Qida Təhlükəsizliyinə Nazarət Agentliyinin yaradılması gözlənilir
Vahid Məhərrəmov: «Hökumətin yeni bir struktur yaratmaqla nəyəsə nail olmaq istəyi nəticə verməyəcək»
Yaxın vaxtlarda Azərbaycanda yeni dövlət qurumunun – Qida Təhlükəsizliyinə Nazarət Agentliyinin yaradılması gözlənilir. Bu barədə Modern.az saytına hökumətdəki mənbədən məlumat daxil olub.
Bildirildiyinə görə, yeni qurum Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət sektorunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi şöbələri və Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bazası əsasında yaradılacaq.ÿ
Bəs, bu qurumun fəaliyyəti nə dərəcədə effektli ola bilər? Bu qurumun çətiri altında birləşdiriləcək təssisatlar bir uğur qazana biliblərmi?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, Azərbaycanda istehsal həcmi, idxal və ixrac elə də yüksək deyil. V.Məhərrəmovun sözlərinə görə, bu baxımdan yeni strukturların yaradılması, əlavə xərc çəkilməsi indiki şəraitdə arzuolunmaz haldır: “Ölkə iqtisadiyyatı çox pis durumda olduğu halda belə strukturları yaratmağa ehtiyac yoxdur. Çox təəssüflər olsun ki, hələ də hakimiyyətdə başa düşmürlər ki, formanı dəyişməklə məzmunu dəyişmək olmaz. Bu gün dövlət strukturlarında müxtəlif sahələrə məsul olan qurumlar öz işlərinin öhdəsindən ona görə gələ bilmirlər ki, mövcud olan sistem buna imkan vermir. Avtoritar sistem imkan vermir ki, dövlət qurumları öz funksiyalarını yerinə yetirsinlər. Bir neçə agentlik yaratsınlar, nə faydası var? Əgər onlar da rüşvət alıb həyata keçirdikləri nəzarətlə qanunsuzluqlara göz yumacaqsa, bunun heç bir nəticəsi olmayacaq. Ona görə mövcud sistemlə nəyəsə nail olmaq mümkün deyil. Ona görə də hökumətin yeni bir struktur yaratmaqla bu sahədə dəyişikliyə nail olmaq istəyi heç bir nəticə verməyəcək”.
Xəyal