Bakıda keçirilən və sonuncu günü olan Formula 1 yarışları üçün halqanın hazırlanması səbəbilə şəhərdə bir neçə prospekt və küçədə maşınların hərəkəti məhdudlaşdırılıb, sərnişin avtobuslarının marşrutu dəyişdirilib.
Halqanın keçdiyi küçələrlə hərəkət etmək istəyən sakinlər bəzən uzun yol qət etməli və ya hündür yerüstü keçidlərdən istifadə etməlidirlər.
Bundan narazı olanlar da var, olmayanlar da. Xüsusən sürücülərin narahalığı ilə nəticələnmiş bu hal hələ azı 4 il ərzində təkrarlanacaq.
“Yarışa ehtiyac yox idi”
Söhbətləşdiyimiz bəzi sürücülər yarış halqasının şəhərdən kənarda quraşdırılması təklifini irəli sürür, bəziləri isə bu yarışın Azərbaycanda keçirilməsinə heç bir ehtiyac görmədiyini deyir.
Gənclər və İdman nazirinin açıqlamasına görə, F1 yarışlarının Bakıda keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalansa da, bu proses 5 il ərzində məcburidir, daha sonra isə könüllü.
Bu xəbər də sakinlər tərəfindən birmənalı qarşılanmır. F1 yarışı haqda danışan sürücülərdən “hələ 5 il keçiriləcək” deyərək təəssüflə başını tərpədənlər də az deyil.
Müşahidəmizə əsasən, sakinlər arasında 2 ildir Azərbaycanda keçirilən beynəlxalq idman tədbirlərinə maraq azalıb. BBC Azərbaycanca mikrofonuna danışan və danışmaq istəməyən bir çox sakin bu haldan məmnun olmadığını bildirir. Təbii ki, belə idman yarışlarını öz ölkəsində izləmək istəyənlər də mövcuddur.
Biletsiz yerli sakinlər
Hazırda şəhərin bu hissəsində müxtəlif ölkələrdən gəlmiş turistlərlə rastlaşmaq mümkündür. Yerli sakinlərin əksəriyyəti isə əsasən yarışları ya halqa ətrafındakı binaların eyvanlarından izləyir, ya da yol kənarındakı pilləkanlara, yüksəkliklərə çıxaraq baxmağa çalışır.
Sahil metrosundakı keçidin yanındakı üstü banerlə qapadılmamış dəmir barmaqlıqdan F1 yarışını bir neçə dəqiqə izləyən yaşlı kişi isə “möcüzə bax budur, qızım” deyərək gülümsəyir.
F1 barədə nə düşündüklərini soruşduğumuz sakinlərin bir çoxu yarışın Azərbaycandan keçirilməsini xoş qarşıladığını bildirir. Bununla yanaşı, şəhərin mərkəzi küçələrində video müsahibə verməkdən imtina edən bir neçə sakin “bu yarış nəyimizə lazımdır” deyə sual edir. Müsahibədən isə “danışsam, məni tutarlar” deyərək imtina edirlər.
Bakının bir neçə siması
Mərkəzi səliqəli və təmiz olan Bakıda bağlı küçələr, sıxlıq, turistlər, bolluca mühafizə və yüksək səsli yarış maşınlarından uzaqlaşdıqca yaranan mənzərəni o qədər də ürəkaçan adlandırmaq olmur.
Burada daha çox bazar qiymətlərindən, işsizlikdən və ya əmək haqlarının azlığından, evlərinin sökülməsindən əziyyət çəkən vətəndaşlarla rastlaşmaq ehtimalı böyükdür.
Dövlət rəsmiləri dəfələrlə ölkədə yoxsulluğun aradan qaldırılması üçün bir çox işlərin görüldüyünü desə də, Azərbaycanda hələ də “fəhlə bazarı” fəaliyyət göstərir.
Bakının müxtəlif küçə və prospektlərində onlara iş verəcək insanları gözləyən yüzlərlə işsiz fəhlə dayanır. Bu “bazarların” böyük əksəriyyəti kişilərdən ibarətdir. Fəhlə bazarları müstəqillik əldə edildikdən sonra yaranıb. Elə burada illərdir “bir qismət çörəyini” axtardığını deyən bir çox vətəndaş aylarla işsiz qalmağın mümkünlüyündən danışır.
“Mən 5 aydır işləmirəm” orta yaşlı bir kişi izdihamın içindən deyir.
Müxbirimizin “Avropa oyunları və F1 yarışlarının Bakıda keçirilməsi üçün illərdir bir çox tikinti işləri həyata keçirilir, siz orda iş tapmamısınızmı” sualına isə, digər fəhlə “onların öz işçiləri var” deyərək gülümsəyir.
Yaşayış şəraitindən, səhiyyə xərclərinin bahalığından, qazancın azlığından şikayətlənən fəhlələrdən biri isə belə deyir:
“Mən şəhərin mərkəzinə gedəndə insanların (insan kimi) əsas orda yaşadığını görürəm….”
Amma şəhərin mərkəzində də vəziyyətindən şikayətlənənlər var. Şahidi olduğumuz bir dialoq ərzində F1 halqası ətrafını təmizləyən qadınlardan biri digərinə “maaşı bu aydan o aya keçirirlər, cəmi 150 manat verirlər, onu da güclə” deyir.
Danışdığımız digər təmizlikçi qadın isə maaşın hər ay verildiyini bildirsə də, ötən ildən ümumi əmək haqqından 100 manatın kəsildiyini və bir ildir hələ də qaldırılmadığını qeyd edir.
Narahatlığın səbəbi
Ümumilikdə insanların beynəlxalq idman yarışlarının Azəırbaycanda keçirilməsindən narazılığı ötən il baş tutmuş öz iri büdcəsi ilə tanınan birinci Avropa oyunlarından sonra başladı.
BBC Azərbaycancanın araşdırmasına əsasən, 3 il ərzində Azərbaycanın dövlət büdcəsindən bu oyunlara 5 milyard manata yaxın pul ayrılıb.
Rəsmi rəqəmlərə görə, oyunların “əməliyyat xərcləri” üçün 2015-ci ilin dövlət büdcəsindən 1 milyard manat ayrılıb.
Lakin əsas narahatlıq yaradan Azərbaycan milli valyutasının ötən il 2 dəfə dəyərsizləşməsi olub. Bu hal vətəndaşların narazılığını artırıb, hətta bir neçə regionda işsizlik və bahalaşmaya qarşı etirazlara səbəb olub.
Buna baxmayaraq, Formula 1 yarışlarının keçirilməsi təxirə salınmayıb və artıq 3-cü gündür ki, şəhərin mərkəzi hissəsi bu yarış səbəbindən avtomobillər üçün bağlıdır.