Rusiya prezidenti ona sığanan rejimləri və qüvvələri deyil, özünü və hakimiyyətini düşünür
Xəbər verdiyimiz kimi Rusiya Vladimir Putinin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda sensasiya kimi qiymətləndirilən bəyanatla çıxış edib. Rusiya prezidenti bildirib ki, Moskva ABŞ-ın ən qüdrətli dövlət olması faktını qəbul edir. “ABŞ-la əməkdaşlığa hazırıq”, – deyə Vladimir Putin əlavə edib.
Putinin bu bəyanatı ABŞ-Rusiya münasibətlərində son illərdə olan ciddi gərginlik fonunda təəccüblü görünür. Krımın işğalından sonra Rusiyanın Qərb dövlətlərilə, ilk növbədə ABŞ-la münasibətləri hədsiz gərginləşib. Rusiyaya qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiya formalaşıb və bu koalisiya Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edir. Ötən müddət ərzində neftin qiymətinin kəskin ucuzlaşması ilə yanaşı Qərbin sanksiyaları Rusiyanın iqtisadi vəziyyətini hədsiz pisləşdirib. 2013-cü ildə büdcəsi 393 milyard olan Rusiya 2016-cü ildə 195 milyardlıq büdcə ilə kifayətlənməli olub. Iş o həddə çatıb ki, Putinin iqtisadi islahatlar aparılmasında ciddi ümidlər bəslədiyi keçmiş maliyyə naziri Kudrin bu yaxınlarda verdiyi açıqlamaların birində Rusiya hakimiyyətini geosiyasi ambisiyalarından geri çəkilməyə çağırdı. Sosial-iqtisadi problemlərin ölkənin imkanları hesabına həll edilməyəcəyi həqiqətini artıq Putin də başa düşüb. Yaxın 3 il ərzində Rusiya xaricə köhnə borclar üzrə 265 milyard dollar vəsait qaytarmalıdır. Qərb Rusiyaya qarşı tətbiq olunan sanksiyaları davam etdirməkdə qərarlıdır. Görünür, yaranmış vəziyyət Putini ABŞ-ın qüdrətini etiraf etməyə və onunla əməkdaşlıq yollarını axtarmağa vadar edir.
Bu isə o deməkdir ki, Putin bu vaxta qədər güzəştsiz mövqe tutduğu bir çox məsələlərdə ən azı müəyyən məsələlərdə ciddi güzəştlərə getməyə hazır olduğunun siqnalını verir. Putin ölkəsini gözləyən iqtisadi fəlakətdən sığortalanmaq üçün ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyir. Artıq elə bir mərhələ çatıb ki, ona sığınan rejimləri və qüvvələri deyil, daha çox özünü və hakimiyyətini düşünür.