Samir Əliyev: «Tələbə krediti üçün vəsaitin haradan ayrılacağı, hansı bankın cüzi faizlərə razılaşacağı sual doğurur»
Təhsil haqlarının ödənişi sahəsində tələbələrin üzləşdiyi problem hələ də aktuallığını qoruyur. Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondu fəaliyyətə başlayıb.
Amma kreditlərin verilmə və ödəniş şərtləri ilə bağlı xeyli suallar hələ də qalmaqdadır. Tələbələrə qarşı irəli sürülən tələblərə görə, onlar Azərbaycan vətəndaşı olmalı, təsisçi olan ali məktəblərdən birində təhsil almalı, təhsilinin davam etdirilməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisələr baş verməməlidir.
Kreditlər verilərkən valideynlərin illik gəlir xərclərinin 10 min manatdan artıq olmaması, tələbələrin yaşının 25-dən yuxarı olmaması, eləcə də bu il üçün yalnız bakalavr pilləsində təhsil alması əsas götürüləcək. Tələbənin ümumi orta müvəffəqiyyət balı 71 baldan yuxarı olmalıdır. Əgər tələbənin növbəti illərdə göstəriciləri aşağı olacaqsa, o zaman onlara kredit verilməyəcək.
Kreditin maksimum faiz dərəcəsi 8% olacaq. Tələbə universiteti bitirəndən sonra onlara 1 il də güzəşt veriləcək. Növbəti ildən isə 10 il müddətində krediti qaytarmalı olacaqlar.ÿ
Oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtı 1 il də artırılacaq. Fondun maliyyə əməliyyatlarını həyata keçirən agent bank “Kapital Bank” seçilib. Gələcəkdə digər banklarla da əməliyyatı aparmaq mümkün olacaq. Bir tələbə 1 il üçün maksimum 4 000 manat məbləğində şərti qaydada ÿkredit ala bilər. Tələbə o pulu götürmür, fonddan birbaşa ali məktəbə ödənilir. Tələbələr üçün standart və güzəştli paketlər olacaq. Belə ki, standrat paketlərdə 8%-lik kredit dərəcəsi nəzərdə tutulur. Güzəştli paketlərdə isə 6%-lik kredit dərəcəsi müəyyənləşdirilib. Güzəştli paketlərdən ailə başçısını itirmiş, sağlamlıq imkanı məhdud olanlar tələbələr yararlana biləcəklər.
Amma burada bir sıra suallar yaranır. Ilk sual ondan ibarətdir ki, bu kredit üçün maliyyə haradan götürüləcək? Hansı bank sahib olduğu kapitalı illik 6-8 faiz aralığında verməyə hazırdır. Özü də nəzərə almaq lazımdır ki, manatın iki devalvasiyasından sonra banklar verdikləri kreditlərin faizlərini daha yüksək müəyyənləşdirməyə çalışırlar.
Ikinci məqam isə ondan ibarətdir ki, tələbələrə qarşı irəli sürülən tələblər nə dərəcədə ədalətlidir?
Iqtisadçı Samir Əliyev bildirdi ki, əslində, ödənişli təhsil üçün tələbə kreditinin ayrılması müsbət addımdır. Amma kredit şərtlərinin bir o qədər asan olmadığını deyən S.Əliyev vurğuladı ki, eyni zamanda bir sıra sual yaradan məqamlar da qalmaqdadır: “Təhsil kreditləri bütün dünyada yüngül şərtlərlə verilir. Təhsil kreditləri iki cür olur. Bir var sırf təhsil haqqını ödəmək üçün ayrılan kredit, bir də var təhsil aldığın müddətdə yaşayış və digər zəruri xərclər üçün ayrılan kredit. Bu borc işlə təmin olunduqdan sonra işdən alınan məvaciblə ödənilir. Ümid edirik ki, gələcəkdə Azərbaycanda da bu şərtlər yüngülləşəcək. Amma Azərbaycanda bir sıra məqamı vurğulamağa dəyər. Məlum olur ki, heç də bütün universitetlər bu kreditdən yararlana bilməyəcək. Yalnız təsisçi olan universitetlərdə oxuyanlar tələbə kreditindən yararlana biləcək”.
S.Əliyevin fikrincə, kreditin qaytarılması ilə bağlı da bir sıra suallar yaranır. Çünki çoxlu tələbə var ki, onlar ali təhsil alsalar da, ancaq sonra işsiz qalırlar. Belə olan halda tələbələrin krediti necə qaytaracağı sual doğurur: “Kreditin manatla verilməsi yaxşı haldır. Amma devalvasiya müqavilə şərtlərində nəzərə alınacaqmı? Devalvasiyaya uyğun olaraq faizlər artırılacaqmı? Eyni zamanda pulun mənbəyi də sual doğurur. Tələbə krediti üçün vəsaitin haradan ayrılacağı, hansı bankın cüzi faizlərə razılaşacağı sual doğurur. Məhz sadalanan məqamlar bu mexanizmin nə dərəcədə dayanıqlı olmasını müəyyənləşdirəcək”.
Xəyal