Tahir Kərimov: «Salyanda 350 boş iş yeri var, camaat işləmir. Kim işləmək istəyirsə, müraciət etsin, iş verək»
Quba olayından sonra «risk rayonları»nda profilaktik tədbirlərə start verilib
60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilən Fəzail Ağamalı “Azadlıq”a Quba olaylarının Salyanda baş verməyəcəyindən ağızdolusu söz açmışdı. Bizi inandırmaq üçün rayona səfər də təşkil edə biləcəyini demişdi: “Bir yerdə gedərik, rayonun istənilən ünvanına baş çəkərsiniz. Heç bir müdaxilə olmayacaq. Gedin, görün, həqiqəti yazın”. Razılaşdıq. Səkkiz nəfərdən ibarət jurnalist qrupu olaraq Bakıdakı “Salyan avtovağzalı”nda toplaşıb rayona yola düşdük. Öncədən danışdığımız kimi, avtovağzalda bizimlə deputat Fəzail Ağamalı görüşdü. Rayona gedə bilməyəcəyini, ancaq bizi orada qarşılayacaq adamın olduğunu bildirdi. Bu, həm də ondan gələn ilk proje idi. Özünün dediyi kimi jurnalistlərlə icra strukturlarını bir araya gətirmək istəyir. “Problem yoxdur”, söyləyib Salyana üz tuturuq.
Yolda məlum oldu ki, icra başçısı Tahir Kərimov rayon camaatı ilə açıq görüş keçirəcək. Saat 11-ə təyin olunan görüşə çatmaq üçün sürücü radarları da nəzərə alaraq sürəti bir qədər də artırmalı oldu…
“Allah Heydər Əliyevə rəhmət eləsin, ancaq mən istədiyim kimi”
Saat 11-də rayona çatdıq. Görüş olacaq ünvana gedən yolu polislər bağlamışdı. Çala-çuxur yoldan ötüb görüş olacaq məkana – Xəlil Rza Ulutürk prospektindəki meydana çatdıq. Ətrafda insan izdihamı göz deşirdi.
Bir neçə dəqiqədən sonra IH başçısı Tahir Kərimov müavinləri ilə birgə sözügedən ünvana təşrif buyurdu. Kiçik bir açıqlama ilə görüşün əsas qayəsini camaata açıqladı. Qeyd etdi ki, görüşdə əhalinin təklif və şikayətlərini dinləməyə gəlib. Və beləcə “zəhmətkeş” nitqləri başladı. Siyahı üzrə qeyd edilmiş adlar bir-bir tribunaya yaxınlaşaraq fikirlərini izah edirdilər.
Şikayətlərini dilə gətirmək əvəzinə bir qrup sakin icra başçısına tərif yağdırmağa başladı. Görüş təklif və şikayətlərin dinlənməsi üçün qurulsa da, buna fikir verən yox idi. Tahir Kərimov da şəninə söylənilən yağlı cümlələrdən feyziyab olub kiməsə “dur!” demək fikrində görünmürdü.
Əsl şikayətçilər isə kənarda qalmışdı. Onlar başçıya yaxınlaşıb, problemlərini dilə gətirmək istəsələr də polislər mane olurdular. “Rədd ol!”, “Avara”, “Bura sənin yerin deyil” kimi “xoş” sözlərlə onları kənarlaşdırdı. Uzun “zəhmətkeş” nitqlərinə qulaq asmayıb, rayonun canına düşdük.
Biz rayonun mərkəzinə doğru irəlilədikcə yaşı səksəni ötən bir ağsaqqalın nitqi qulağımızda pərçimləndi: “Allah sizi bizə çox görməsin. Həmişə Salyanda başçı olun. Allah Ilham Əliyevin canını sağ eləsin, sonra sizin canınızı sağ eləsin. Allah Heydər Əliyevə rəhmət eləsin, ancaq mən istədiyim kimi rəhmət eləsin”.
Paytaxtdan gətirilən işçi qüvvəsi
Rayonda sakinlərlə görüşürük. Onlar bu qurulan “mağar”dan ağızdolusu danışırlar. Deyirlər ki, camaatı iki gün öncədən siyahıya salıblar. Adamından asılı olaraq 10-20 manat arasında pul veriblər. Ona görə də qadınlı-uşaqlı bir qrupu bura gətiriblər.
