimi mənimsəyib. Ilham Əliyev də bunu bildiyi üçün dərinə getmədi və preoblemi başqa formada “həll” etmək qərarına gəldi. Bəli, məmurların nəzarətindəki torpaqları ala bilmədi, əvəzində xüsusi mülkiyyətə məhdudiyyət qoyulmasını məqbul saydı. Azərbaycanda belə bir qanunun qəbul olunması vətəndaşın iqtisadi azadlığının boğulması deməkdir. Ölkədə kənd təsərrüfatına yararlı torpaqların yalnız 25 faizi xüsusi mülkiyyətdədir və bunun bazar qiyməti hansısa iri oliqarxın varidatının 3-5 faizi qədərdi. Azərbaycan reallığından yanaşdıqda, yeni qanunun vətəndaşın torpaq hüququnun pozulmasına xidmət edəcəyini demək olar. Yəni, sabah torpaq sahibinin hökumətə qarşı etirazı olsa, yeni qanundan bəhanə kimi istifadə edərək vətəndaşı cəzalandıra biləcəklər.
Əgər Ilham Əliyev həqiqətən də ölkədə sosial ədalətin bərpa olunmasını istəyirsə, bunun üçün hər hansı yeni qanuna ehtiyac yoxdur. Torpaqları zəbt etmiş məmurların adı bəllidir və bu torpaqların korrupsiya yolu ilə ələ keçirildiyini sübut etmək çətin deyil.
Samir