Xədicə İsmayıla qarşı baş verən iyrənc olaylar Ziyalılar Forumunu hiddətləndirib
“Qadının ləyaqətinin alçaldılmasına imkan verən ölkə, vətəndaşını qorumağa qadir olmayan hökumət hörmətə layiq deyil”
“Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıla qarşı baş verən iyrənc olaylar Ziyalılar Forumunun üzvlərini də hiddətləndirib. Baş verənlərlə bağlı bəyanat yayan Forum üzvlərinin sözlərinə görə, xanım jurnalistə qarşı iyrənc hərəkət hərəkətlər onu göstərdi ki, Azərbaycanda heç kim özünü şəxsi həyatına müdaxilədən müdafiə olunmuş hesab edə bilməz, bu ölkədə şəxsiyyətin toxunulmazlığı, təhlükəsizliyi mövcud deyil.
Ziyalılar Forumu da birmənalı şəkildə o qənaətdədir ki, Xədicə Ismayılın şantaj olunması, ona qarşı təqiblər sırf peşə fəaliyyətilə bağlıdır. Bəyanatda yada salınır ki, Xədicə Ismayıl son zamanlar, siyasi hakimiyyətdə korrupsiya və sui-istifadə hallarını, ölkə iqtisadiyyatının mühüm sahələrində bir sıra iri holdinqlərin ali hakimiyyət nümayəndələrinə məxsusluğuna dair dəhşətli faktları üzə çıxaran silsilə araşdırmalar aparıb.
Ziyalılar Forumu Xədicə Ismayıla qarşı iyrənc olayları milli mənliyə vurulmuş şillə kimi qiymətləndirir: “Bu, şərəf məsələsidir. Kimliyindən asılı olmayaraq, qadının ləyaqətinin alçaldılmasına imkan verən bir ölkə, habelə öz vətəndaşını qorumağa qadir olmayan hökumət hörmətə layiq deyil. Çünki Azərbaycan ailəsinin çoxəsrlik mənəvi dəyərləri bir anda ayaqlar altına atılıb.
Cəzasızlığın hökm sürməsi bundan sonra hansı eybəcər təzahürlər doğuracağını təsəvvür eləmək çətin deyil, çünki indinin özündə belə, insanlar bir-birilə telefonla açıq danışmaqdan qorxur, hətta doğmalarıyla siyasi söhbətlərdən yayınırlar. ABŞ Konqresinin xarici siyasət üzrə informasiya xidmətinin dünyaca tanınan radiostansiyasının əməkdaşının şəxsi həyatına təcavüz, narazılığın istənilən formasının təzahürlərilə bağlı repressiv tədbirlərin güclənməsi fonunda, ölkənin bütün düşünən vətəndaşlarına qarşı xəbərdarlıq və şantaj kimi anlaşıla bilər”.
Bəyanatda o da vurğulanır ki, tanınmış xanım jurnalistə qarşı iyrənc, əxlaqsız hərəkətlərlə bağlı başlanmış istintaqın nəticəsiz qalacağına dair ehtimallar cəmiyyətdə möhkəmlənməkdədir. Çünki bu ölkədə müstəqil jurnalistlərə münasibət məlumdur: onları öldürür, həbs edir, ləkələyir, zorakılığa məruz qoyurlar.
Sonda Ziyalılar Forumu bir daha bəyan edir ki, istənilən halda, siyasi məsuliyyət hakimiyyətin üzərinə düşür və cəmiyyət ondan aydın və birmənalı mövqe tələb etmək haqqına malikdir.
Aytən