Siyastə qarışmayanlar da yarıtmaz siyasətin qurbanına çevrilir
Ilham Əliyev Nazirlər Kabinetinin iclasında yenə də nikbin danışdı və 2016-cı ilin dərin islahatlar ili olduğunu bildirdi. Biz isə hansı daşın altını qaldırsaq, dərin fəlakətin şahidi oluruq. Ölkədəki acınacaqlı vəziyyət təkcə iqtisadiyyatı, təhsili, səhiyyəni, hüquq sistemini deyil, ailələri də dağıdıb. Tendesiyaya nəzər salanda aydın şəkildə görününr ki, hər il nikaha girənlərin sayında azalma, boşanmaların sayında artma müşahidə olunur.
Belə ki, 2008-ci ildə Azərbaycanda 79 964 nikah və 7 933 boşanma; 2009-cu ildə 78 072 nikah və 7 784 boşanma;
2010-cu ildə 79 172 nikah və 9 061 boşanma; 2011-ci ildə 89,4 min nikah və 10,6 min boşanma; 2012-ci ildə 78 480 nikah və 11 min 182 boşanma; 2013-cü ildə 86 852 nikah və 11 730 boşanma; 2014-cü ildə 84 912 nikah, 12 088 boşanma; 2015-ci ildə isə 68985 nikah, 12886 boşanma qeydə alınıb.
Göründüyü kimi sosial- iqtisadi vəziyyətin kəskin pisləşdiyi, böhranın dərinləşdiyi 2015-ci ildə vəziyyət daha da pisləşib. Bəli, nigaha girənlərin 20 faizi qədər boşanma qeyd alınıb. Ölkədəki vəziyyət Ilham Əliyevi razı salsa da, statistik göstəricilər insanların narazılığından xəbər verir. Sosial vəziyyətin ağırlığı səbəbindən nikaha girmək də risq sayılır, nikaha girdikdən sonra ailəni qoruyub saxlamaq da müşkülə çevrilib. Fakt budur ki, ailələr sürətlə dağılır. Yarıtmaz sosial siyasət, hökumətin xalqa üz çevirməsi, dövlətin qayğısından yalnız bir qrup adamın bəhrələnməsi, nəticə etibarilə ailələri hədəf aldı.
Həm də sübut olunur ki, susmaq, “mən siyasətə qarışmıram” demək, ölkədəki ədalətsizliyə biganə qalmaq təhlükədən sığortalamır. Nikaha girənlərin sayının azalması “mən ailə saxlamağa hazır deyiləm” mesajıdır. Boşanmaların sürətlə artması “mən ailəmi dolandıra bilmirəm” etirafıdır. Əlbəttə boşanmaların digər səbəbləri də ola bilər. Amma yuxarıdakı rəqəmlər də göstərir ki, nikahların azalması, boşanmaların çoxalması iqtisadi vəziyyətin pisləşməsi ilə paralel gedir. Deməli, bu neqativ tendensiyanın əsas səbəbi vətəndaşların həyat şəraitidir.
Bəli, Ilham Əliyevin “bəlkə biraz yavaşlayaq” bəyanatı verdiyi dövrdə də vəziyyət yaxşı olmayıb. Amma ötən müddət ərzində ölkədə valyuta ehtiyatları azalıb, iş yerləri bağlanıb, qiymətlər qalxıb, manat iki dəfə dəyər itirib və əhali həqiqətən də “yavaşlayıb”.
Deyirlər, ailə kiçik dövlətdi. Hökumət isə bu kiçik dövləti dağıtmaq üçün çox “böyük” işlər görüb.
Samir