Heydər Əliyev dedi ki, Petrosyanla razılaşdıq, əməliyyat müddətində hücum etməyəcəklər
Hər halda bu ssenari üzrə nəzərdə tutulanlar martın 17-də Bakıda başlandı və nəzərdə tutulduğuna görə bu hadisələr xüsusi qəddarlığına görə Qazaxda və Ağstafada baş verənlərdən daha sərt olmalı idi. Bu hadisələr bütün hallarda baş verməli idi: diktator özünün bütün əzəmətini, gücünü, imkanlarını öz düşmənlərinə göstərmək, onları vahiməyə salmaq üçün belə bir ssenariyə kəskin ehtiyac duyurdu. Cəbhədə ermənilərə göstərilməsi gərək olan, amma mümkün olmayan gücü içəridə, Azərbaycanda hakimiyyət, karyera, hakimiyyət piramidası naminə nümayiş etdirmək lazım idi. O, Azərbaycanı özünün xüsusi mülkiyyəti hesab edirdi və onu kiminləsə birlikdə idarə etmək niyyətində deyildi. Bu, onun inamına hopmuşdu.
İsa Sadıqov
Əliyev OMON-çuların öldürülməsində israrlı idi
Martın 13-də günün sonuna doğru mən bir daha Əliyevə məruzə etdim ki, rayondakı bütün inzibati hakimiyyət binaları nəzarət altındadır. Amma o məni dinləmək belə istəmədi və tələb etdi ki, təcili olaraq əməliyyat hazırlayıb oradakı bütün narazı qüvvələri məhv etmək lazımdır. Mən heyrətləndim, bir daha izah etmək istədim ki, xüsusi əməliyyata heç bir ehtiyac yoxdur, situasiya tam nəzarət altındadır, OMON rayondan çəkilərək Qazax və Ağstafa arasındakı “Cavanşir” restoranında məskunlaşıb. Üstəlik, rayonda sıx əhali yaşayır, hər hansı xüsusi əməliyyatın dəhşətli nəticələri ola bilər. Cavabında Əliyev bir daha xüsusi təkidlə əmr etdi ki, heç bir izahatı dinləmək istəmir, dərhal xüsusi əməliyyat hazırlamaq və həyata keçirmək lazımdır. Ətrafda olan hər kəs, o cümlədən Zahid Dünyamalıyev və Fətulla Hüseynov da heyrətləndilər və onlar da hesab edirdilər ki, hər hansı xüsusi hərbi əməliyyata heç bir ehtiyac yoxdur. Amma qrupun rəhbəri mən idim və buna görə də onlar hamısı həm mənim vəziyyətimi başa düşür, həm də nə qərar verəcəyimi gözləyirdilər. Hər yarım saatdan bir Əliyev zəng edir və restorana sığınmış OMON-çuları məhv etmək üçün xüsusi əməliyyatın təcili olaraq həyata keçirilməsini tələb edirdi. Bunun üçün müxtəlif regionlardan Tovuza çoxlu sayda əlavə hərbi qüvvələr cəlb edilirdi. Əliyevin bu tələskənliyi və operativliyi məni təəccübləndirirdi. O, çox tələsirdi.
Mən Əliyevin növbəti zənginə cavab verərkən ona təkidlə izah etməyə çalışdım ki, hadisə yerindən 4-5 kilometr aralıdan cəbhə xətti keçir, ermənilər buradakı qarşıdurmadan sui-istifadə edib ərazidəki hakim yüksəklikləri ələ keçirə və bütün region üçün təhlükə yarada bilərlər. Heydər Əliyev mənə dedi ki, o, Petrosyana zəng edib OMON-a qarşı əməliyyat müddətində erməni hərbi birləşmələrinin hərəkətə keçməməsini ondan xahiş edə bilər. 15 dəqiqə sonra, o, mənə zəng edib dedi ki, Petrosyanın razılığı alınıb və OMON-a qarşı əməliyyata başlamaq olar…
Bu əmri boykot etməklə məni nə gözlədiyini bilirdim
Burada bir qədər geriyə qayıtmaq istəyirəm. Martın 13-də mən Qazaxa getməkdən imtina edə bilərdim və bu zaman Əliyev oraya Səfər Əbiyevi göndərərdi. Amma mən razılaşdım, çünki Qazaxın hər qarış torpağı mənə tanış, əziz və doğma idi. Orada keçirdiyim hərbi xidmət zamanı uşaqdan böyüyə hər kəs mənv etimadla yanaşıb, mənim döyüş fəaliyyətimin ən çətin zamanları regionun bu ən ağır sınaq zamanları ilə bağlı olub. Mən Qazaxa getməyə bilməzdim. Amma buraya gələndən sonra Əliyevin niyyətini dərhal başa düşdüm və öz-özümə söz verdim ki, OMON-a qarşı hər hansı əməliyyat ola bilməz və mən də bu əməliyyatda iştirak edə bilmərəm. OMON-la birlikdə çiyin-çiyinə səngərlərdə oturub təhlükəsizliyini qoruduğumuz bu regionda onların qanının axıdılmasına yol verə bilmərəm. Bu bir şərəf məsələsi idi və mənim üçün hər hansı karyeradan müqayisəyə gəlməz dərəcədə dəyərli idi. Bu əmrə qulaq asmamaqla məni nə gözlədiyini bilirdim və bütün bunlara hazır idim. Hərçənd, mənə və ailəmə qarşı cinayətlərin miqyasının bu qədər nəhəng ola biləcəyini təsəvvür etmirdim.
