Milli Şura bu mövzuda tədbir keçirmək üçün müraciət etsə də, Beynəlxalq Mətbuat Mərkəzi yer verməkdən imtina edib
Milli Şuranın son sessiyasında seçilmiş yeni Koordinasiya Mərkəzinin dünən ilk toplantısı keçirilib. Toplantıda yaxın dövr üçün Koordinasiya Mərkəzinin və bütövlükdə Milli Şuranın fəaliyyət istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb, qurumun fəaliyyətinin prioritet istiqamətləri müəyyən edilib.
Təşkilatdan verilən məlumata görə, toplantıda Almaniya Bundestaqının uydurma erməni soyqırmı haqqında bu yaxınlarda qəbul etdiyi qətnamə pislənilib, onun tarixi həqiqətlərdən deyil, siyasi mülahizələrdən irəli gəldiyi qeyd edilib.
Toplantıda ölkədə ictimai-siyasi vəziyyət geniş müzakirə olunub. Koordinasiya Mərkəzinin üzvləri ölkədə sosial-iqtisadi böhranın dərinləşməsi, işsizlik probleminin geniş xarakter alması, maliyyə böhranının əhalinin həyat səviyyəsinə ağır təsirindən ciddi narahatlıq keçirdiklərini bildiriblər.
Müzakirələrin gedişində manatın son devalvasiyaları zamanı hakim ailəyə məxsus və onlara yaxın olan maliyyə qurumlarının varlanması barədə Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətləri Araşdırma Mərkəzinin (OCCRP) jurnalistlərinin üzə çıxardığı faktların araşdırılmasının zəruriliyi qeyd edilib.
Koordinasiya Mərkəzinin üzvləri çıxışlarında böhranın nəticələrinin aradan qaldırılması istiqamətində hökumət tərəfindən effektli addımların atılmamasını, əhalinin sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməməsini kəskin şəkildə tənqid ediblər. Qeyd olunub ki, ölkədə Ümumi Daxili Məhsulun, investisiya qoyuluşlarının, əhalinin real pul gəlirlərinin və istehlak imkanlarının kəskin azalması, sosial təminatların real həyatla ayaqlaşmaması, bank sektorunun çöküşü, kredit bazarındakı soyğunçuluq və sair hallar ölkədə sosial gərginliyi daha da dərinləşdirib.
Toplantıda Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslərin hazırkı durumu və inkişaf meylləri də təhlil edilib. Bundan başqa, siyasi məhbus problemi ətrafında da müzakirələr aparılıb, beynəlxalq insan haqları təşkilatlarının bu istiqamətdə öz fəaliyyətlərini gücləndirməsi müsbət hal kimi dəyərləndirilib.
Onu da qeyd edək ki, Milli Şura Qarabağ probleminin müzakirəsilə bağlı tədbir keçirmək məqsədilə Beynəlxalq Mətbuat Mərkəzinə müraciət etsə də, təşkilata tədbir üçün yer verməkdən imtina ediblər. Koordinasiya Mərkəzinin üzvləri hakimiyyətin bu addımını yekdilliklə pisləyib.