Sülhəddin Əkbər: «Düşünmürəm ki, iki ölkə arasındakı kəskin ritorika Səfər Əbiyevin səfəri və səsləndirdiyi bəyanatlardan sonra dəyişsin»
Müdafiə naziri Səfər Əbiyevin Irana səfərinin sırf Bakı ilə Tehran arasında gərginliyin aradan qaldırılmasına xidmət etdiyini verilən bəyanatlardan hiss etmək olar. Gərginliyi daha da dərinləşdirən məqamlardan biri kimi Azərbaycanın Israildən 1.6 milyard dollar həcmində silah alması göstərilir. Təsadüfi deyil ki, məhz bu hadisə ilə bağlı Azərbaycanın Irandakı səfiri sözügedən müqavilə ilə bağlı izahat alınması üçün bu ölkənin Xarici Işlər Nazirliyinə çağırılmışdı.
Ötən müddət ərzində Iranla Azərbaycanın qarşılıqlı şəkildə ittihamlarının da biz şahidi olmuşuq. Bəzən bu ittihamlar, hətta ənənəvi diplomatik dili aşaraq sərt ifadələrlə müşahidə olunurdu. S.Əbiyevdən öncə Irana başqa bir dövlət rəsmisi Əli Həsənov getmişdi. Amma bu səfərdən sonra hökumət Iranla münasibətlərin normallaşacağına dair nikbin bəyanatlar versə də sonra baş verənlər bunun əksini göstərdi. S.Əbiyevin səfəri zamanı isə onun səsləndirdiyi bəyanatlara diqqət yetirməyə dəyər. S.Əbiyev Israildən alınan silahların Irana qarşı olmadığı xəttini qabardaraq verdiyi açıqlamalarla Tehranda olan narahatlığı aradan qaldırmağa çalışır. Hazırda əsas suallardan biri məhz S.Əbiyevin bəyanatlarının Iranın Azərbaycana qarşı davranışlarına hansı təsiri göstərə biləcəyi ilə bağlıdır.
Avro Atlantik Şuranın sədri Sülhəddin Əkbərin fikrincə, S.Əbiyevin də Irana səfəri və verdiyi bəyanatlar iki ölkə arasındakı münasibətləri normallaşdırmağa yetərli deyil. Iranla Azərbaycan arasında münasibətlərin gərginləşməsinin ciddi səbəblərinin olduğunu deyən S.Əkbər hesab edir ki, S.Əbiyevin səfəri qısa müddətə müəyyən effekt verə bilər: “Düşünmürəm ki, iki ölkə arasındakı kəskin ritorika Səfər Əbiyevin səfəri və səsləndirdiyi bəyanatlardan sonra dəyişsin. Bu cür səfərlər yalnız qısa müddətə münasibətlərdə müəyyən dekorativ dəyişikliklərə səbəb ola bilər. Ümumilikdə isə münasibətlər əvvəlki kimi gərgin qalacaq. Çünki bu gərginliyi yaradan başlıca səbəblər hələ də aradan qaldırılmayıb. Bu baxımdan düşünürəm ki, Iran Azərbaycan münasibətlərində gərginlik hələ bir müddət də davam edəcək”.
Hikmət