Diktatorun xahişini rəsmi Londona müşavirlərindən biri çatdırıb
Rusiya və Ərəb Liqası Suriya məsələsində razılığa gəldi
Suriya diktatoru Bəşər Əsəd üçün İngiltərədən sığınacaq tələb oldunduğu barədə xəbərlər yayılıb. Türkiyənin “Cihan” xəbər agentliyinə məlumat verən suriyalı bir diplomat İngiltərənin rəsmi qurumlarına Bəşər Əsədin yaxın müşavirləri tərəfindən müraciət olunduğunu söyləyib. Adının açıqlanmasını istəməyən mənbə, bu məlumatı isə bir ingilis diplomatdan aldığını bildirib.
Suriyalı diplomat Bəşər Əsədin əmrindəki ordunun çoxlu sayda zabiti ailələrinin təhlükəsizliklərinə zəmanət veriləcəyi təqdirdə müxaliflərə qatılmağa hazır olduqlarını deyib. Həyat yoldaşı İngiltərə vətəndaşı olan Bəşər Əsəd üçün sığınacaq müraciətinin 4 ay əvvəl əvvəl edildiyi iddia olunur.
Bu iddialarla yanaşı Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsədlə BMT və Ərəb Ölkələri Liqasının xüsusi nümayəndəsi Kofi Annanla görüşüb. Dövlət televiziyasının xəbərinə görə, Bəşər Əsəd ölkədə terrorçu qrupların qaldığı müddətdə müxalifətlə iqtidar arasında atəşkəsin mümkünsüz olacağını Kofi Annanın diqqətinə çatdırıb. Kofi Annan isə yaranmış böhrandan çıxmaq üçün atəşkəsin vacib olduğunu deyib. Əsəd və Annan görüşünün detalları haqda geniş məlumat verilməyib. Kofi Annanın suriya müxalifətinin, qeyri hökumət təşkilatlarının və yerli medianın təmsilçiləri ilə də görüşü nəzərdə tutulub.
Bunlarla yanaşı Misirin paytaxtı Qahirədə Ərəb Ölkələri Liqasına üzv dövlətlərin xarici işlər nazirlərinin Suriyayla bağlı fövqəladə toplantısı keçirilib. Toplantının əsas məqsədi Bəşər Əsəd rejiminə qarşı sərt addımlara veto qoyan Rusiyanın mövqeyində dəyişikliyə nail olmaq idi. İclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrov da qatılıb. Aparılan müzakirələrdən sonra Rusiya və Ərəb Ölkələri Liqası Suriyayla bağlı bəzi razılıqlar əldə edib. Beş maddəlik razılıqda tərəflərin Kofi Annanın missiyasının dəstəklənməsi, hökumət və müxalifət arasında gedən silahlı qarşıdurmaların dayandırılması, müstəqil monitoriqn qrupunun yaradılması, xarici müdaxilənin olmaması və bütün suriylılara göndərilən humanitar yardımların maneəsiz çatıdırlması nəzərdə tutulur.
İnformasiya şöbəsi