Elçin Sadıqov: “Məni axtarışa məruz qoydular. Məqsəd vəkil sirrinə müdaxilə etmək, müdafiə etdiyim şəxslərlə yazılı ünsiyyət saxlamağımın qarşısını almaq idi”
“Bakı İstintaq Təcridxanasında saxlanılan gənc fəallar Qiyas İbrahimovla Bayram Məmmədovun əhval-ruhiyyəsi yaxşıdır. Gənclər deyir ki, artıq işgəncələrin ağrıları azalıb, özlərini yaxşı hiss edirlər ”.
Bunu Azadlıq Radiosuna gəclərin vəkili Elçin Sadıqov deyib.
Gənc fəalların hüquqlarını müdafiə edənlərə, onların durumundan narahat olanlara təşəkkür etdiyini bildirən vəkil təcridxanada qanunsuz müdaxiləyə məruz qaldığını da bildirib.
“Təcridxananın əməkdaşlarının qanunsuz axtarışına məruz qaldım. Bu axtarış heç də üzərimdə hər hansı qadağan olunmuş əşyanın olub-olmamasını yoxlamaq üçün deyildi. Axtarışın məqsədi vəkil sirrinə müdaxilə etmək, müdafiə etdiyim şəxslərlə yazılı ünsiyyət saxlamağımın qarşısını almaq idi. Mənə qarşı belə axtarışları bir qayda olaraq gənclərlə görüşdə etdiyim qeydlərdəki bilgiləri ələ keçirmək məqsədilə həyata keçirirlər ” – deyən vəkil bütün bunların qanunsuz olduğunu, pozuntuların aradan qaldırılmasından ötrü bütün hüquqi vasitələrdən istifadə edəcəyini vurğulayıb.
“Bundan başqa hər iki gənc Avropa Məhkəməsində hüquqlarını müdafiə etməkdən ötrü mənə və vəkil Zibeydə Sadıqovaya etibarnamə verdilər.
Hər kəsə salam dedilər”-deyə vəkil qeyd edib.
Bayram Məmmədov və Qiyas İbrahimovun keçmiş prezident Heydər Əliyevin heykəli üstünə etirazçı şüarlar yazılmasına görə, həbs edildiyi güman edilir. Hüquq-mühafizə orqanları isə gənclərin hər birinin evindən 1 kiloqramdan artıq heroin aşkarlandığını bildirir.
Gənclər barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onlar polis idarəsində işgəncəyə məruz qaldıqlarını bildirsələr də, rəsmilər bu deyilənləri təkzib edib.