Sonradan məlum olur ki, icra hakimiyyəti ölkə başçısının gəlişinə ciddi hazırlaşır. Sən demə, Ilham Əliyev Heydər Əliyev mərkəzinə və icra hakimiyyəti üçün tikilən yeni binaya baxış keçirəcək. Bundan başqa, Uşaq-gənclər texniki yaradıcılıq mərkəzinin yeni binasının qırmızı lentini kəsəcək. Öyrəndik ki, yaradıcılıq mərkəzi üçün yeni bina inşa edilsə də, buranın işçi heyəti 5 aydır ki, maaş ala bilmir. Nə onlara işdən çıx deyirlər, nə də “nə vaxt əməkhaqqı alacam” sualına cavab verirlər.
Rayonda öyrəndik ki, bu ilin sonuna qədər 5 məktəb (Şorsulu, Boranıkənd, Bəydili, Yolüstü kəndlərində və Plastmas yaşayış massivində) tikilib şagirdlərin istifadəsinə veriləcək. Ancaq tikinti işlərinə usta və fəhlə briqadası paytaxtdan gətirilib. Camaat haqlı olaraq sual edir? Salyanda adam yox idi ki, başqa yerdən işçi qüvvəsi cəlb edilirdi? Niyə, bu qədər işsizi rayonda buraxıb başqa ünvana üz tuturlar? Elə bu sualların cavabını da özləri verirlər: “Çünki tikintini icra edənlər bu tikinti işlərində nə qədər yeyintiyə yol verildiyini rayon camaatının bilməsini istəmirlər. Axı, hər şey salyanlıların – sahibkarların, büdcə təşkilatlarının, müəllimlərin, xadimələrin hesabına tikilir. Bir sözlə, bizim pulumuzdan bizə məktəb tikirlər, ordan da oğurluq edirlər”.
Kiçik bir haşiyə: Deputat olmazdan 9 ay öncə rayonun icra başçısı postunda olmuş Əliağa Hüseynov mətbuata açıqlamasında Salyanda heç bir gərginliyin olmadığını deyib: “Qubadakı da elə-belə şeylər deyildi. Gərginlik-mərginlik barədə deyilənlər boş-boş şeylərdir… Başçı başını salıb aşağı, gül kimi işləyir. Gedin, görün Salyanda nə qəşəng işlər görüb”.
Misir Mərdanovun “izləri”…
Salyanda öyrəndik ki, 10 məktəb direktoru bu ilin mayına qədər öz xoşu ilə ərizə yazıb işdən çıxmalıdırlar. Ərizənin adı isə belədir – “işdə yol verdiyim nöqsanlara görə…”. Əgər may ayına bir neçə ay qaldığını düşünsək, ərizəni bu cür yazmaq da olar – “işdə verəcəyim nöqsanlara görə…”. Düzdür, sizlərə gülməli gələ bilər, ancaq bu, həqiqətdir. Salyan həqiqəti…
Həmin 10 direktorun yerinə gələnlər məktəbin şagird sayına görə 10-30 min manat arasında pul ödəməlidirlər. Güman edirik, bu qiymətlərin müəyyən edilməsindən Təhsil Nazirliyinin xəbəri var…
Rayonda sahibkarlıqla məşğul olan şəxslərə çoxlu problemlər yaradılır. Sahibkarlar deyirlər ki, onlar öz dükanlarını başçının adına çıxılan sexdə hazırlanan bahalı daş üzlüklərlə örtməlidirlər. Əks halda dükanın pəncərə və qapısı bağlanacaq.
Hazırda 113 sahibkarın tikintiyə icazə almaq üçün icazə sənədləri kabinetlərdə ilişib qalıb. Hər bir sahibkar bu sənədə yiyələnmək üçün nə az, nə də çox, düz 10 min manat ödəməlidir. Amma təəssüf ki, bu sözləri öz adından təsdiq etməyə cəsarəti çatan bir nəfər də tapılmadı.