“Petrosyanla danışdıq…”
Heydər Əliyevdən “Petrosyanla danışdıq və OMON-a qarşı əməliyyat barədə razılaşdıq” sözlərini eşidən kimi mən qətiyyən tərəddüd etmədən maşına əyləşib birbaşa “Cavanşir” restoranına getdim. Əməliyyata 2 saata qədər vaxt qalmışdı. Orada mən OMON-çularla, Elçinlə görüşdüm. Onlara izah etdim ki, əməliyyat hazırlanması barədə Heydər Əliyevin əmri var, burada OMON-u mühasirəyə alıb məhv etmək mənə tapşırılıb, amma mən bunu etməyəcəyəm, arxa boşdur və onlar çıxıb hara istəsələr gedə bilərlər. Mən onların gözlərinə baxdım. Onlar bir yerdə, çiyin-çiyinə döyüş əməliyyatlarında olduğumuz zamanlarda olduğu kimi, indi də məni başa düşürdülər. Onlar mənə nifrət etməli idilər, amma əksinə, həmişə olduğu kimi “komandir” deyə sayğıyla müraciət edirdilər. Biz döyüş dostları idik, mən dünyalar qədər sevdiyim, uğrunda canımı belə verməyə hazır olduğum Vətənimin oğullarına güllə ata, onların qanını bu torpağa axıda bilməzdim. Mən Azərbaycanda öz həmvətənlərimin qanını tökərək karyera qazanmaq naminə deyildim, bu Vətəni qorumaq naminə idim. Onlar həmişə olduğu kimi həmin anlarda da mənə inanır və güvənirdilər. Mən onlara, hətta onu da dedim ki, əməliyyata saat neçədə başlayacağam. Heç nə demədən onlar mənim arxamca baxdılar. Onlardan ayrılmaq çox çətin idi, onlarla bir yerdə qalmaq istəyirdim. Onlar mənə bilavasitə tabeçiliyimdə olanlar qədər sevimli və doğma idilər.
Əməliyyat başlandı
Səhər tezdən hərbi hissələrə vəzifələrini başa salaraq onları restorana doğru istiqamət götürmək əmri verdim. Döyüşçülərin sifətindən görünürdü ki, onlar bu əməliyyata getmək istəmirlər, bu, hamı üçün ağır idi, amma onlar nə edəcəklərini bilirdilər. Bir az sonra mənə ön xətdən məlumat verdilər ki, restoran azad edilib və OMON-çular Ağstafa-Qazax istiqamətində hərəkət edirlər. Əlbəttə, mənim qərargahımda da MTN-in, prokurorluğun əməkdaşları, Heydər Əliyevin adamları vardı və bu məlumatı eşidəndən sonra onlar tələb edirdilər ki, geriyə çəkilən OMON-çuları salamat buraxmaq olmaz və artilleriyanı işə salıb onları məhv etmək lazımdır. Onlar bunu Əliyevin adı ilə təkidlə tələb edirdilər, amma mən onlara qulaq asmayıb sakitcə özümün lazım bildiyim şəkildə hərəkət edirdim. Onları görməmək və eşitməmək üçün biz, Zahid Dünyamalıyev və Fətulla Hüseynov, birlikdə maşına əyləşib arxadakı hərbi birləşmələrə doğru getdik. Qazaxa yetişəndə mənə məlumat verdilər ki, nə OMON, nə də mənim döyüşçülərimin arasında yaralanan və həlak olan var. Bunu mən hər şeydən artıq gözləyirdim və daxilən çox rahat idim.
“Əməliyyatı belə keçirərlər”!
Qazaxa çatan kimi Əliyev mənə zəng etdi və əməliyyat barədə məruzə etməyimi istədi. Mən cavab verdim ki, əməliyyat hələ davam edir və mən bir qədər sonra məlumat verərəm. O, çox sakit şəkildə itkilər barədə soruşdu, mən də eyni sakitliklə itkilərin olmadığı barədə məlumat verdim. Bu məqamda onun qoca əsəbləri davam gətirmədi, qışqırdı: “O nə koridordu, siz orada OMON-a veribsiniz?”! Görünür, burada baş verənlər haqqında ona ətraflı məlumatlar verirdilər. Mən sakitcə ona bildirdim ki, heç bir koridor-filan yoxdur və mən hərbçi olaraq tərtib etdiyim plan üzrə əməliyyat keçirirəm. Bundan sonra, ta mart ayının 17-nə qədər o mənə zəng etmədi, mənimlə əlaqə saxlamadı. Yalnız martın 17-də axşam o mənə zəng edərək Bakıda keçirilən əməliyyat barədə xəbərimin olub-olmadığını soruşdu. Cavab verdim ki, bəzi məlumatlarım var. O da dedi ki, “bax, əməliyyatı bu cür keçirmək lazımdır”.
(ardı var)