Tükənməyən “zəhmətkeş” nitqləri
Sakinlərlə söhbətimizi yekunlaşdırıb, görüş yerinə qayıdırıq. “Zəhmətkeş” nitqləri tükənmək bilmir. Hamı bir ağızdan tərif yağdırmaqla məşğul olur. Arabir sakinlərdən biri problemini dilə gətirir. Biri şiferi olmadığını, başqası xəstə uşaq böyütdüyünü Tahir Kərimovun diqqətinə çatdırır. O da öz növbəsində siyahı tərtib edənə problemi həll etmək üçün göstəriş verir: “Qoca qadının evinə şifer, xəstə körpəsi olana dəva-dərman…”.
Çıxışlar zamanı icra başçısı səhvlərə də yol verməyi “unutmadı”. Bu isə onu dinləməyə “gələnlər” arasında pıçıldaşmaya səbəb oldu. Yığıncağa toplaşanlar Tahir Kərimovun “mən salyanlıların atasıyam” deməsini yaxşı qarşılamadılar. “Mən salyanlıların oğluyam” deyərək vəziyyətdən çıxış yolu tapan icra başçısı sonda sual üçün sözü jurnalistlərə verdi. Biz isə rayon sakinlərindən aldığımız məlumatların nə qədər həqiqət yükü olduğunu aydınlaşdırmaq üçün ona ünvanladıq. Öncə rayona tikilən məktəblərə niyə paytaxtdan işçi qüvvəsi gətirildiyini soruşduq. Tahir Kərimov sualın yaxşı olduğunu deyib belə cavab verdi: “Salyanda hazırda 350 boş iş yeri var. Sadəcə, camaat işləmir. Gəlirlər, bir-iki gün işləyirlər, gedirlər. Kim işləmək istəyirsə, müraciət etsin, iş verək”. Başçının bu sözünü Məşğulluq Idarəsinin rəisi də, eləcə də tədbirə gələnlər də təsdiqlədi.
Başqa bir “sahibkarlardan obyektlərinə daş üzlük vurmaq üçün pul yığılır” sualımıza başçı “kimin imkanı var, özü alır, imkanı olmayan isə bizim hesabımıza təmir edilir. Ilk gündə belə problem var idi, ancaq sonradan aradan qalxdı” cavabını verdi. Təsdiq üçün sahibkar bir xanım da tribunaya dəvət edildi.
Digər jurnalistlər də öz suallarına cavab “tapandan” sonra tədbir yekunlaşdı.
Görüşdən sonra icra hakimiyyətinin nümayəndələri bizə yaxınlaşıb, şəhərdə gedən abadlıq-quruculuq işləri tanış olmaq üçün şərait yarada biləcəklərini dedilər. Biz isə artıq rayonla yaxından tanış olduğumuzu diqqətlərinə çatdırıb, Bakıya üz tuturuq…
“Zəhmətkeşlər”
Icra başçısı ilə işimiz yoxdur. O, zamanının dövlət məmurudur və yuxarıdan qoyulan qaydalarla işləyir. Ölkədəki bütün neqativlər də rayonlardan yox, paytaxtdan qaynaqlanır.
Amma icra başçısına problemini danışmaq üçün toplaşan insanların sırasında ona mədhiyyələr yağdırmaq üçün önə keçən “ağsaqqal”lar anlaşılmazdır. Əgər bu adamların dərdi-səri yoxdursa, həyatı zillətə dönən həmyerlilərinin, qonşularının, qohumlarının söz haqqını niyə yeyirlər? Bu adamların dərdi icra başçısına yarınmaqdırsa, niyə gedib onun kabinetində öz bəlağətli təriflərini orada yağdırmırlar? Bu yaramazlığın kökü nədir? Əsas problemlərdən biri də budur. Dərdin yoxdursa, get otur xarabanda və dərdi olanların sırasına qoşulub adamlara mane olma. Həyatının mənasını mədhiyyələr tərtib etməkdə görən bu adamları yerində oturtmaq üçünsə, ictimai qınaq mexanizmi olmalıdır. Təkcə Salyanda yox, hər yerdə…
Ramin DEKO,
Bakı-Salyan-Bakı